Xəbər lenti

 Şrift:
                         
                                                Gülmirə  RAMAZANQIZI  
                                                       Gül  və  qaya

      Bahar gəlmişdi. Dağ-dərə, meşə min bir rəngə boyanmışdı.  Bağ-bağçada  ətir saçan güllər- çiçəklər  sevgi nəğməsi oxuyan bülbüllərə  naz  satırdılar.  Uca dağın qaşından   axan  şəlalə  yaz günəşinin  qızılı zərrələrindən biçilmiş dümağ köpüklü  don geyinmişdi. Şəlalə çağlaya-çağlaya elə bil şeir oxuyurdu. Xoş avazı  dərin  dərələrə sığışmırdı.  Dənizə can atan  çoşqun dağ çayına qovuşan  şəlalənin də,  kiçik sısqa bulaqların da  ürəkləri  vüsal sevincindən  atılb-düşürdü.
   Çayın  həzin  zümzüməsi də  onun  sahilində xalça-palaz yuyan qızların mahnılarına,  şaqraq  gülüşlərinə qarışmışdı.
   Belə  bir vaxtda;  təbiətin sevib—sevilən  çağında  dağ çayı da  qoynuna sığınmış  nəhəng qayada  bitən  al-qırmızı qızılgül koluna aşiq  olmuşdu.  Nəhəng  qaya çayı iki qola ayırırdı.  Gül kolu elə bil  ana təbiətin bütün qanunlarını pozaraq  qayanın  daş vücuduna  al qırmızı bayraq  kimi sancılmışdı.   Yazda pardaxlanmış gül kolu  nəhəng Qayanın  əzəmətini daha da artırmışdı.
    Dağ çayı  gül kolunu  nəhəng  qayadan ayırıb, döşündə   qərar  tutmuş yamyaşıl təpəyə aparmaq istəyirdi. Amma nə qədər  çırpınsa da,  qolu qayadakı  gül koluna  çata bilmirdi....
     Çayın bağrından inilti qopdu. Suları şahə qalxdı. Bu məqamda  iki qolunu var qüvvəsiylə  birləşdirib  gur selə  çevrdi.  Sel nəhəng qayanı mühasirəyə aldı. Dağ çayı  böyük həmlə ilə özünü qayaya çırbdı. Və  yanağı, sanki  göz yaşından islanmış gül kolunu kökündən qoparıb surətlə irəli - təpəyə sarı apardı.  Gur sel toxtayıb-çəkildikcə, coşqun dağ çayının suyu durulurdu.  Durulduqca sakitləşirdi. Artıq gül kolu da təpənin  başına qoyulmuş  şahlıq  tacına  bənzəyirdi. 
      Dağ çayı  öz qələbəsinə  çox sevinirdi.  O  hey gül kolunu əzizləyirdi.  Gül kolu isə günü-gündən  solurdu. Ətri-təravəti  azalırdı.  Onun nəmli  və  pərişan gözləri  təpənin başından qayaya  dikilmişd .   Dağ çayı nə qədər  çalışırdı, gül kolunun ürəyini ələ ala bilmirdi.  Günü-gündən solub-saralan gülün dərdini-sərini anlamağa çalışırdı.  “Axı niyə bu gözəl  çəməni, yaşıl təpəni  bəyənmir?”
    Dağln qoynundan meh qopdu.  Çayın yatağından əsib keçdi. Gülün qurumuş  incə ləçəkləri çayın bağrının başına köz kimi ələndi.
...Çay yalnız  indi  başa düşdü ki, gül  kolu köklü –köməcli vətən həsrəti çəkir.   Nəhəng   qayalıq  gözəl çəmanzar olmasa da, axı   ora gül kolunun əzəli  və əbədi vətəni   idi. Vətən həsrəti gül  kolunu soldurmuşdu.
       ...Qızılgül kolu vətənsiz qalmışdı.

                                            13.12.2017.


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac