Xəbər lenti

 Şrift:

                                                   Ülvi HÜSEYN  

                                           QIZIL ƏHVALATI

                                                                hekayənin əvvəlini bu linkdən oxuyun: 

http://persona.az/index.php/2014-03-23-05-25-38/nesr/5522-q%C4%B1z%C4%B1l-%C9%99hvalat%C4%B1-_-hekay%C9%99.html

    Ertəsi gün günorta yeməyindən sonra Sofiya Teymurun otağına gəldi. Fotoaparatı da əlində idi. Teymur da artıq işlərini tamamlamışdı. Baş həkimə zəng vurub işdən bir az tez çıxacağını söylədi. Razılıq alıb Sofiya ilə bərabər fotoqraf Fəxri dayının yanına yollandılar. Fəxri dayı onları gülərüzlə qarşıladı.
  -Ay Teymur həkim, çoxdandır gəlmirsən biz tərəflərə, nə olub, işlərin çoxdur?
  -Bəli, Fəxri dayı, amma sən də hərdən sanatoriyaya gələndə bir qonağım ol də... Yaxşı çayım var, qonaq edərəm səni, bir az söhbətləşərik,  onsuz da axşam tərəfi gəlirsən.
  Fəxri kişi doğrudan da həftədə 2 dəfə sanatoriyaya fotoqraf kimi gəlirdi, istirahət edənlərin şəklini çəkirdi. Bu dəfə çəkib, növbəti görüşündə şəkilləri gətirirdi. Çox zarafatcıl, şən, deyib-gülən bir adam idi.
  -Buyurun, eşidirəm, oğlum dedi, şəkilləri aydınlatmaq istəyirsiniz.
  -Hə, Fəxri dayı, bu mənim qonağımdır, həm də onun müalicə həkimiyəm. Özü öz aparatı ilə şəkillər çəkib, indi onları aydınlatmaq istəyir.
  -Nolar, çox gözəl, elə məhlulları təzəhazırlamışam, indi nə lazımdır edərik.
  Sofiya özünü təqdim edib tanış olduqdan sonra, aparatı çixartdı.
  -Ooo, bu əntiqə aparatdır ki, qiyməti neçəyədir bunun? Mən də belə bir aparat axtarıram.
  -Mənə hədiyyə ediblər, yapon jurnalist dostlarım. Amma bu aparatdan ötrü lazımi orqanlara  neçə dəfə izahat vermişəm.
  -Ona görə deyirəm də... Həm texniki imkanları çoxdur, həm də işləmək çox rahatdır.
-İstəyirsiniz verin mən məşğul olum, istəyirsiniz də özünüz keçin bu otağa, hər şey hazırdır.
-Özüm olsam daha yaxşı olar. Siz mənə bircə qabların necə yerləşdiyini deyin.
  -Çox sadəcə, hamısını yazmışam üstündə, özü də rusca da yazmışam.
  -Oldu, təşəkkürlər, Teymur həkim yəqin ki məni gözləyər. Azından 1 saat vaxt gedəcək. Amma yaxşı kağızınız varmı, şəkilləri çap eləmək üçün.
  -Əlbəttə, çoxdan burada bir nəfər dincəlirdi, həmin fotokağızlar fabrikində baş mühəndis işləyir. Mənim üçün hər şey oradan gəlir birbaşa. Ona görə də mənim şəkillərimin keyfiyyətinə söz ola bilməz.Nə qədər istəsəniz , işlədin .
  -Oldu, nə qədər xərci olsa odəyəcəm.
Sofiya Fəfri dayının göstərdiyi otağa keçdi, qapını örtüb şəkilləri aşkarlamaqla məşğul oldu. Teymur isə bu zaman ərzində Fəxri dayının müxtəlif zamanlarda çəkdiyi,  divardan asılmış şəkillərə baxmaq istəyirdi. Fəxri dayının foto atelyesinin qəbul otağı çox genış idi. Böyük bir divara illərin xroniki ardıcıllığı ilə şəkillər düzülmüşdü. Teymur bir neçə dəfə bu şəkillərə ötəri nəzər salsa da, indi onun diqqətini cəlb edən müxtəlif binaların, divarların rəsmləri oldu.Hətta dünən Sofiya ilə bərabər gəzdikləri Babayevin bağının da həm alaqapısının, həm də evin şəkilləri vardı. Teymurun ev şəkillərinə diqqətlə baxdığını görən Fəxri dayı dilləndi:
  -Teymur,  mənim foto sərgimdə buralarda olan hər gözəllik əks olunub. Nəsə maraqlıdırsa, danışım sənin üçün.
  -Fəxri dayı, məni bu keçmiş Bakı milyonçularının həyatı maraqlandırır, onların tikdikləri, gördükləri işlər.
  -Hə də, indi olar, aşkarlıqdır axı, əvvəllər məni hər ay qonşularım dəvət edirdilər ki, çox danışırsan.
  Qonşuları dedikdə Fəxri dayı KQB idarəsini nəzərdə tuturdu.
 -Fəxri dayı, o zaman dövr başqa idi. İndi dünya dəyişir yavaş-yavaş, görürsən ki, 37-ci ilin də çox sirləri üzə çıxır.
  -Mən də bilirəm, heç vaxt mən antisovet heç nə deməmişəm. Sadəcə demişəm ki, bu kişilər hamısı mənfur kapitalistlər olmayıblar, kasıb-kusuba əl tutanı da olub, məktəb, teatr açanı da olub. Tağıyev kimi kişi olub. Nə qədər işlər görüb. Sən ona olan hörmətə bax ki, dəyib dolaşmayıblar, Nərimanov özü ona qulluqçu ayırıb, deyib qoyun öz bağında qalsın, qoca kişidir incitməyin. Çünki vaxtilə Nərimanovun da təhsilinə o pul verib.   Nə qədər xeyriyyə işlərinə pul xərcləyib. Mən elə qonaqlara bunu danışırdım, qonşularım deyirdi ki, çox danışırsan.
  -Fəxri dayı, bəs Babayevdən nə bilirsən?
 - Bababəy Babayev? Cuhud Bababəy? Çox ağıllı kişi olub. Amma burdakı var-dövlətini tarmar elədilər, o özü 1918-dən Polşaya getdi , daha qayıtmadı. Onun bağının da şəkli var məndə. Çox maraqlı bir şəkil var, o da alaqapının tağının şəklidir, budur bax bu şəkildir.
  Teymur diqqətlə şəklə baxıb, dünən gəzdikləri bağın təsvirlərini  gördü. Foto sənətində maraqlı bir məsələ var ki, ətrafında gördüyün şeyləri ayrı-ayrı kadrlara, çərçivəyə  salanda tamam başqa cür görünür. Dünən adi bir hasar , adi bir tikili kimi görünən alaqapı tağı rəsmdə tamam başqa cür görünürdü.
  -Bax, fikir ver, bu cərgədəki daşlar elə yonulub ki, sanki hər daşın üstündə “Z”hərfi yazılıb. Deyilənə görə atası Zeynal kişinin adını tarixdə yaşatmaq üçün belə edib. Bababəy Babayev dəbdəbəni sevməyən adam olsa da , atasının adını tarixə daşlarla  yazdırıb. Cəmi 8 şaquli belə cərgə olub,  4-ü sağda 4-ü solda.
  -Doğrudan da çox maraqlıdır. İndi mənim qonağım işini qurtarıb çıxar, ona da deyərəm bunları. Biz də dünən bu hasarın şəklini çəkmişik. Bababəydən daha nə bilirsən, Fəxri dayı?
  -Eh, ay oğul, yadıma sala bilmirəm. Evdə dəftərim var, gərək baxım , orada eşitdikərimi qələmə almışam. Ən çox Tağıyev haqqında xatirələrim olub. Moskvadan buraya bir rus yazıçı gəlmişdi, o da bərk foto həvəskarı idi, həm də gözəl şəkillər çəkirdi, ona danışdlm Tağıyev haqqında, dedi ki, bu bizim Savva Morozov kimi, Tretyakov kimi  bir adam olub.
  Bu anda Sofiya içəridən başını uzadıb şəkilləri qurutmaq üçün olan cihazın yerini soruşdu. Fəxri dayı içəri keçib izahat verdi.
  30 dəqiqə sonra Sofiyanın bütün rəsmləri hazır idi. Fəxri dayı, Teymur və Sofiya hər üçü bərabər şəkillərə baxmağa başladılar. Sofiyanın Tallin vağzalından tutmuş, Moskvada Qızıl meydanda , Böyük Teatrın önündə, qatarda, Bakıda vağzalda, daha sonra sanatoriyanın həyətində, dənizdə, Yeseninin ev muzeyi olan bağda və ən nəhayət dünən Teymurla bərabər Bababəy Babayevin bağında olan zaman çəkdiyi şəkillər gözəl alınmışdı. Sofiyanın professionallığı hiss olunurdu. Fəxri dayı bir peşəkar kimi hisslərini gözlədə bilməyərək,
  -Əhsən, qızım, çox xoşum gəldi bu şəkillərindən –dedi.
  Teymur da Sofiyaya Fəxri dayının çəkdiyi şəkillərə baxmağı məsləhət gördü.
  -Bax, Sonya, burda həmin divarların şəklini Fəxri dayı da çəkib. Özü də maraqlı bir fakt deyir, fikir ver, bir neçə cərgədə «Z» hərflərini görürsənmi?
  -Aha , doğrudan da , bu nə bildirir ki? 
  - Bu Bababəy Babayevin atasının adının baş hərfidir. Adı Zeynal olub.  
  Sofiya bir az duruxdu, nəsə demək istədi, sonra susdu.
  Fəxri dayı dilləndi:
  -Bəziləri ancaq 1 daşın üstdə ad-familiyalarını yazdırıblar. Bu isə bir neçə cərgədə yazdırıb. Evin fasad hissəsində də bir neçə daşda bu hərf yazılıb. 
  Divardakı rəsmlərə göz gəzdirən Sofiya heyrətini gizlədə bilmirdi. Bu balaca bir qəsəbədə nə qədər gözəllik və əsrarəngizlik olarmış...
  Fəxri dayı ilə sağollaşdılar, amma qərara aldılar ki, arada bir gəlib, onun dəftərindəki qeydlərlə tanış olsunlar. Sofiya bir az sakit, düçüncəli halda yol gedə-gedə Teymura tərəf döndü:
  -Hə, əziz həkimim və dostum, sən mənim üçün çox böyük , dünyalar qədər iş gördün. Amma indi evdə bir də bu şəkilləri araşdıracam, sənin dediklərini də . Yəqin ki, bu həftə sonu yenidən sənə suallarım olacaq. Bir şeyi də deyim. O daşda yazılan “Z” hərfi başqa mənanı da verə bilər.
  -Nə mənanı?
  -Zoloto, qızıl mənasını. Mənim babam onu da deyim ki, çox maraqlı bir adam olub, nə etmək istədiyini, planını heç kimə deməzmiş. İşini ancaq başa çatdırandan sonra danışarmış.
  -Anladım, demək istəyirsən ki, o daşların hər birinin altında xəzinə ola bilər?
  -Bilirsən, indi bizə çox maraqlı olacaq o milisdə işləyən Adil əminin dostu olan adam. Hər halda tapılan qızıl hardan çıxıb, hansı daşın altında , o daha yaxşı bilir.
  -Aha,  aydın oldu, bu həftəni başa vuraq, gedərik Adil əminin yanına , mən elə səni öz milli mətbəximizlə tanış etmək istəyirəm, Adil əminin yanında. Orda yenə söz salarıq, həmin adamın koordinatlarını istəyərik.
  -Deməli, həkimim məni restorana dəvət edir?
  -Bəli, Sofiya xanım. Həm də istəyirəm ki,  bir sanatoriyanın pəhrizindən çıxasan.
  -Amma bir şərtlə gedərəm, Teymur. Hesabı mən ödəyəcəm, mən sənə çox borcluyam hər mənada. Üstəlik səni bir az da xərcə salmaq vicdanıma sığışmır. Hətta alman hesabını da burda unudacayıq. 100% mənim hesabıma gedəcəyik.
   -Yaxşı, Sofiya xanım, baxarıq.
   -Baxarıq yox, indi söz verməlisən.
   -Olsun də, söz verirəm. Deyim ki, mənim də marağım artdı  bu məsələyə. Məsələ təkcə qızılı axtarıb tapmaqda deyil, həm də bir tarixi miras da üzə çıxır,  bu da mənə bir həvəs verir.
   Teymur Sofiyanı sanatoriyanın qapısına qədər ötürdü, sonra isə dayanacağa tərəf addımladı. İki günün təəssüratı kifayət qədər idi. Amma indi evə çatıb, valideynləri ilə bir az söhbətləşib dincəlmək lazım idi. Anası bir azdan  yenə də evlənmək söhbəti salıb,  Teymurun fikrini öyrənmək istəyəcəkdi.
Teymur da həmişəki kimi ”Anacan, hələ vaxtı deyil!” deyəcəkdi.  
    -Həkim, şəhərə gedirsən? Əyləş, apararıq səni də.
  Səsə dönən Teymur, qarşısında dayanmış qara rəngli “Volqa” maşınını gördü, arxa oturacaqdan onu səsləyən adamın keçmiş xəstəsi Mansur müəllim olduğunu gördü.
  -Gəl görək, gəl görək, çoxdandır görmürəm səni.
  -Hə, salam, Mansur müəllim. Bəli, şəhərə gedirəm. Məmnuniyyətlə, yol yoldaşı olaram sizinlə.
  Teymur arxada Mansur müəllimlə bərabər əyləşdi. Bir-birindən hal-əhval tutdular, Mansur müəllim böyük vəzifə sahibi idi, şəhər partiya komitəsində katib idi. Teymur təcili yardımda işləyərkən onu neyroreanimasiya briqadasında ağır avtomobil qəzasına yaralananlara yardıma çağırmışdılar. Mansur müəlimin xidməti avtomobili ağır qəzaya düşmüşdü, kişi özü isə kəllə-beyin travması almışdı. Teymur çox mükəmməl və professional bir şəkildə ilk yardım göstərmiş, sonra isə Mansur müəllimi neyrocərrahlıq mərkəzinə çatdırmışdı. Mərkəzin baş həkimi Rüfət Həsənov Teymurun vaxtılə sevimli müəllimlərindən biri  olmuşdu. Xüsusi ratsiya vasitəsilə mərkəzə yoldan xəbər verib, Rüfət müəllimdən təcili əməliyyata hazırlıq görmələrini xahiş etmişdi. Çoxlarının belə əməliyyatları şanssız hesab etdiyi bir halda, işlər çox uğurlu alınmışdı. Əməliiyat briqadası başda Rüfət müəllim olmaqla 7 saat çalışmışdılar, hematomanı təmizləyib, qanaxmaı saxlamışdılar. Mansur müəllim 10 gündən sonra özünə gəlmişdi. Bu zaman ərzində Moskvadan, Leninqraddan gələn professorlar, neyrocərrahlar hər şeyin çox professional şəkildə aparıldığını demişdilər. Təbii ki, tələbəsinin də professionalığı ilə öyünən Rüfət həkim də Mansur müəllimə sağalandan sonra hər şeyi danışmışdı. Sağalandan sonra dostlarını , qohumlarını və həkimlərini banketə dəvət edən Mansur müəllim Teymuru da axtarıb tapmışdı, hətta  banket zamanı onun şərəfinə tost da demişdi. Partiyaya keçmək təklifini də Teymura o demışdi.
  -Hə de görək neynirsən, buralarda xeyir ola?
  -Mansur müəllim, mən bir  ildir bu “Çiçəkli” sanatoriyasında işləyirəm. Baş həkim dəvət etdi, axı tələbəlik vaxtı  burda işləmişdim. 
  -Teymur, sən sanatoriyaya rahatlığa gəlmisən, sənin kimi mütəxəssislər gərək daha çox tələbat olan yerdə çalışsınlar. De görüm evləndinmi?
  -Xeyr, Mansur müəllim. Hələ bir az da işləyim, sonra baxarıq 1 ilə, 2 ilə. Sizin səhhətiniz necədir?
  -Hər şey əladır, mən onsuz da qazanca yaşayıram, bir dəfə o dünyanı gördüm qayıtdım. Sizin sayənizdə. Yaxşı, yenə partiyaya keçmək istəmirsən? Cavan oğlansan, gələcəyini fikirləş, gözəl mütəxəssissən, sonra da irəli çəkərik səni.
   -Mansur müəllim, mən əslində həkimlikdən başqa bir iş bacaracağımı güman etmirəm. Təklifinizdən də imtina etmək mənim üçün çox çətindir. Amma yenə də deyirəm, cavanam, bir az da təcrübəm artsın, sonra mütləq özüm gələcəm yanınıza.
  -İndi aşkarlıqdır, yeni siyasət hazırlanır, milli kadrlara ehtiyacımız var, sən ruscanı da yaxşı bilirsən, ən əsası vicdanlı və dürüst oğlansan. Sənin kimi kadrlara bizim ehtiyacımız var.
  -Oldu, Mansur müəllim, söz verirəm payıza gələcəm yanınıza.
Mansur müəllim sürücüyə tərəf dönüb dilləndi:
  -Şərəf, unutma, yəqin ki, Teymur tələsmir, 5 dəqiqəyə dəniz yoluna dön, bir baxım görüm abidənin təmiri necə gedir.
  Sonra Teymura üzünü tutub:
  -Yəqin Tağıyev haqqında eşitmisən, keçmiş Bakı milyonçusu olub. Onun məzarı burda dənizə gedən  yolun yaxınlığındadır. Qəbirüstü abidəsi vardı, dağıtmışdılar, indi bərpa edirik, mən təşəbbüs qaldırdım, özüm də rəhbərlik edirəm. İstəyirəm bir baş çəkim yolüstü, cəmi 5 dəqiqə çəkəcək. Onsuz da sənin avtobusundan şəhərə tez çatacayıq.
  -Əlbəttə, o nə sözdür, necə deyirsiniz.
  -Bilirsən, Teymur, oğlum, vaxtilə mən də bir kommunist kimi bu milyonçuların, burjuyların əleyhinə olmuşuq. Amma indi bu aşkarlıq dövrü gəlib, Moskvadan da belə tövsiyə gəlir, milli dəyərlərə qayıtmaq, repressiyaya məruz qalanları bərpa etmək. Biz də müzakirə elədik, çox şeyləri xalqa deməyin vaxtı çatıb.
Maşın dənizə gedən yola tərəf döndü, sonra bir də sağa dönərək irəlilədi.
  -Tağıyevin məzarı burdadır. Onu Bakıda keçmışdə çox məşhur din xadimi olmuş axund Əbuturabın məzarının yanında dəfn ediblər. Deyirlər özü vəsiyyət edib. Bir dəfə bağa gəlirmiş, Mərdəkana, yolda Axund Əbuturaba rast gəlib, başlayıb yeni işlərindən, yeni qazanc gətirən danışıqlarından danışmağa. Axund da deyib ki, ay hacı, çox qürrələnmə, allahın lütfüdür, bir gün vurub əlindən alar, heç bir manatın da qalmaz. Nə isə axundun bu sözləri Tağıyevə çox pis təsir edir, kişini daha dindirmir. Faytondan düşəndə heç sağollaşmır da onunla. Amma sonradan həqiqətən də bütün var-dövlətini Sovet hökuməti əlindən alanda axund yadına düşür, vəsiyyət edir ki, onun məzarını axundun məzarının ayaq tərəfində qazsınlar. Belə kişilər olub. Həm də bilirsən ki, indi dinə qarşı da münasibət dəyişib. O gün mən də bizim şeyxülislamı qəbul etdim, düzdür, çoxdan tanıyırdım onu. Bir xeyli söhbətimiz oldu, çox mütərəqqi və lazımlı şeyləri müzakirə etdik.
  -Mən də maraqlanıram bu məsələlərlə, Mansur müəllim, hətta uzaqdan gələn xəstələrimə də bəzən söhbət edirəm . 
  Mansur müəllimin təklifi ilə Teymur da maşından düşdü.
  -Bax, Teymur, bura vaxtilə uşaq qəbristanlığı olub, deyilənə görə uzaq  keçmişdə pir olub. Xalqın başını aldadıb guya cin çıxardıb, dua yazıb, çildağ eləyirlərmiş. Buranın adına  da Pir Həsən deyirlər. Amma buranın havasına fikir ver, bax bu meh ki var, ən isti qızmar günlərdə belə burada bu meh əsir.  Burada elə 10 dəqiqə qalsan kifayət edir ki, canına bir rahatlıq gəlsin. İndi bu qəbrin üstündə bərpa işləri gördürürəm, 1  ilə hazır olacaq yəqin ki.
  -Bu çox gözəl oldu, Mansur müəllim. Mən buraya tez-tez gələcəm. Çox maraqlı gəldi mənə, bir müddət buralarda yaşasam da bu şeyləri bilmirdim.
  -İndi 5 dəqiqə məni gözlə , bir iş icraçısına sözümü deyim.
  Mansur müəllim bir az işçilərlə söhbət edib avtomobilə tərəf qayıtdı.
  -Əyləş, Teymur gedək. Səni ləngitdiyim üçün Şərəfə deyəcəm düz evə qədər aparsın. Haraya gedəcəksən?
   -Mən Nərimanov metrosunun yaxınlığında oluram.
   -Tam oraya qədər gedəcəyik.
   Mansur müəllimin sadəliyi Teymuru həmişə valeh edirdi. O boyda vəzifə sahibi olmağına baxmayaraq, adi bir həkimlə, tikintidə çalışan fəhlələrlə, hətta öz sürücüsü ilə çox sadə və səmimi bir yaxın adam kim danışırdı. Teymur yol boyu Mansur müəllimə Sofiya haqqında danışmaq istədi, amma söz verdiyi üçün susdu.
  Mansur müəllim ayrılanda Teymura iş və ev telefonlarını verdi, nə vaxt istəsə ona zəng edə biləcəyini dedi. Sürücü Şərəfə tapşırdı ki, maşının yük yerindəki güllərdən Teymur üçün bir dəstə ayırsın və Teymura dedi ki, “bu gülləri anana verərsən, deyərsən ki, Mansur müəllim şəxsən göndərib, belə oğul böyütdüyü üçün”.
  Güllərlə içəri daxil olan Teymura anası da , atası da salamlaşıb bir sınayıcı nəzərlə baxdılar. Atası ağır-ağır dilləndi:
 -Teymur, bala, işdə qalmağına nigaran deyiləm, öyrənmişik onsuz da. Amma birdən xəbərsiz evlənmək filan istəyərsən, anan dəli olar . Onun arzuları var.
  -Ata, nə danışırsan, Mansur müəllim də  belə deyirdi, xəbərsiz evlənmə. Amma ona da söz verdim ki, nəzərə alacam. Bu gülləri də ana üçün göndərdi.
  -Mansur müəllim yaxşı kişidir, çox bacarıqlı adamdır.
Teymur yuyunub ust-başını dəyışdi,  ata-anası ilə bərabər şam elədilər. Sonra atası ilə bərabər televizora baxa-baxa bir az  söhbət elədilər və sonra da hər ikisi dincəlməyə getdilər.
  Həftə tez gəlib keçdi. Yenə də şənbə gününə növbədə qalan Teymur bu dəfə Sofiyanı çox gözləmədi.
  -Salam, mənim əziz həkimim, necəsən?  Bu həftəni də başa vurduq, bu gün bilet sifariş vermişəm, gələn həftə uçuram. Getdim poçtdan anama  zəng elədim,  dedi işdən soruşublar, harda dincəldiyimi deməyib, özüm tapşırmışdım. Deyiblər bacarsa işə bir az tez çıxsın, mənsiz qala bilmirlər. Anam da darıxır, amma dedim ki, buraları çox bəyənmişəm, imkan olsa heç getmərəm.
  -Bəs anan nə dedi?
  -Anam dedi ki, mən bilirəm sən əvvəl axır babanın yurduna dönəcəksən. Əlbəttə bunlar bir zarafatdır, de görüm yeni nə xəbər var?
   -İndi danışaram, sən nə etdin, nə araşdırdın?
  -Mən bütün şəkillərə bir-bir yenidən baxdım. Güman edirəm ki, qızıllar “Z” hərfinin altındadır. Amma nə qədərdir, nədə və necə qoyulub saxlanılır deyə bilmirəm.  Sonra arada bir dəfə də Fəxri dayının yanına getdim . Maraqlı bir şey də tapdım.
  -Nə tapdın?
  -Babamın bir evi də olub burda, daha doğrusu bank binası olub. Həmin binanı elə sonradan da maliyyə idarəsi ediblər, indi də maliyyə və statistika idarələri orda yerləşir. O binanın da üstündə “Z” hərfi olan daşlar var. Amma 2 cərgədə, giriş qapısının yanında. O divarlar da çox qalındır.
  -Bu da maraqlı oldu mənim üçün. Mən də Mansur müəllimlə təsadüfən görüşdüm.
  -Mansur müəllim kimdir?
  -Mansur müəllim indivəzifə sahibidir, şəhər partiya komitəsinin katibidir, vaxtilə tikinti işləri üzrə böyük mütəxəssis olub. Hal-hazırda da o, Bakı milyonçularından ən məşhuru Hacı Zeynalabdın Tağıyevin məzarüstü abidəsini bərpa edir,  özü də keçmiş bəy nəslindədndir. Onun da babası repressiyaya məruz qalıb, amma atası müharibədə qəhrəmancasına həlak olub, Sovet İttifaqı Qəhrəmanı olub. Ağır avtomobil qəzasına düşmüşdü, mən ilk yardım göstərib xəstəxanaya çatdırdım, sağalmağı bir möcüzə oldu. Sonra elə vaxtaşırı xəbər göndərir, hal-əhval tutur, partiyaya keçməyimi də o istəyir.
  -Teymur, deyirsən ki, o bərpa işləri ilə məşğuldur?
  -Əslində o vəzifə sahibidir, amma keçmişdə tikinti işləri ilə məşğul olduğu üçün ən çətin yeni tikintiləri, mürəkkəb bərpa işlərini onun rəhbərliyi altında  görürlər. Dövlət saraylarını, inzibati binaları, Mərkəzi Komitənin  rayonlardakı iqamətgahlarını, hamısının layihəsini də o verib, özü də işlərə rəhbərlik edib.
  -Bax o bizim adamdır, mən axtaran adamdır. Mən bir daha əmin oldum ki, səninlə tanış olmaq mənim üçün necə də qiymətlidir.
  -Bilirsən sən nə danışırsan, Mansur müəllim respublikada 3-cü – 4-cü adamdır, indi deyirsən biz bu adama deyək ki, gəl bərabər qızıl axtaraq? Mən onunla danışanda özümə yer tapa bilmirəm, düzdür çox sadə adamdır, hətta sürücüsü ilə də bir dost, həmkar kimi danışır. Onu əslində mühafizəçılər dəstəsi müşayiət etməlidir, amma özü belə şeyləri sevmir, çox zaman ancaq sürücü ilə gəzir.
  -Teymur, mən sənə əvvəldə dedim ki, insanlar bizə bilməyə-bilməyə kömək edəcəklər. Nadir dayı da, Mürvət də, fotoqraf da, Adil əmi də heç bilirsən bizə nə qədər kömək ediblər? İndi Mansur müəllim də həmçinin. Deyəsən bir fikir gəlir ağlıma, amma gərək əvvəlcə o Adil əmi haqqında danışdığı  adamla görüşək , nazirin evini axtaran adamla. Ondan nigaranam ki, o dövləq qulluqçusudur, orqanlarda çalışır, duyuq düşsə bizə heç nə deməz.
  -Bəlkə Mansur müəllimə də, o insana da sənin kim olduğunu deyək? Bəlkə onda daha münasib olar?
  -Həmin adama yox, Mansur müəllimə inanıram. Qoy fikirləşim, sən də bir ağlını işə sal.
  -Mənə elə gəlir ki, Mansur müəllimin  məsləhəti bizə hər mənada lazım olacaq.
  -Gəl əvvəlcə o adamla görüşək, Adil əmi deyən adamla. Biz restorana nə vaxt gedəcəyik?
  -Yəqin ki, sabah gedəcəyik, ya nahara, ya da şam yeməyinə. Məncə nahar daha münasib olar, vaxtımız da çox olar Adil əmi ilə söhbət etmək üçün.
  -Oldu, əziz həkimim. Sən də dincəl, mən də istirahət edim. Beynimdə o qədər yeni informasiya var ki, onları araşdırmağa gücüm çatmır, gərək yaxşı-yaxşı dincəlim.
  -Olqa gedib, yoxsa hələ burdadır?
  -Yox, burdadır hələ. Mənimlə bərabər gəzdi bütün bu getdiyim yerləri. Hərdən soruşur ki, bunları öyrənmək nəyinə lazımdır,dərhal özü də özünə cavab verir ki, əlbəttə peşə marağı. Deyir bunlar haqqında bir şeylər yazsan, mənim də adımı çək.
  -Şirin yuxu arzulayıram, sabah görüşənədək.
-Gecən xeyrə, əziz həkimim.
   Teymur səhər yeməyi zamanı yeməkxanada Sofiya ilə Olqanı gördü, salamlaşdılar, Sofiya bildirdi ki, nahar yeməyinə Olqa da onlarla bərabər getmək istəyir, Teymur etiraz etməsə o da gedər. Onu da bildirdi ki, şərt unudulmayıb, qonaqlığı Sofiya verir.
  Teymur səhər yeməyindən sonra qəsəbədə yaşayan dostlarına baş çəkməli idi. Dostlarının içərisində ağsaqqal sayılan  Murad dünən zəng edib demişdi ki, dostların hamısı onlara yığışacaqlar, Teymur da gəlsin onlara . Teymurun dostları arasında ən müxtəlif sənət sahibləri var idi. Amma onlar hamısı orta məktəbdə eyni sinifdə oxumuşdular. Hərəsi bir sənət sahibi olsalar da, uzun illərin dostluğu onları birləşdirirdi. Hətta ailələri də bir-birlərinə artıq çox doğmalaşmışdılar. Teymur indi Muradın qızları üçün şirniyyat alıb, onlar  “Nağıl”  tortunu çox sevirdilər, Muradgil tərəfə yollandı. Murad həyət evində yaşayırdı, həyətdə çoxlu ağaclar əkmişdi. Həyətdə həmçinin çoxlu qızılgüllər və yasəmən kolları da var idi. Qapını Muradın xanımı İlhamə açdı.
  -Xoş gəlmisən, ay Teymur, üzünü görək. Keçən həftədə gəlmədin. Birdən evlənərsən, xəbərimiz olmaz.  
  -İlhamə xanım, sizdən xəbərsiz heç nə olmaz. Çünki, elçiliyi də, toy danışıqlarını da siz aparacaqsınız. Bunu biz çoxdan qərara almışıq. 
  Murad da  içəri otaqdan çıxıb Teymurla görüşdü, hal-əhval tutdu.
  -Deyirəm həyətdə oturaq. Əvvəlcə bir samovar çayı, İlhamə xanım dünən paxlava bişirib, sonra da hamı yığışanda kabab çəkərik, tezdən gedib Qaladan əntiqə quzu əti almışam.
  -Çaya sözüm yoxdur, amma mən nahar üçün restorana gedəcəm, ona görə də kabab mənsiz olacaq.
  -Keçən dəfə də olmadın, onda da kabab elədik, amma balıqdan, indi nə vacib işin var yenə? Bizdən əziz adamlardır səni restorana aparanlar?
  -Əziz məsələsi deyil, artıq söz vermişəm, ona görə tez gedəcəm. Hanı uşaqlar, bir az onlarla oynayım, söhbət edim.
  Muradın uşaqları Teymuru çox sevirdilər. Hər dəfə gələndə Teymur əmiləri onlar üçün dadlı şirniyyatlar gətirir, üstəlik də onlara maraqlı nağıllar danışırdı.Indi də onu görən kimi dərhal yanına yüyürdülər. Teymur uşaqlarla bir az əyləndi, o vaxta kimi samovar çayı da hazır oldu. Çay süfrəsi ətrafında bir az söhbət etdilər. Teymur Muradın işləri ilə maraqlandı. Murad təmir-tikinti  briqadasının rəhbəri idi. Çox hərtərəfli , əlindən hər iş gələn və ifrat dərəcədə səliqəli bir adam idi. Həyətində hətta artıq bir dənə çöp də tapa bilməzdin. Hər şey bir riyazi dəqiqliklə düzəldilmişdi, hətta əkilən ağaclar, kollar belə bir-birindən eyni məsafədə yerləşirdi.
  -Hə, Teymur, işləyirik, sifarişlərimiz çoxdur, amma öhdəsindən gəlirik. İndi yeni tikintilərlə yanaşı, bərpa işlərini də tapşırırlar bizlərə. Bu da bir az çətindir.
  -Murad, sənin üçün çətin heç nə yoxdur. Hər şeyin öhdəsindən gələcəksən.
  -Yaxşı demədin, hansı restorana gedirsən, kiminlə gedirsən, yenə xəstələrin qonaq edirlər?
  -Elə bir sirrim yoxdur, Estoniyadan bir xəstəm var, jurnalistdir, Sofiya Babayevskaya, həm bizim mətbəxlə tanış olmaq istəyir, həm də Adil əmidən bir az keçmiş dövrlərə aid məlumat almaq istəyir.
 Bu yerdə İlhamə söhbətə qarışdı:
 -Teymur, bura sənin öz evindir, nə vaxt istəsən qonağını bura gətirə bilərsən, milli mətbəx haqqında nə desən məlumat verim, bişirim-düşürüm. Mənim problemim bu uşaqlardır, onlar da sən gələndə mənim üstümə gün doğur, 2 saat elə bil azadlığa çıxıram.
 -Çox sağ ol, İlhamə xanım, gələn dəfə nəzərə alaram. Hər adam da tanımadığı evə qonaq getmək istəmir. Mən bütün xəstələrimi sizə qonaq çağırsam, gərək Murad həyətin bir tərəfində restoran açsın.
 -Lap hər gün gəlin, qonaqlı ev bərəkətli olar, qonağın ruzisi özündən qabaq gələr.
  İlhamənin paxlavaları aləm idi. Hər dəfə Teymur lhamədən bu paxlavaların dadlı olmağının sirrini soruşurdu. Hər dəfə də eyni cavab alırdı: ”Nə vaxt evlənərsən, xanımına deyəcəm, sənin nəyinə lazımdır” . Ona görə də daha soruşmadı, saata baxıb getmək vaxtı olduğunu gördü. Bu vaxt ərzində dostlardan yalnız Ənuşirəvan gəlib çıxdı. O da Teymur kimi həkim işləyirdi, növbədən çıxmışdı, təcili yardımda çalışırdı. Teymurun qala bilməyəcəyindən təəssüfləndi. İlhamə Teymuru yola salarkən paxlavalardan bir neçə dənə onun çantasına qoydu, dedi ki, qoy qonaqlar paxlavanın da dadına baxsınlar.
  Teymur sanatoriyanın qapısından içəri daxil olanda Sofiya ilə Olqa artıq onu gözləyirdilər. Hər ikisi gözəl axşam paltarı geyinmişdilər, hətta saclarını da yəqin ki, usta yanında bəzəyib düzəltmişdilər.
  -Hə, gözəl həkimim, iki gözəl xanım sizi gözləyir, bəzənib-düzənib, ətirlənib hazırdırlar.
  -Doğrudan da, hər ikisi bir-birindən gözəl. Amma belə geyimlə avtobusa minmək olmaz, gərək taksi ilə gedək. Burada dayanacaqda taksilər dayanıb, biri ilə gedərik.
  Adil əmi  həmişəki yerində idi, Teymuru xanımlarla görən kimi, adəti üzrə ayağa durdu, xoş gəldin elədi.
 -Adil əmi, bunlar mənim qonaqlarımdır, həm nahar etmək, səninlə söhbətləşmək, həm də mətbəximizlə bir az tanış olmaq istəyirlər.
  -Buyurun, məmnuniyyətlə, nə maraqlandırır onları, əvvəlcə əyləşin sizi bir çaya qonaq edim.
  Sofiya və Olqa özlərini təqdim etdilər.
  -Adil əmi, bu Sofiya xanım jurnalistdir, Bakının yaxın keçmişi ilə, xüsusən də Baki milyonçuları ilə maraqlanır, mən keçən dəfə sizdən soruşduqlarımı da ona danışdım. Amma yenə də bəzi sualları var. Bu da Olqa xanımdır, idmançıdır. Eşitdiyindən, bildiyindən nə deyə bilərsən?
  -Nə maraqlandırsa sizi deyə bilərəm. Sən keçən dəfə məndən Bababəy haqqında soruşdun. Sonra yadıma düşdü ki, Bababəyin burda bağdan savayı bank idarəsi də olub. İndi maliyyə və statistika idarələri yerləşir orada.
  -Hə, doğru deyirsən, onu biz də öyrəndik.
  Hikmət keramik bəzəkli çaydanda çay və 4 armudu stəkan gətirdi. Çayın yanında mürəbbə, meyvə quruları, doğranmış xırda kəllə qənd və limon  da vardı.
  -Bax elə çaydan başlayaq, bu çaya mənim tapşırığımla  hil əlavə ediblər. Hər adam zəncəfili sevmir, yoxsa zəncəfil də deyərdim qatsınlar.
  Xanımlar çayın soyumasını gözləyirdilər. Amma ətri ətrafı bürümüşdü.
  -Əsil çayın ətri otağı doldurmalıdır. Bu ədviyyat da ona başqa rayihə verir, üstəlik  müalicəvi təsirləri də var. Yaxşı, xanımlar üçün nə sifariş edək, nə istəyirlər? Sulu yemək, yoxsa kabablar, ya qazan yeməkləri? Salatlar da varımızdır.
 Teymur xanımlara tərəf döndü:
  -Ürəyiniz nə istəyir, Adil əminin menyusu zəngindir, nə istəsəniz hazır edəcəklər.
 -Mən məmnuniyyətlə əvvəlcə bir şorba içərdim, hansı şorbalar var?
  -Elə mən də , -deyə Olqa da Sofiyanın sözlərinə qüvvət verdi.
  -Elə isə gedək mətbəxə, özünüz baxın qazanlara, hansını bəyənsəniz, ondan da yeyərsiniz. Kabab isə mənim məsləhətimdir, Etibarın assortisinin dadına baxın, orada hər şey var. 
  Qonaqlar Adil əminin təkidi ilə mətbəxə keçdilər, onların qəfildən xəbərsiz gəlmələrinə baxmayaraq, hər şey yerli yerində idi.
 -Adil əmi, Siz borş da bişirirsiniz?
 -Əlbəttə, borş bəlkə də sizlərdən çox bizdə yeyilir.
 -Baxıram axı, bir böyük qazan bişirmisiniz, deməli borş sevən müştəriləriniz də az deyil.
 -Mən elə məmnuniyətlə yarım kasa borş içərdim, - Olqa dilləndi.
 -Yox, mən başqa bir şey istəyirəm, öz mətbəxinizə aid olan nə var?
 -Bax, qızım, burda küftə də var, piti də , amma bunları yesən kababa yer qalmayacaq.
 -Baxıram, küftə tanış gəlir mənə, tefteliyə oxşayır, amma bir az iridir ətləri. Bəs piti nədir?
 -Bu qablarda olan da pitidir.
 -Anladım, biz də də güvəclərdə yeməkilər bişirilir.  Aha  deyəsən tapdım, mən bu xırda pelmenlərdən yeyəcəm.
 -Bu düşbərə adlanır, amma xirda-xırda bükülür.
  Xanımlar mətbəxdən çıxdılar, yenidən masanın ətrafında əyləşdilər.
 -Teymur, doğru deyirmişsiniz, çox zəngin mətbəxiniz var. Amma yeməkləriniz çox yağlı və kalorilidir, görünür. Yaxşı bəs plov haqqında nə məlumat almaq olar, axı Azərbaycan plovu da məni çox maraqlandırır.
 Bu yerdə Olqa da dilləndi:
  -Mən özbək plovu çox yemişəm, yəqin sizin də plov o cür dadlı olur.
 Adil əmi dilləndi:
  -Mən plov hazırlayıram,  amma əvvəlcədən sifarişlə, bir də həftənin 5-ci günləri plov veririk, müştərilərimiz bilirlər artıq. Bizim plovun özbək plovundan fərqi odur ki, biz düyünü ayrıca bişiririk, əti, toyuğu, balığı isə ayrıca.
 -Yəni balıqla da plov olur?
 -Əlbəttə, bizdə plovun 200-dən artıq növü var. Ən məşhur plov növlərindən biri elə keçmiş Bakı milyonçularının sevdiyi fisincan-plovdur.
-Yaxşı, Adil əmi, bəs Bababəy Babayev hansı yeməyi çox sevirmiş? – deyə Teymur da söhbətə qoşuldu.
-Babam danışırmış ki, Bababəyə yemək bəyəndirmək çox çətin imiş. Hətta duzu, istiotu bir az artıq- əskik olmağını o dəqiqə hiss edərmiş. Onun üçün həmişə bibisi yemək bişirərmiş.
-Babayevin qohumları da olub, kimi isə tanıyırsınız?
-Əlbəttə qohumları da olub, Babayev göydən düşməyib ki? Amma əsasən uzaq qohumları olub. O bibinin də övladları olmayıb.  Sovet hökuməti əvvəldə onları bir az sorğu-suala çəkibmiş, sonradan hamısı hətta familiyalarını da dəyişdilər ki, onları incitməsinlər.
 -Yəni onların heç birinin Babayevin mirasından, var dövlətindən xəbərləri olmayıb?
-Dedim axı, Bababəy çox maraqlı adam olub. Yaxın qohumlarını da bacarığına görə işə götürürmüş. Hətta deyirmiş ki, bilsəm ki, iki nəfərin bacarığı eynidir, birisi doğma qardaşım da olsa , o birisini işə götürərərəm. Qohumlardan ancaq onun bankında 1-2 nəfər işləyib, onlar da adi sıravi işlərdə.
 Bu zaman yeməklər süfrəyə verildi. Söhbətə bir az ara verib yeməyə başladılar, Adil əmi də ozü üçün borş  istədi, onlarla bərabər nahar etməyə başladı. Yeməklər xanımların çox xoşlarına gəldi, razılıqlarını bildirdilər.
  -Hələ bu harasıdır, indi kabab gələcək, əsil kababın necə olduğunu onda biləcəksiniz. Məmnuniyyətlə Etibara ən yaxşı kababçı adı verərdim.
  -Kabab hamının bacardığı bir yeməkdir, sadəcə hərə öz zövqü üzrə bişirir.
  -Olqa Sergeyevna, indi siz baxarsınız, lap istəyirsiniz tapşırım donuz ətindən də bir  şiş bişirsin, onun da biz də öz həvəskarları var. Bilirəm sizdə çox yeyilir, müqayisə etmək üçün deyirəm. 
  -Xeyr, xeyr, ehtiyac yoxdur, bu qədər yeməkləri kim yeyəcək.
  -Necə bilirsiniz, Teymur, nə soruşmaq istərdin, Sofiya nəyi öyrənmək istəyir?
  -Adil dayı, siz dediniz ki, Babayevin bağında axtarış aparan əməliyyatçı sizin müştərinizdir. Onunla bir söhbət etmək istərdik, Sofiya üçün maraqlıdır.
  -Teymur, düzü uzun müddətdir ki, həmin adam buraya gəlmir. Amma onun bir dostu var, o, hərdən gəlir, onlar həmişı bərabər gəlirdilər. Elə bu günlərdə gəlməlidir. Xeyir ola, o adam niyə sizi maraqlandırır?
  Sofiya söhbətə qarışdı:
  -Adil əmi, Teymura siz danışmısınız ki, o qrupun rəhbəri nazirin bağından, daha doğrusu Babayevin bağından qızıl tapıb, yəni axtarış ediblər, yəqin ki, aparat vasitəsilə, bir divardan qızıl tapılıb. Mənim üçün çox maraqlıdır ki, niyə hər yeri axtarmayıblar, bəlkə elə başqa yerlərdə də qızıl varmış? Həm də nazir deyib ki, bu mənim qızılım deyil, deyirəm bəlkə elə Babayevdən qalan təkcə o qızıl deyil?
  -Sofiya, qızım, bu sualı ona çox adam verib, özü dedi ki, sonra idarədə əməliyyat müşavirəsində  prokuror, müstəntiq, hətta işə nəzarət edən daxili işlər nazirinin müavini də bu haqda ondan soruşublar. Adam deyir ki, arxa divardan başqa, o birisi  divarları səthi, elə-belə axtardıq. Çünki adətən xəzinəni arxada gizlədirlər. Başqa divarlarda isə heç nə tapılmadı.
 -Aydındır. Bir qadın və bir jurnalist marağı bu sualı verməyə məcbur etdi məni, Adil əmi. Teymur danışanda mənə elə gəldi ki, bütün divarlarda Babayev qızıl gizlədib.
  -Sofiya, qızım, qızıl çoxlarını həvəsə salır. Ümumiyyətlə pul, var-dövlət toplamaq insanın bir arzusudur. Amma baxır hansı yolla. Və bir də onu sənə deyim ki, qazanmaqdan daha çox xərcləməyi bacarmaq lazımdır. Mənim uşaqlıq dostlarımın bir çoxu neftçi fəhlə işləyirlər, maaşa baxırlar. Bəzən mənim bir həftədə qazandığım onların bir aylıq maaşı qədər olur. Amma onlardan heç birinin nədənsə ehtiyacı olduqlarını hiss etməmişəm. Dövlət hamısına ev verib, bəzilərinə hətta bağ yeri də ayırıb. Daha başqa nəyə pul  lazımdır ki? Gərək gözütoxluğu da bacarasan, tamahını üstələmək hər adamın işi deyil. Qaldı ki, toplamaq, gizləmək, atalar deyir ki, yedin dadındır, verdin adındır, yığdın yadındır.  Bax gördüyün Adil əmin də birinci iki prinsiplə gedir.
  Bu yerdə söhbətə Olqa da qoşuldu.
  -Mən də razıyam Adil əminin dediyi ilə. Mənə də dövlət ev verib, maaşım da pis deyil, arada mükafat da alıram, pulu yığıram ildə bir dəfə məzuniyyət götürüb gəzmək üçün. 1-2 dənə qızıl əşyam var, o da bəsimdir.
  Teymur dilləndi:
  -Yaxşı, Hikmət kababı gətirir, gəlin dadına baxaq, sonra fəlsəfi söhbətimizi davam edək.
  Kabab iri buludda gəldi,  burda həm tikə, həm lülə, həm də ciyər, toyuq da vardı. Yanında badımcandan, pomidordan, bibərdən, kartofdan və göbələkdən də kabab düzülmüşdü.
  -Bəh-bəh, doğrudan da gözəllikdir ki, elə yeməsən də doymaq olur.
  Adil əmi fəxrlə süfrəyə baxaraq,
  -Teymur düzü təklif eləmədim, bəlkə xanımlara şərabdan-filandan nəsə lazımdır?
  -Hə, doğrudan da, nəyin var?
  -Yaxşı şərabım var, “Çinar” şərabı, istərsiniz versinlər, yerli istehsaldır, çox bəyənirlər. Düzdür bizim kişilər daha çox araq və konyak içirlər, amma xanımlar da hərdənbir  gəlirlər restorana, ona görə də az da olsa ehtiyatda saxlayıram.
  Sofiya və Olqa etiraz etmədilər. Tünq qırmızı qan rəngli sərin “Çinar” şərabı da onların çox xoşuna gəldi. Kababa isə söz ola bilməzdi.
  -Adil əmi, yenə çay istəyirik. Üstəlik mənim üçün paxlava qoyublar. Bayaq çıxarmadım ki, paxlava yesələr yemək yeyə bilməyəcəklər. Amma indi dadına baxmaq olaq.
  -Oldu, tapşıraram indi.
  Bu ərəfədə Adil əmini mətbəxə çağırdılar. Bu zaman Sofiya çantasını açdı, 50 manat çıxarıb Teymura uzatdı.
  -Xahiş edirəm, hesabı ödə. Heç bir fokus da lazım deyil. Amma mənə de görüm çatacaq yoxsa yox.
  -Əlbəttə çatacaq. Narahat olma, amma düz eləmirsən, bizim bütün qayda-qanunları pozursan.
  -Teymur, əzizim , mənim əziz həkimim, mən ümumbəşəri qaydalara riayət edirəm. Onlar milli qaydalardan daha üstündür. 
  Çay dəstgahı da bitdikdən sonra Adil əmi ilə sağollaşıb restorandan çıxdılar. Teymur təklif etdi ki, sanatoriyaya qədər gəzə-gəzə getsinlər. Xanımlar məmnuniyyətlə razılaşdılar.
   Yol gedə-gedə Sofiya əvvəlcə bir müddət susdu, sonra isə Teymurun qoluna girərək,
  -Olar sənin qoluna girim, bir az söhbət etmək istəyirəm. – dedi.
  -Təəssüf  ki, yox, bizim adətlər buna imkan verməyəcək. Amma söhbət nə qədər istəsən edə bilərsən.
  -Bir tərəfdən çox xoşum gəlir sizin bu adət-ənənələrdən, bir tərəfdən də çox məhdudiyyət var. Axı burda nə var ki, bərabər qol-qola getsək?
  -Sonya, sən 2-3 günə çıxıb gedəcəksən, amma mən daim burda yaşayıram, sonra deyəcəklər ki, həkim hər gün bir xanımla qəsəbədə qol-qola gəzirdi. Axı sənin səmimiyyətini hər kəs anlamır.
  -Anladım, bəs Olqa da bir tərəfdən qoluna girsə necə? Deyəcəklər ki, bu lap əsil Don Juandır ki?
  -Yaxşı zarafata salma. Buyur danış görüm fikrin nədir? Nə qərara gəldin? Adil əminin deməsinə görə həmin operativ qrupun rəhbərini tapmaq hələ mümkün deyil.
  -Doğrudur, hələ ki, ondan ala biləcəyimiz informasiya da məncə bir əhəmiyyət verməyəcək. 10 il əvvəl olmuş bir hadisədən nəsə bir epizod bilmirəm bizə nəsə verəcəkmi.
  -Sən ondan nə öyrənmək istərdin?
  -Mən sadəcə bilmək istərdim ki, qızıl tapılan divardaxəzinə hansı daşın altından çıxib?
   Bu yerdə Olqa da söhbətə qoşuldu:
  -Sonya, nə xəzinə, nə haqda danışırsınız, bütün günü qızıldan, xəzinədən bəhs edirsiniz, nə qızıldır bu belə?
  Sofiya söhbəti dəyişdi:
  -Olya, dedim axı sənə, bu keçmiş milyonçuların qoyub getdikləri evlər, bağlar məni çox maraqlandırır. Teymura deyirəm ki, yəqin onların mirasları da qalıb, xəzinələri-filanı. Deyirəm bəlkə axtaraq?
  -Eh, mən də dedim bir ağıllı söhbət edirsən, indiyə qızıl qalar, tapan tapıb, aparan aparıb.
  Teymur da Olqanın dediklərinə qüvvət verdi:
  -Bizim işimiz tapanların sevincinə şərik olmaqdır. Tapmaq da asan deyil a, bilirsinz yəqin ki...
 Sofiya Teymura tərəf döndü:
  -Teymur, sən bir Mansur müəllimlə əlaqə saxla, mümkün olsa görüşək onunla.
  -Mansur müəllimlə? Xeyir ola, onu neynirsən?
  -Səbəbini sonra deyəcəm, bax, gör,  mümkündür?
  -Elə bu gün danışaram, yəqin ki, yox deməz.
 
   Elə də oldu. Mansur müəllimlə danışıq zamanı heç bir söz soruşmadan çərşənbə gününə, günortadan sonra  vaxt təyin etdi. Teymurun bir gün öncə növbəsi olduğundan həmin gün işdən tez çıxacaqdı. Qərara aldı ki, həmin gün Sofiya ilə bərabər görüşdən ya əvvəl, ya da sonra Bakını da gəzsinlər. Elə Mansur müəllimin iş yeri də məşhur Bakı filarmoniyasının yanında idi. Həftənin ikinci günü Teymur növbədə olarkən yenə Sofiya onun yanına gəldi.
  -Salam, mənim gözəl həkimim, necəsən?
  -Təşəkkürlər, Sonya. Biz sabah Mansur müəllimin yanında olmalıyıq, saat 15.00-dan sonra.
  -Bu çox gözəl oldu, bəs sən işdə olmayacaqsan?
  -Xeyr, sabah növbədən çıxıram deyə, tez gedə bilərəm. Səni saat 1-də gözləyəcəm, yəqin ki, görüşdən sonra da Bakının görməli yerlərini gəzərik.
   -Bu lap əla olar. Mən Qız qalası haqda çox eşitmişəm, onu da mənə göstərərsən. Bir də, Teymur, mən istəyirəm Mansur müəllimə hər şeyi danışım. Eyni zamanda ondan bir məsləhət də alım. Sən onun haqqında danışanda ağlıma gəldi ki, biz heç cür qanundankənar bir yolla bu xəzinəni əldə edə bilmərik. Çünki hər cür söz-söhbətlər yayıla bilər. Bir də onu deyim ki,  ikimiz birlikdə  nə bağçanı, nə də maliyyə idarəsini söküb qızıl axtara bilmərik. Lap mənim bir varis kimi halal mirasım olsa belə, dövlətin bir təminatı olmalıdır. Deyirsən ki, Mansur müəllim özü də bəy nəslindəndir. O məni daha yaxşı başa düşər. Bir də səndən bir xahişim də var. Mansur müəllimdən bir məsləhət alandan sonra, məni apararsan notariusa.
  -Haraya, notariusa? Niyə?
  -Mən bu həftə gedirəm , istirahət müddətim başa çatır. Mən səni özümün tam səlahiyyətli vəkilim olmağını istəyirəm ki, sabah birdən nəsə bir xoş xəbər olsa, mənim əvəzimdən hər şeyi sən həll edəsən. Hər şeyi bilirsən. Mən sənə hər həftə zəng edəcəyəm. Birdən lazım olsa öz hesabıma məzuniyyət götürüb gələ də bilərəm. Eyni zamanda səni də Tallinə dəvət edirəm ,  burda Bakıda yeri-göyü gün yandıranda Tallində sərin olacaq. Mən sənə olan  bu borcumu qaytarmaq istəyirəm.
  -Bu haqda danışmaq hələ tezdir. Nə borc , nə filan , hər şey qaydasındadır.
  Bakı şəhər partiya komitəsinin binası filarmoniyanın yanında yerləşirdi. Bir az yuxarıda isə Mərkəzi Komitənin yeni istifadəyə verilmiş əzəmətli və möhtəşəm binası ucalmışdı.  Teymurgili çox gözlətmədilər. Mansur müəllim binanın mühafizəçilərinə öncədən xəbərdarlıq etmişdi. Hər ikisi sənədlərini təqdim edib, buraxılış vərəqəsi aldılar, mühafizəçinin müşayiəti ilə ikinci mərtəbəyə qalxdılar. Mansur müəllim Teymurgili otağın otasınd qarşıladı.
  -Nə əcəb səndən, Teymur, yoxsa partiya məsələsi burdən beyninə batdı? Bəs dedin payızda gələcəksən.
  -Yox, Mansur müəllim, gəlməyimin səbəbi başqadır. Bu xanım Sofiya Babayevskayadır, bizim sanatoriyaya istirahətə gəlb, Tallindən, bu həftə sonu vaxtı bitir, gedir. Xahış edirəm, özünü dinləyəsiniz.
  -Buyurun, əyləşin, çox şadam tanışlığımıza, mən Tallində çox olmuşam. Çox gözəl şəhərdir. Əvvəl deyin görüm çay yoxsa qəhvə içəcəksiniz?
  Sofiya qəhvə istədiyini bildirdi, Mansur müəllim ona və özü üçün qəhvə siasriş verdi, Teymur isə çay istədi. Hər üçü otağın küncündə olan balaca stolun ətrafındakı kreslolarda əyləşdilər. Sofiya qəhvənin gəlişini gözləmədən sözə başladı. Teymura danışdığı kimi, Babayev haqqında bütün bildiklərini , eşitdiklərini və məqsədini Mansur müəllimə danışdı. Arada Teymur haqqında da danışmağı unutmadı. Sofiyanın hekayəsi  nə qədər uzun çəksə də, Mansur müəllim gözünü belə qırpmadan onu çox böyük diqqətlə dinlədi. Sofya söhbətini bitirəndə bir dərindən nəfəs aldı, sınayıcı nəzərlə Mansur müəllimin üzünə baxdı.
  -Mansur müəllim, mən bilmək istəyirəm ki, indi o qızıllar tapılsa, mənə varis kimi nə miras düşür? Hamısını ya da bir qismini almaq olarmı?
  Mansur müəllim dərin fikrə getdi, sağ əli ilə gicgahını asta-asta ovuşduraraq heç bir söz demədən Sofiyanı süzürdü. Sofiya bu baxışlardan özünü bir az narahat hiss etdi, yerində qurcalanmağa başladı. Onun narahatlığını hiss edən Mansur müəllim indi də nəzərlərini Teymura yönəltdi. Teymur isə sakitcə oturmuşdu, armudu çay stəkanını əlində sıxıb durmuşdu. Nəhayət Mansur müəllim sükuta ara verdi, ağır-ağır dilləndi:
  -Uşaqlar, siz bilirsiniz içərisində oturduğumuz nə binadır? Bu da həmin milyonçulardan birinindir. Bəlkə bunun da divarlarında kilolarla qızıl , var-dövlət, xəzinə gizlədilib. Amma indi nə edək, binanı sökək?
  -Xeyr, xeyr, biz heç bir yeri sökdürmək istəmirik. Sadəcə sizin yanınıza da həm bir rəhbər kimi, həm də bir o nəslin nümayəndəsi, varisi kimi gəlmişik. Teymur dediyi kimi, mən bu həftə sonu gedirəm. Amma bir varis kimi bilmək istərdim,əgər  babamın mirası tapılsa, mənə ondan nə çata bilər, lap elə miras tapılmasa da, mən babalarımım mülklərinə hər hansı bir sahiblik iddiası qaldıra bilərəmmi?
  -Sofiya, qızım, bunlar hamısı yeni məsələlərdir, hələ qanunlar da yeni işlənir, ola bilsin sizi rəsmi şəkildə varis elan edəcəklər.Bilirsiniz, ölkədə yeni dəyişiliklər gözlənir, yenidənqurma siyasəti elan olunub. Amma nə necə olacaq, deyə bilmirəm, çünki mənə də çox şey aydın deyil. Məsləhət görərdim ki, ya bizim Mərkəzi Komitəyə, ya da Nazirlər Sovetinə bir ərizə ilə müraciət edəsən, ola bilər bu məhkəmə yolu ilə olsun, hər halda sənin də hüquqşünas dostların yəqin ki, çoxdur. Sənin varislik hüququn tanınmalıdır. SSRİ-nin hər yerində eyni qanunlar işləyir, bu işin bir hüquqi bazası olar yəqin ki. Qaldı ki, qızıl məsələsinə, zaman-zaman bu məsələnin ardınca çoxları düşüb. Sonunda həbsə də düşən olub, əlii-ayaqlı itən də olub. Çoxları heç bilmədən kor-koranə oranı-buranı qazıblar ki, nə isə tapacaqlar. Mən söz verirəm ki, bu məsələ ilə ciddi məşğul olacam. İlk növbədə həmin bağçanın mühafizəsini gücləndirəcəm. Ola bilər bəlkə də sizdən kimsə nəsə eşidər, ola bilər kiminsə sadəcə marağı olar, hər halda bu məsələyə nəzarətim olacaq. Qaldı ki, mənə müraciət etməyinizə, mən sizin bu hərəkətinizi çox dəyərləndirirəm. Bu təkcə mənə etimad yox, həm də sizin hər ikinizin qanuna , dövlətə hörmətinizdir. Fərqi yoxdur, harda , hansı quruluşda yaşamasından asılı olmayaraq, hər kəs öz istəyini bir qanun çərçivəsində reallaşdırmalıdır.
  Mansur müəllim sonra üzünü Teymura tərəf tutdu:
  -Hə, partiyaya verirsən namizədliyini?
  -Mansur müəllim, payızda dedim gələcəm.
  -Qonağını şəhərlə tanış etmisən, yoxsa yox, indi vaxt var, gözəl də havadır, gedin gəzin, istəyirsiniz Şərəfə deyim aparsın sizi.
  -Yox, yox, Mansur müəllim, elə bu ətraflardan başlayacağıq gəzintiyə, Filarmoniyanı, İsmailiyyəni, İçərişəhəri göstərib , oradan da Qız qalasına gedəcəyik. Bir az da bulvarı gəzəcəyik.
  -Çox gözəl, amma Sofiya xanım, dediyim müraciəti unutmayın, həm Mərkəzi Komitəyə, həm Nazirlər Sovetinə, həm də Ali Məhkəməyə məktubla müraciət edin. Əminəm ki, müraciətinizə müsbət cavab alacaqsınız. Məktuba babanızla bağlı əlinizdə olan bütün sənədləri də əlavə edin , yaxşı olar ki, notariusda təsdiqlənmiş olsun.
  Sofiya və Teymur Mansur müəllimlə sağıllaşıb ayrıldılar. Həyətə düşəndə Sofiya üzünü Teymura tutaraq dedi:
  -İnanırsan, Teymur , mən inana bilmirəm ki, biz belə bir vəzifə sahibi ilə bu cür səmimi və aydın danışdıq. Mən çox vəzifə sahibləri ilə təmasda olmuşam, amma bu cür ağıllı, məntiqli və ən əsası səmimi bir insan görməmişəm. Onun dedikləri tam həqiqətdir. Xəzinəni əldə etməyin yolu ancaq hüquqi yoldur, o zaman heç bir qorxum, hürküm də olmayacaq. Mən əminəm ki, babamın mirasından nələrə isə sahib olacam, bunu gün kimi aydın görürəm, sadəcə bir az uzun vaxt aparacaq. Mən bu gün bütün məktubları və sənədləri hazırlayacam, amma notarius mütləq mənə lazımdır, söz verdiyim kimi, mənim əvəzimdən müvəkkilim kimi sən burda bütün məsələlərə cavab verə biləcəksən, birdən nə lazım olsa dərhal mənə xəbər edəcəksən, mən də dərhal gələcəyəm. Yazdığım məktublara cavab almaq üçün  həm özümün yaşadığım Tallin şəhərini, həm də sənin ünvanını göstərəcəm.
  -Sofiya, düzü səninlə tanışlıq mənim üçün çox maraqlı oldu. Qızıl tapmasaq da, sənin kimi bir insanla tanış olmaq mənə çox xoş oldu.
  -Teymur, əslində mən  qızılı tapdım, özü də canlı qızılı, adı da Teymurdur o qızılın. Mübaliğəsiz deyirəm, sən mənim həyatımda rast gəldiyim ən ideal bir insansan. Bəlkə bir az cavan olsam, səndən əl çəkməzdim,  amma ağlım hisslərimə qalib gəlməyi bacarır. Bizim dostluğumuz mənim üçün bir xəzinədən də dəyərli olacaq.
 -Yaxşı, yaxşı, bu etirafları çox ağartma, birdən mən də çevrədən çıxa bilərəm. İndi isə gəl səni bu Filarmoniya ilə tanış edim.
   Teymur axşama qədər Sofiyanı Bakının maraqlı görməli yerləri ilə tanış etdi, arada  gənclərin sevimli  yeri olan  “Nərgiz” kafesində nahar da etdilər. Teymur Sofiyanı yenidən sanatoriyaya qədər ötürmək istədi, lakin Sofiya razılaşmadı.
  -Məni avtobusa mindir, kifayətdir, yadındadır 20 gün əvvəl ilk tanışlığımız?
  -Əlbəttə , yadımdadır.
  -Bax orayacan gedək, sonra qayıt evə. Bir də mənim sənin anan üçün bir hədiyyəm də var, rica edirəm imtina etməyəsən. Bu bizim Pribaltikada çox məşhur olan kəhrəbadan düzəldilmiş boyunbağıdır. Sən həkimsən, yaxşı bilərsən, deyilənə görə müalicəvi təsiri də var.
  Sofiya çantasından balaca bir qutu çıxartdı, açıb boyunbağını göstərdi. Doğrudan da, sadə bir boyunbağı olsa da çox gözəl idi.
  Teymur Sofiyanı yola salıb evə qayıtdı. Hədiyyə anasının çox xoşuna gəldi, amma yenə də öz sözünü dedi:
  -Teymur bunu sənin xanımına bağışlayacam, ilk uşağınız olanda , daha tərpən də.
  -Oldu , ana, söz verirəm artıq, yəqin ki, bu payız bir qərara gələcəm.
  Bir neçə gün sonra Teymur Sofiyanı aeroportdan yola saldı . Ötən müddət ərzində nəzərdə tutduqları bütün işləri görmüşdülər, Sofiya məktubları göndərmişdi, Teymurla bərabər notariusa gedib ona vəkalətnamə vermişdi. Ayrılarkən bir daha Mansur müəllimim yanından çıxandan sonra dediyi sözləri təkrar etdi:
  -Mən axtardığım qızılı tapdım, düzdür tam mənim deyil, amma mənə kömək  olacaq.
                                                                     Epiloq
  Bir aydan sonra Bakı şəhər partiya komitəsinin qərarı bütün qəzetlərdə dərc olundu. Bu qərarla mədəni-tarixi irsin araşdırılması və qorunması məqsədilə  komissiya yaradılmışdı. Komissiyanın rəhbəri Mansur müəllim təyin edilmişdi. Komissiyaya Mansur müəllimin təklifi ilə ictimaiyyətin nümayəndəsi kimi  gənc həkim Teymur Məmmədov da daxil edilmişdi. Komissiya bir  il ərzində bütün tarixi binaların qeydiyyatını aparmalı, lazım olan binalarda bərpa işləri aparmalı idi. Gələcəkdə bu binalardan ancaq muzey və kitabxana kimi istifadə etmək  komissiyanın qərarında nəzərdə tutulurdu.
Bərpa işləri Teymurun dostu Muradın rəhbərlik etdiyi təmir-tikinti idarəsinə tapşırılırdı.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac