Xəbər lenti

 Şrift:

                                  Ziya ALAR
 
                                         Qamış siqaret
 
  Zəfər iş ardınca Avropaya pənah aparan azərbaycanlılardanıydı.Səadətini Almaniyada tapmışdı:Adabel adlı iş adamının sürücüsü işləyirdi.Müdiri onun işindən həmişə razı qalsın deyə almanlar kimi günün eyni saatlarında yeməyə getməzdi.Əslində digər saatlarda da getməzdi.Pullarının xərclənməyini istəmirdi. Mədəsinə xüsusi təlim keçmişdi:o,ancaq səhər və axşam yemək davası döyərdi,günortalar curhacurlarla sahibini kədərləndirməzdi.Müdirinə isə sürücüsünün ac qalmaq məharəti göydəndüşmə mükafatıydı:istədiyi vaxt istədiyi işin arxasıyca sürdürərdi maşını.Bir sözlə,bütün günü ixtiyarındaydı sürücüsü.Həm də Zəfər ona ucuz işçi qüvvəsi kimi sərfəliydi. Alman da pullarını artıq yerlərə dağıtmaz,cibində və kartında bir gün ərzində minimum xərcliyindən artıq pul saxlamazdı.O,bunu öləndə özü ilə aparmaq üçün eləmirdi.Hədəfi varıydı:daha böyük iş adamı olmaq-milyarder olub milyarderlərə qoşulmaq.Sonra baxacaqdı xərcləmək işinə.And içmişdi, İsa peyğəmbərin çarmıxa çəkilmiş əksi qarşısında ki, məqsədinə çatdığı gün xeyriyyə fondu yaradacaq – Terrorizimlə Mübarizəyə Dəstək Fondu – terrorçuların məhvindən ötrü çoxlu bombalar alıb Suriyaya göndərəcəkdi.Sonra isə Azərbaycana gələcəkdi.Zəfər Azərbaycanı Adabelə necə tərifləmişdisə,onun gözündə Berlin səhrada salınmış,başdaşlarının səpələndiyi qəbirəstanlığa,Azərbaycan isə İncilin vədələdiyi ölümdən sonrakı güllü-gülüstana çevrilmişdi. Azərbaycanı şəhər dövlət kimi canlandırırdı təsəvvüründə.Zəfər onun beynində öz ölkəsinin yüksək imicini yaratmaq üçün az əziyyət çəkməmişdi.Bəhrələnmək zamanı yetişmişdi.Adabel bütün - daşınar-daşınmaz,satılar-satılmaz nə əmlakı varıydısa hamısını satışa çıxarmışdı.Tez satıb Bakıya köçmək,böyük işlər qurmaq,bir an öncə milyarda sahiblənmək istəyirdi neft ölkəsində.Zəfər ona neftin bizdə həyətlərdə çıxdığını demişdi.Havaya uçurduğumuz maye qaz haqqında heç düşünmürdü də Adabel. “Sonranın işidir”-deyirdi.Almaniyalı iş adamı sürücüsünün tərənnümünə əsaslanaraq xəyalında canlandırdığı romantik azəri qızlarına görə iki illik sevgilisi ilə nişanını  pozdu.Azəri gözəliylə  evlənməyi qərarlaşdırmışdı.Tam hazırıydı.Köç hazırlığı görürdü.
 
  Adabel və Zəfər bir həftə sonra Bakının hava limanında endilər. Düşən kimi  “London” taksisinə oturdular.
- Sür,-dedi Zəfər taksi sürücüsünə,- “Tarqovu” ya sür.
Adabelin fikri uzaqlardaydı.Zəfər ondan nə düşündüyünü soruşdu:
- Heç... - Ürəyindən keçənləri gizlətməyə çalışdı Adabel. - Bu maşın lap badımcana oxşayır,-dedi.
  Zəfərin yanaqları dartıldı,dişləri bayıra çıxdı.
 Qırx dəqiqə sonra onlar şəhərin mərkəzinə çatdılar.Taksidən düşdülər.Adebel taksidən enəndə ayağı kanalzasiya lukunun üstünə düşdü.Qulaqlarını tutdu:
- Zəfər, Bakıya çatmağımıza çox var? ‘’
- Bakıdayıq da elə...
  Zəfər onun verə biləcəyi bütün sualları cavablandırmağa əvvəlcədən hazırlaşmışdı.Yalanları özü uydurduğu üçün necə suallar eşidəcəyini yaxşı bilirdi.Bilirdi ki,alman qonaq  gəlməyinə peşman olacaq.Geri dönmək istəyəcək.Tədbirini görmüşdü.Bakıdakı dostları vasitəsilə öncədən gözəl qız hazırlatmışdı.
  Təsadüfi tanışlıq:qəfil gözəl bir qız Adabelin ayağını tapdaladı.Tanış oldular.Alman dilini bilən qarayanız azəri qız Adabeli evinə dəvət elədi.
- Sənə deməmişdimmi mənim ölkəm cənnət,qızları mələkdi?  - Zəfər qonağın çiyninə vurub almanca dedi.Sonra qıza azərbaycanca tapşırdı:
- Nəbadə başqalarıyla münasibət qurmağına imkan verəsən ha!Yanından ayırma.
 
 
  Adabel Azərbaycana yarım milyon avro ilə qədəm basmışdı.O, pullarının Bakıda havaya sovrulduğunu anlayanda dörddə bir milyonu qalmışdı.Zəfər neft yatağı axtarışı adıyla və gözəl qızın vasitəsilə pullarını mənimsəmişdi.Alman bir gün Zəfərə ürəyindən keçənləri səmimi dillə açdı:
- Neft erası bitir, Zəfər! Zibilə qalmış devalvasiya da məni gözləyirmiş, gəlsənə, başqa iş haqqında düşünək?
- Sənin arzuladığın məbləği başqa nə ilə qazanmaq olar axı? Sənə deməmişdimmi ki, istədiyin pulları burda, ancaq neftlə qazanmaq olar? - Zəfər uğursuzluqda onu günahlandırmağa çalışırdı.-İndi isə özün bilərsən, necə istəyirsən... Günah məndən getdi.
-Məni günahkar çıxarırsan, Zəfər, hər şeyin səbəbkarı sənsən. Mən hara, neft hara, başımı doldurub gətirdin, cəncələ saldın məni.-Adabelin gözündən iki damcı yaş düşdü:biri yanağına,biri dodağına. Dodağına düşən damcını anındaca tüpürdü:neft dadırmış kimi.
-Gəl,maye qazla bağlı düşünək,-Zəfər dedi.
-Yox,qardaş,nə iş deyirsən görək,ancaq Bakı xaric.-Adabel geri çəkildi.
  Uzun-uzadı mübahisələrdən sonra Zəfər qərara gəldi.
- Gedək kəndimizə, - dedi Adabel, - fermer təsərrüfatına  yatıraq sərmayəni.
- Kəndiniz hardadı? - Qonaq azərbaycanca – iki yüz əlli min avroya öyrəndiyi dildə soruşdu. – Ora da Bakı kimidirsə heç getməyim.Qayıdım vətənimə, - o,köks ötürdü.-Canım vətənim!
- Yox,,nə danışırsan? Mənim kəndim dünyanın ən səfalı kəndidir. Təbiətin qoynunda - Talış dağlarının ətəyində yerləşir.Yüngül sənaye üçün lazım olan hər şeyi:münbit torpaqları,çayları,arxları var.Kəndimin  təkcə soyuq,şəffaf artezan sularını sənin o yarım milyon avrona dəyişmərəm.
 
  Onlar kəndə çatanda qarşılaşdıqları ilk insan Yusif oldu.Kəndin mərkəzində - su arxının üstündə yerləşən köşkün yanında rastlaşdılar.Yusif kəndin ən hörmətli cayıllarından sayılır.Yaxşı fantaziyası var,kəndin cavanlarına bədahətən yumor-hekayələr danışar.Yusif əcnəbinin kəndlərinə nə məqsədlə gəldiyini öyrənəndiyi an ona birbaşa –Zəfərin yanındaca dedi:
-Pullarını da götür qaç,təcili qaç,ardına baxmadan-ölkənə çatınca qaç!Sonra gec olacaq,qayıtmağa yol pulu belə tapa bilməyəcəksən.Yazıqsan get...-Qonağa baxan gözlərindən mərhəmət oxunurdu Yusifin.
Zəfər özündən çıxdı.Qışqırdı:
-Sən vətən xainisən,Yuska!-Sonra o,almana sarı döndü. - Düz demirəm,Adabel?
 Qonaq əlacsız qaldığından başını yelləyərək Zəfərin fikrini təsdiqlədi.
 Yusif bir almana baxdı,bir də  göyə.Əllərini göyə açıb dodaqları arasında nəsə pıçıldadı.Qollarını yanına sallamamış,yerindəcə iki əliylə başına vurdu.Geriyə baxa-baxa onlardan uzaqlaşdı.
 
 
  Kənddə üzüm plantasiyası salmağı planlaşdırdılar.Bu iş üçün əvvəlcə çoxlu yararlı torpaq gərəkirdi.Zəfər kəndin bələdiyyə rəisinin yanına gəldi.Yüz hektar  yararsız,şoran torpaq aldı.
- Alman maraqlansa torpağı mənə yüz əlli minə satmısız ha! - Zəfər  bələdiyyə rəisinə tapşırdı.
- Almaniyada qiymət daha bahadır,minnəti olsun, - bələdiyyə rəisi şaqqanaq çəkdi.
  Zəfər qalan yüz min avronu Adabeldən üzüm tənəkləri və tənəkləri saxlayan beton dirəklər almaq adı ilə qopardı.O plantasiyanı başa gətirmək üçün pulların cəmi  əlli min avrosundan istifadə eləmişdi.
 
  Bir neçə həftə sonra Zəfərin sorağı Berlindən gəldi.Orada özünə biznes qururdu.Adabelin məktublarına məhəl qoymurdu,sifarişinə isə belə cavab verdi: “Üzərimə düşəni layiqincə yerinə yetirmişəm,qalanı qalıb onun zirəkliyinə”.
  Adabelin plantasiyanı becərtdirməyə və xərcləməyə bir qəpiyi də qalmamışdı.Dükanlara borclanmış,nisyədən əli üzülmüşdü.Çəkməyə siqaret tapa bilmirdi.Şor kanalına dadanmışdı:şordakı qurumuş qamışlardan siqaret düzəldərdi.Bir gün şorun kənarında qamışdan hazırladığı siqareti gizlicə çəkirdi.Yusif peyda oldu.Adabel Yusifi görən kimi kəndə ayaq basdığı ilk günü xatırladı.Cənubun istisindən qaralmış üzünün rəngi vətənində olduğu kimi qırmızıya dəyişdi.Utancaqlıq qondu gözlərinə. “Axı sənə demişdim,Adabel...” – deməli olan Yusif başqa cür davrandı. “Qüruruna toxunar,”- düşündü,amma bir siqaret çıxarıb uzatdı qonağa.
- Çək, - dedi, - qardaşım.
  Adabel siqareti yandırıb tüsüsünü canıhövüllülüklə  ciyərlərinə çəkdi.Lakin onu öskürək tutdu.Sinəsi daha alınma siqaretin tüstüsünü götürmürdü.
-Tüstüsü az olur, alınma siqaretin, – dedi qonaq, - qamış siqaretin ləzzətini vermir...
 
  Üzümlüyü suvarmaq zamanı yetişdi.Suçuya verməyə pulu yox idi,özü suvarmalı oldu sahəni.Gecə suyu qoyur,səhər gəlib suyun kəsilərək başqa sahələrə döndərildiyini görürdü.Gecələr suyunu kəsənləri güddü.Bir həftə bu minvalla su keşiyi çəkdi.Bir gün isə gedib gördü:böyük kanaldan onun üzümlüyünə su gətirmək üçün qoydurduğu dəmir truba aparılıb və yeri daş-kəsəklə doldurulub.Texnika gətirib arxı təmizlətdirməyə borc tapa bilmədi,bel-külüngünsə   bacaracağı iş deyildi.Beləcə,üzüm tənəklərinin çoxu yandı.Ümidi təkəm-seyrək yarısarı tənəklərdən ibarət torpağa və beton dirəklərə qaldı.Torpağı borclarına verər,dirəkləri isə satıb ölkəsinə qayıtmaq üçün yol puluna çevirmək olardı.
 
  Günlər sonra o, plantasiyasına baş çəkəndə gördüyündən dəhşətə gəldi.Varını-yoxunu söydü:özünün və beton dirəkləri oğurlayanların.Adabel kəndin qabağına çıxdı.Camaatla danışaraq torpağını satıb,vətəninə qayıtmaq niyyətindəydi.Torpaq şoran olduğundan yalnız bir eşşəklə barteri mümkünüydü.
-Cəhənnəm olsun,-dedi,o,-eşşəklə camaatın yükünü daşıyaram,borclarımı ödəyər,sonra isə yolpulumu düzəldib qurtularam buralardan.
  Eşşəyə mindi və kirayə qaldığı evə yollandı.Həyətə girəndə gördüyündən dərdlərinin üstünə dərd gəldi.Dizlərini yerə atıb ana dilində ah-nalə qopardı:
-Axı,bu ağac mənə ev yiyəsinin əmanəti idi! Nə cavab verəcəm shibinə?
 Fəryadına bütün qonşu-baca yığışdı.
-Söyüş söyəcəm indi... - Adabel söyüş söyməyi artıq yerlilərdən yaxşı bacarırdı. - Ağacın meyvələrini budaqqarışıq oğurlayanların ənkə-böyüyünün...
  Bu kənddə hamı söyüş söyməyi bacarsa da  heç kim söyüş götürən deyildi-əl-əlxüsus da adam içində.Pəncab adlı qonşu qadın söyüşü onun  ağzında yarımçıq qoydu.
-Yaxşılıq yoxdu da bu kafirə ,- dedi, - Təmiş budayıb da... balacam... özüm dedim budasın,yazıq ağac başını yerə qoymuşdu.
  Yusif haya yetişdi.Başını divara çırpan Adabelin qolundan tutaraq kənara çəkdi.
-Get,-dedi,-qardaş,canına hayfın gəlsin,qaç burdan.Sonra o əlini cibinə apardı.Xeyli pul sayıb Adabelə uzatdı və tapşırdı:
-Buları sənçin yığmışam,bu dəqiqə qaç biletini al.
 Adabel yüzlükləri alan kimi geriyə baxmadan-qaşa-qaça : “ Taksi,taksi ”-deyərək qışqırdı.Ardıyca baxıb gülümsəyən Yusifin yadına qəfil nəsə düşdü.
- Adabel,hey! - O,çağırdı. – Yolda tanışlardan kimsə bir saatlıq yox,bircə dəqiqəlik belə borc pul  istəsə vermə,qardaş,babalsan.
                                                      
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac