Xəbər lenti

 Şrift:

  Tanınmış yazıçımız Əli Vəlioğlunun yanvarın 1-də 78 yaşı tamam olur. Bu yaşda ad günü təbriki qəbul etməyin, yəqin ki, bir ayrı feyzi var. Onu Əli müəllim yaşda olanlar yaxşı bilərlər. Məlumat üçün deyək ki, Əli müəllim  14 kitab müəllifidi. Onu oxuculara sevdirən tək şer, hekayə və povestləri deyil, bəlkə də, daha çox, sayı bu gün on mini haqlayan  aforizmləridi. Onların barəsində sonra. Hələlik Əli müəllimdən bir hekayə, bizlərdənsə ad günü və bayram təbriki! Sizə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq,  Əli müəllim!

                                                                                      Əlabbas


 

                             

                                                               Əli  Vəlioğlu


 

 

                                                 MİRZƏHÜSEYN  SEGAHI

 

                                                          (olmuş  əhvalat)

 

    “Ay ev yiyəsi”  səsinə əlimdəki işi yarımçıq qoyub həyətə çıxdım. Darvaza ağzında 60-65 yaşında  kişinin kimisə axtardığını duyub ona yaxınlaşdım. Salamını alıb, - tanımadım bağışlayın, siz kimsiniz?-deyə soruşdum.

-Allah qonağıyam. Qəbul edərsiniz?

-Allaha  da qurban  olum, onun qonağına da. Xoş gəlmisiniz, buyurun  keçək içəri.

Içəri keçdik. Rahatlanmamış evə göz gəzdirib atamı xəbər aldı. Allah rəhmətinə getdiyini dedim. Heyfsiləndi, rəhmət oxudu:

-Yəqin ki, məni tanımadınız.

--Xeyr.

--Qədimdən atanla dost idim. Adım da Həsəndir. Dağıstanlıym. Müharibədən bir neçə il əvvəl sizin kəndə işləməyə gəlmişdim. O vaxtdan  da atanla dost olmuşdum. Çox qədrbilən, sənətkarın qiymətini  verən  adam  idi. Sonra mən müharibəyə getdim.

Başım çox müsibətlər çəkdi. Odur ki, bir daha görüşə bilmədik. Bu mənim sizin kəndə ikinci gəlişimdir.

--Siz bəlkə qalayçı Həsən dayısınız?

--Bəli, oğlum. O vaxtdan çox illər keçib.

Doğrusu, məni  təəccüb bürüdü. Axı onun müharibədə itgin düşdüyünü  bilirdik. Təəccüblə soruşdum:

--Həsən dayı, atamdan sizin müharibədən qayıtmadığınızı eşitmişdik.

--Bəli, atan dediyində bir həqiqət vardı,--o, əlinin üstündəki güllə yarasını və inkişafdan qalmış nazik barmaqlarını göstərərək,--müharibənin yadigarıdır,--dedi.

O, başına gələn bütün hadisə və çəkdiyi müsibətləri açıq-saçıqlığı ilə şirin-şirin danışdı. Bizə  aydın  oldu ki, müharibədə  ölmüş bildiyimiz  Həsən  sağ  imiş. Onun bu maraqlı və həyacan doğuran söhbətindən sonra qonağımız gözümüzdə daha da döğma və əziz göründü. Uzun illər  atamın xatırladığı və  şirin söhbətindən yaddaşımızda  daha   da   doğmalaşdı.  17-18 yaşlı Həsən  birdən-birə  gözümüz önündə  Həsən  dayıya  çevrildi. Çox  söz-söhbətdən  sonra  onun  əsir düşməsi, yaralı  qayıtması, günahsız yerə 15 il sürgündə  olması, özünə  bəraət  qazandırması  bizə  aydın  oldu. Bütün  əzab-əziyyətlərə  baxmayaraq, atamın dediyi fağır, utancaq Həsən, indi  qarşımızda  şirinsöhbətli, düzlü-məzəli atmacalı Həsən  dayı  olmuşdur.

Şam yeməyindən  sonra  Həsən  dayının  muğamatımızla  bağlı  söhbəti  bizim xəyalımızda  elə  naxış  saldı  ki, onun təsirindən  uzun  zaman  ayıla  bilmədik.

Televizorda Hacıbaba Hüseynovun  “MAHUR”  muğamını dinləyən  Həsən dayı keçmiş  xatirələrlə  bağlı  söhbətə  başladı:

--Oğlum, sizin muğamınız bizi bir gün ölümdən qurtarıb. Sözümə  inanmazsınız. Gözlərimin  şahidiyəm. Özüm  iştirakçısı  olmuşam. Başağrısı  olmasın, söhbətdir edirik.

--Bizim üçün xoşdur, Həsən dayı, söhbətinizi  edin.

Kiçik  fasilədən  sonra  Həsən  dayı  söhbətinə  davam  etdi:

--Müharibənin  odlu-alovlu  illəridir. Gününü  deyə  bilmərəm, ancaq  yaz ayları  idi. Düşmən  göz  verir, işıq  vermirdi. Döyüşün  qızğın  vaxtı  idi. Aramsız  atışma  dörd  saatdan  çox  çəkdi. İtkimiz  çox  oldu. Biz  mühasirəyə düşsək  də  almanlar  cəbhəni  yara  bilmədilər. Kömək  gələnə  kimi  necə olursa-olsun  mövqeyimizi  qoruyub  saxlamalıydıq. Düşmən  bizi  mühasirədə saxlamaqla   axırımıza çıxmaq  istətirdi. Hər  şeyimiz  tükənmək  üzrə  idi. Suyumuzu qarşımızdakı  çaydan  götürmək  lazım  gəlirdi. Alman  əsgərləri  isə çayın  o  biri sahilində  mövqedə  durmuş, çaydan  su  götürməyə  imkan vermirdilər. Su gətirməyə  gedənlərin   heç  biri  sağ  qayıtmırdı. Gecələr  çayın sahili  projektorlarla  işiqlandırılırdı. Su götürmək  qeyri-mümkin  idi. İki  gün idi  ki, susuz  qalmışdıq. Azərbaycanlı yoldaşım  Əziz  komandir  Kovorovdan icazə  alandan  sonra  mənə  yaxınlaşıb  dedi:

-- Həsən, komandirdən icazə almışam, deyir ürəyin kimi istəyir götür get. Gələsən gügümüzü sınayaq.

Məm istər-istəməz razı oldum. Su qablarını yığıb yola düşdük. Almanlar görməsin deyə, gizli yerlərdən keçib çaya yaxınlaşdıq.  Çayın o biri sahilində keşiş çəkən alman əsgərləri aydın görünürdü.Nəzarət üçün qurulmuş çardaqda üç əsgər hər tərəfi bir an belə nəzərdən qoymurdu. Biz sürünüb çayın sahilinə çatdıq. Əziz əlimdən tutub yarğan aşağı sürüşdü. Gözüm gah Əzizdə, gah da qarşıda keşiş çəkən əsgərlərdə idi. Əziz su qablarını doldurdu. Almanların hərəkətlərindən hiss etdim ki, nəsə duyublar. Əziz qabları doldurduqdan sonra ağzını basıb sudan doyunca içdi. Qorxu məni götürmüş, həyacanım  get-gedə artırdı. Çox çəkməz avtomotlar şaqqıldayar, cəbhə dostum gözlərim önündə sərili qalar. Bunları düşündükcə gözlərimdən yaş qeyri-ixtiyarı axırdı. Əziz mənə tərəf sürünüb dolu qabları verdi. Məndəki boş qabları alıb yenidən çaya sarı süründü. Mən qaqbları alıb təhlükəsiz yerdə daldalandım. Su dolu qablardan birini başıma çəkib susuzluğumu yatırtdım.

Almanların narahat danışığı aydın eşidilirdi. Hiss edirdim ki, suyun gurultusundan almanların səsi Əzizin qulağına çatmır.Əziz qabları doldurub təzəcə qurtarmışdı ki, keşik çəkənlər bir-birinə dəydi. Onlar Əzizi görmüşdülər. Hər üçü avtomatlarını ona tuşlayaraq bağırır, söyüşlər yağdırırdı. Bu hadisədən xəbərsiz cəbhə dostum uzalı halda başını əyib yenidən su içdi. O, başını sudan qaldırıb ayağa durduqda düşmən avtomatlarının ona tuşlandığını gördü. Durduğu yerdə quruyub qaldı. Gözlərini almanlardan çəkmədi. Oturmadı. Yerindən tərpənmədi. Almanların istehzalı gülüşlərı, ləzzət alırmışlar kimi ələsalma hərəkətləri  mənim üçün nə qədər kin doğurudusa, Əziz üçün yüz qat belə dəhşətli idi. Ölüm necə də haxladı onu düşünürdüm ki, birdən bir ecazkar səslə--həmişə də heyranı olduğum bir səslə “MİRZƏHÜSEYN  SEGAHI”nı başladı. Bu möcüzə səsin qarşısında həqarətli gülüşlər susdu. Səs almanları sehirlədi. Qeyri-ixtiyarı olaraq Əzizə tuşlanmış avtomatlar aşağı düşdü. Səs get-gedə şahə qalxır, zəngulələr göyə pərvazlandı. Bu möcüzəli səs yandırdı ürəkləri, sehrlədi onun üstünə şığıyan ölümü.

Bu mənzərədən göz yaslarımı saxlaya bilmirdim.Sanki o özünün ölüm marşını oxuyurdu. Çox çəkməz segah bitər, dünyaya həsrətlə baxan  gözlər əbədilik niskillə yumular. Deyəsən segah buna görə bitmək istəmirdi. Bu zəngulələr çayın səsinə qarışaraq əbədiləşmək istəyirdi.

Muğamın yandırıcı təsirindən düşmən də quruyub qalmışdı. Azərbaycan muğamı düşməni—dünyada özlərini bütün xalqlardan üstün tutan alman döyüşçülərini əfsunlamışdı.

Əziz hissədən-hissələrə keçdikcə zəngulələr zilə qalxır, sanki ölüm yağdıran düşmənlərə insanlığı təbliq edirdi.

Avtomatlar tam hədəfdən düşdü. Əhsən səni doğan anaya, Əziz!—deyə ürəkdən sevindim. Deyəsən Əziz də düşmənin muğamata təslim olduğunu hiss etmişdi. Zəngulələr altında bayaqdan kisəyə doldurmuş dolu qabları saymazyana çiyninə atıb yoluna düzəldi. Almanların bir uça səslə “ ES  LEBE”*  deməyi ilə üçü də ürəkdən gülüb başlarını heyranlıqla buladı. Ara vermədən ikinci bir səs  “DANKE  SCHÖN”**  qulaqlarıma dəydi.

Segah getdikcə səslənir, tükənmək bilmirdi. Fürsət məni də sağ-salamat təhlükədən sovuşdurdu. Bir qədərdən sonra biz görüşüb bir-birimizi bağrımıza bassaq da sevinsdən xeyli özümüzə gələ bilmədik.

İki gün ərzində ilk dəfə idi ki, səfər uğurla nəticələnmişdi. Gətirdiyimiz su ilə bir gün də dözməli olduq. Sonra yeni qüvvələrin gəlməsi ilə mühasirədən çıxa bildik.

Həsən dayı sözünü tamamlayıb dedi:

--Oğul, budur muğamınızın möcüzəsi. O, düşmənə də, ölümə də qalib gəldi.

Həsən dayı sabahısı qayıtmalı oldu. Ancaq ondan bu evdə iki şey bizə qiymətli yadigar qaldı. Biri 36-cı ildə hədiyyə etdiyi stolüstü lampa, bir də şirin söhbətli bu ləzgi qardaşın  “ MİRZƏHÜSEYN SEGAHI”nın sehrkar qüvvəsindən danışdığı əfsanəyə oxşar şirin və unudulmaz söhbəti. Həmişə də hər iki yadigar ilə Həsən dayını xatırlayırıq, milli muğamımıza Allahın bir gözəl, əvəzsiz neməti kimi baxırıq.

..................................................

        es lebe—yaşa (almanca)

        danke schön—sağ ol

 

fevral 1983. Nüvədi.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac