Xəbər lenti

 Şrift:



               Həkimin hekayələri silsiləsindən...

                                                                   
                                             Falçı

                                                            hekayə

   Həkim olmağa hazırlaşan əksər tələbələr kimi, mən də 3-cü kursdan sonra gecə növbəsinə işə düzəlmişdim. Bu, bir tərəfdən maddi dəstək olsa da, digər tərəfdən sözün əsil mənasında, təcrübə meydanı idi. Tələbə vaxtı işləyə-işləyə təcrübə yığan gənc həkimlər, barıt qoxusu ilə tanış olan döyüşçülərə bənzəyirdilər. Həkim kimi müstəqil işə başladıqda isə, artıq çox şeylər onlara bəlli olurdu. “Əla” qiymətlərlə oxuyan tələbələr belə, gecə növbələrində təcrübə keçməsələr, müxtəlif xəstələrlə üzləşməsələr, sonra işlədikləri müddətdə əvvəl-əvvəl onlar üçün çətin olurdu.  
Mən, yaşadığım qəsəbədə yerləşən bir sanatoriyada işə düzəlmişdim. Həftənin 5 gününü gecə növbələrində axşam saat 18.00-dan səhər saat 7.00-a kimi işdə olur, sonra isə oradan dərsə gedirdim. Birinci ay bir az çətin olsa da sonralar öyrəşdim. İşlədiyim müəssisədə müalicə olunan xəstələr respublikanın bütün bölgələrindən idilər. Həm də xroniki xəstəliklər ilə müalicəyə gəldikləri üçün tibbi dərsliklərdə yazılan bütün xəstəlikləri müşahidə etmək mümkün idi.
  Payız günlərinin birində növbəyə təzəcə başlamışdım ki, tibbi əməliyyatlar otağına bir qız daxil oldu.
-Salam, həkim!  Mənim axşama iynələrim var. Saat 21.00-dan sonra. Amma mən bir az tez gəlmək istəyirəm, 20.40-da, olarmı?
  -Salam, xanım qız!  Əvvəla tibbi kitabçanızı verin, baxım hansı iynələrdir, əgər vaxtla vurulursa, onda mümkün deyil, yox, sadəcə axşama təyin olunubsa, vaxtdan asılı deyilsə, olar.
 -Buyurun, baxın, mənim həkimim Kərimovdur, o təyin edib.
 Tiibi kitabçaya baxdım, nə vaxt vurulaçağının zamandan asılılığı yox idi. Ona görə də, - buyurun, axşam yeməyindən sonra nə vaxt istəsəniz gələ bilərsiniz, - dedim.
            -Təşəkkür edirəm! Qoyun, tibbi kitabçam da burda qalsın, gələndə götürərəm.
    Xanım qız otaqdan çıxdı. O, bəstə boylu, qaraşın, arıq bir qız idi. Uzun qara saçlarını çiyninə tökmüşdü, alnına isə bir dəstə tel ayırmışdı. İri, qara gözləri var idi, ilk baxışdan mənə müxtəlif filmlərdə, ekranda və həyatda gördüyüm qaraçı qızlarını xatırlatdı. Tibbi kitabçaya baxdıqda adının Zemfira olduğunu bildim.
“Bəli də, növbəyə qaraçılarla başladıq” – deyə öz-özümə fikirləşdim. Əslində xəstənin kim olmasının mənim üçün heç bir fərqi yox idi. Amma müxtəlif insanlarla söhbətlər, fikir mübadiləsi bir gənc həkim kimi mənə əhəmiyyətli idi, həmişə nəsə öyrənmək olurdu.
   Sanatoriyalarda axşam prosedurları, adətən şam yeməyindən sonra, 20.00 – 20.15 radələrində başlayır.
   Tibbi əməliyyatlar otağında xəstələri qəbul etməyə başladım. Elə çox adam yox idi. Sonuncu olaraq otağa Zemfira daxil oldu.
              -Bir də salam, həkim! Mən gəldim! 
    -Buyurun, əcəb elədiniz!
Tibbi kitabçada həkimin verdiyi təyinata bir daha baxdım. Sakitləşdirici və spazmolitik tərkibli inyeksiya təyin edilmişdi. Şkafı açıb dərmanları hazırlamağa başladım.
 Zemfira üzünü mənə tutaraq dedi:
-Həkim, görəsən bu müalicənin mənə faydası olacaq? Çox narahat hiss edirəm özümü.
-Əlbəttə, olacaq. Sizə bu yaşda xəstələnmək yaraşmır.
 -Eh, həkim, baş ağrısı olmasın, mən ümidimi itirmişəm. Neçə ildir əziyyət çəkirəm!
-Bir az ətraflı deyin, niyə narahatsınız, bizdə çox xəstələr şəfa tapıblar.
-Həkim, mən öz müalicə həkimim Kərimova da danışdım, 5-6 ildir ki, əsəblərim məni narahat edir. Həmişə öz rayonumuzda müalicə almışam. İndisə sosial-təminat şöbəsi göndəriş verdi ki, get Bakıda , sanatoriyada müalicə al, bəlkə bir az faydası oldu.
Proseduranı yerinə yetirəndən sonra, tibbi kitabçaya da göz gəzdirdim. Əslində Zemfiranın diaqnozu elə də ciddi xəstəlikdən xəbər vermirdi. Sadəcə, daha çox xəstənin özündən, onun ətrafından, yaxınlarından asılı olan bir vəziyyət idi. Həyat tərzini bir az dəyişməklə, öz üzərində məşğul olmaqla bu xəstəliyə qalib gəlmək olardı. Odur ki, Zemfiraya bir az ürək-dirək vermək qərarına gəldim.
Bilirsinizmi, Zemfira xanım, yəqin ki, həkiminiz də deyib, bu xəstəlik daha çox Sizin özünüzdən asılıdır. Dünyanın harasına getsəniz də, Sizə belə deyəcəklər.
-Bilirəm, həkim, amma bilirsiniz mən nələr yaşamışam, indi nələr yaşayıram?
 Zemfiranın kiçik həyat tarixçəsini dinləmək mənim üçün o qədər də maraqlı olmasa, amma dinləməyə məcbur idim. Onun müalicə həkimi yəqin ki, bütün bu vəziyyətlə tanış idi, müvafiq də təyinatlar vermişdi. Zemfiranın deməsinə görə, ailədə 9 uşaqdırlar, 2 qız və 7 oğlan. Böyükləri Zemfira idi. Bir neçə il əvvəl anaları qəflətən rəhmətə getmişdi. Ailənin bütün ağırlığı da böyük qızın , hələ orta məktəbin sonuncu sinfində oxuyan Zemfiranın üstünə düşmüşdü. Amma çətinliyə dözməyən atası yenidən evlənmişdi, ögey ana ilə də Zemfiranın münasibətləri bəzən düz gətirmirdi. Doğrudan da təsəvvür edəndə, çətin vəziyyət idi. Xüsusən də az təminatlı kənd ailəsi üçün çox çətin idi. Bu da gənc bir qızın əsəblərinə təsir etməyə bilməzdi.
  Zemfira köks ötürərək ayağa qalxdı, tibbi kitabçasını götürüb:
-      Həkim, bağışlayın, başınızı da ağrıtdım. Gedim uzanım, görüm yata bilirəmmi. İnanırsınız, yuxu yata bilmirəm. Neçə ildir ki, səksəkədəyəm.
-      Buyurun, xanım. Sabah da növbədə mən olacam. Amma indi yata bilməsəniz, gələrsiniz, ya başqa dərman verərəm , ya da bir az söhbət edərik. Sizə daha çox danışmaq, dərdinizi bölüşmək, yüngülləşmək lazımdır.
      Zemfira otaqdan çıxdı. Mən də tibbi əməliyyatlar otağında işlərimi yekunlaşdırıb, sanatoriyada ümumi axşam baxış-gəzintisinə başladım. Hər şey sakitlik idi. 4 mərtəbəli bunada müalicə alan xəstələrimizin əksəriyyəti artıq öz otaqlarında idilər, amma tək-tük insanlar həyətdə və dəhlizdə gəzişirdilər.
   Yenidən öz otağıma qayıtdım, sabahkı dərslərimə hazırlaşmağa başladım. 2 saat məşğul olduqdan sonra, bir az havaya çıxıb gəzmək qərarına gəldim. Həyətə çıxanda yenidən Zemfira ilə rastlaşdım. Bir yaşlı qadın ilə asta-asta gəzirdilər.
-      Həkim, yata bilmədim, bu otaq yoldaşımdır, adı Valyadır, Sumqayıtdan gəlib, rus olsa da bizim dilimizi təmiz bilir. Dedi gəl çıxaq bir az təmiz havada gəzinək, yatmazdan qabaq faydalıdır.
-      Əlbəttə, doğru etmisiniz.
Valentina Petrovna(Valya) da mənimlə salamlaşdı və sözə başladı:
-      Həkim, mən Zemfiraya deyirəm ki, hər şey özündən asılıdır, özünü sakitləşdirməyi bacar. Bunu bacarsan, xəstəliyin də keçib gedəcək.
-      Doğru deyirsiniz, amma hər adam da bunu bacarmır axı. İndi bir az da biz ona dəstək olacağıq, yaxşı olar hər halda.
Mən də onlarla bərabər bir az açıq havada gəzəndən sonra otağa qayıtdım.Bu müddətdə Valentina Petrovna da özü haqqında danışdı. Üzün müddət xüsusi dövlət idarələrində psixoloq işləmişdi. İndi təqaüddə idi. Zemfira ilə tanış olanda o da qızın həyat tarixçəsindən bir az müttəssir olmuşdu. Bayırdan içəriyə gələndə Zemfira məndən əlavə sakitləşdirici həb verməyimi xahış etdi. Dərmanı verərək soruşdum:
-      Zemfira xanım, neçə gündür gəlmisiniz, yaxşılığa doğru dəyişilik hiss edirsinizmi?
-      Əlbəttə, həkim, burda hər şey əladır. Gündə 3 dəfə rejimlə yemək, saat 5.00-də çay, axşam gecəyə 1 stəkan qatıq, hər gün  müalicə alıram, mənə diqqət və qayğı ilə yanaşırlar. Sanatoriyada hamı məni öz yaxını bilir. Lap burda vəziyyətim düzəlsə də, yenə gedib kənddə əvvəlki vəziyyətimə düşəcəm. Buralarda bir iş tapsam qalıb işləyərdim, həm ailəmə kömək edərdim, həm də başım qarışardı.
-      Yaxşı, nə iş istəyirsən, əlindən nə gəlir?
-      Həkim, mən kəndçi qızıyam, əlimdən nə gələcək ki? Uzaqbaşı qabyuyan, süpürgəçi işləyə bilərəm, amma o maaşla necə yaşamaq olar? Evim-eşiyim yox, bir qohum-əqrabam yox, neyləyə bilərəm.
-      Darıxmayın, Zemfira xanım, əsas sağlamlıqdır, əvvəlcə sağlamlığınızı bərpa edin, sonra qalan şeylər düzələr.
Zemfira dərmanını alıb otağına getdi, mən də dincəlmək üçün uzandım.Amma bu qızın belə qəribə taleyi məni düşündürdü. Nə etmək olar, həyatdır, hərə öz alın yazısını yaşayır.
Növbəti gün axşam yenə də növbədə idim. Xəstələrimizin şam yeməyi zamanı Zemfiranı gördüm, elə Valentina Petrovna ilə birgə oturmuşdular. Məni görüb hər ikisi salamlaşdılar, onlara “Nuş olsun” dedim. Axşam yeməyindən sonra Zemfira yenə də otağa gəldi, bu dəfə əlində bir kitab tutmuşdu.
-      Həkim, yenə gəldim iynələrim üçün, mümkün olsa o günkü həbdən də verin, bir də Sizi narahat etməyim.
-      Buyurun, bu həblər, indi iynələri də hazırlaram. Çox xoşum gəldi kitablarla maraqlanmağınızdan, kitab oxumaq da Sizə müalicənizdə kömək olar. Amma nə kitabdır elə o?
-      Həkim , mən çox kitab oxumuşam, kəndimizdəki kitabxanada olan kitabların hamısını oxumuşam. Amma bu maraqlı kitabdır, Valya verib, oyun kartları və fala baxmaq haqqındadır. Sən demə, burda da maraqlı məsələlər varmış, başımı qarışdırmaq üçün oxumağa başladım, çox maraqlı gəldi mənə.
-      Ola bilər,Zemfira xanım, amma birdən Siz də sonra adamların falına baxmaq istəyərsiniz. Fikir verməyin, bunlar mənasız söhbətdir.
Bu məqamda Zemfira birdən duruxdu, sanki birdən nəsə beyninə və ya xatirinə düşdü, azca fikirləşərək gülümsünüb dedi:
-      Eh, mənim özümün tale falına baxan lazımdır desin ki, məni nə gözləyir.
Bu yerdə mən də söhbəti bir az da yumor istiqamətində yönəldərək, gülə-gülə dedim:
-      Zemfira xanım, baxın, iş axtarırsınız, bu da iş.
-      Həkim, nə danışırsınız, mən indi falçılıq edim?
Bu məqamda  Zemfiranın otaq yoldaşı Valentina Petrovna da otağa daxil oldu. Bizim güldüyümüzü görüb, nə baş verdiyini soruşdu. Zemfira dedi:
-      Valya xala, həkim deyir ki, bu falçılıq kitabını çox oxuma, birdən dönüb falçı olmaq istəyərsən.
-      Olsan nə olacaq ki, guya falçılar qeyri-adi adamlardır, - deyə Valentina Petrovna da zarafatı davam etdirdi. – Amma özün də bir az oxşayırsan, qaraçı falçılarına, maşallah, həm də dilli-ağızlısan.
-      Zemfira, bu yerdə mən də təsdiq edirəm, maşallah, həm savadınız var, həm də dildən çox pərgarsınız.
Bizim zarafatlarımızın Zemfiraya xoş gəldiyini hiss etdyimiz üçün söhbəti davam etdirdik.
-      Bilirsən ki, indi insanların hamısı müəyyən çətinlik yaşayırlar, bir tərəfə çıxmaq üçün yol axtarırlar.  Onlara xoş söz nə desən bəyənəcəklər.
Valentina Petrovna da əlavə etdi:
-      Üstəlik bilirsən ki, hamının dərdi-səri eynidir. Gəlinlər qaynanalarından, baldızlarından, qaynanalar gəlinlərindən,  kişilər arvad qohumlarından, cavanlar qocalardan, qocalar cavanlardan narazılıq edirlər.
Zemfira da bizim zarafatlara qoşuldu:
-      Üstəlik kəndə qayıdanda da deyərəm ki, müalicə olunmağa getdim, falçı oldum gəldim.
   Valentina Petrovna da özü üçün sakitləşdirici həb aldı, sonra bərabər otaqdan çıxdılar. Mən də öz cari işlərimlə məşğul olmağa başladım.
  O birisi iş günüm gələn həftəyə düşürdü, üstəlik mənimlə növbəni dəyışərək işləyən həmkarım xahiş etdi ki,  iki gün o mənim əvəzimə işləsin, sonra mən onun əvəzinə çıxım. Uzaq yerdən qohumları gələcəkdi , onunla bərabər bir neçə gün işləri olacaqdı. Xülasə, işə bir də 7 gündən sonra çıxası oldum.
     Sanatoriyanın həyətinə daxil olanda tanış avtomobili görüb ayaq saxladım, Qadirin avtomobili idi, özü də məni görüb maşından düşdü. Qadir qəsəbədə məşhur adam idi, bir neçə yerdə dükanları vardı. Çox imkanlı biri olsa da, heç vaxt lovğalanmağı sevməzdi, əksinə həmişə yolda-izdə , qonum-qonşuda ehtiyacı olanlara kömək edərdi. Biz də ona “Qadir qədeş” deyə müraciət edərdik.
-      Salam cavan həkim, necəsən, işə gəlmisən, növbədəsən?
-      Salam, Qadir qədeş, bəli, bu gün işdəyəm. Nə əcəb Sizdən buralarda, xeyir ola, bir xəstələnən filanmı var?
-      Əşşi, yox e. Bu Reyhan bacına (həyat yoldaşını nəzərdə tuturdu) kimsə deyib ki, buraya sanatoriyaya bir falçı gəlib, vergi verilib o falçıya, hamının başına gələni və gələcəyini güzgü kimi görür, dünəndən başımı xarab edib ki, məni də apar . İndi qardaşım Adilin xanımı ilə gəliblər, onun yanındadılar.
-      Nə falçı, Qadir qədeş, sən inanırsan belə şeylərə?
-      Ay həkim, əlbəttə ki, inanmıram. Amma xanımlardır də, xahiş etdilər, mən də gətirdim, amma dedim gedin nəyi istəyirsiniz soruşun, öyrənin, sonra mənə heç nə danışmayın.
-      Oldu, qədeş, bir bağqa sözün, qulluğun?
-      Can sağlığı, həkim. Uğurlu növbə arzulayıram sənə.
Bu məqamda Qadirin xanımı Reyhan və qardaşı arvadı bərabər sanatoriyadan bayıra çıxdılar. Məni görüb salamlaşdılar, hal əhval tutdular. Təşəkkürümü bildirib, kimin yanına gəldiklərini soruşdum.
-      Həkim, burda bir qız var, rayondan gəlib. Sən demə buna vergi verilib, hamının başına gələnləri, gələcəkdə nə gözlədiyini gözü yumulu bilir.
-      Yaxşı , adı nədir, çoxdan burdadır?
-      Adı Zemfiradır , inanmazsan, həkim, bizim bütün tariximizi mənə danışdı.
-      Zemfira?
Bu yerdə mənim duruxduğumu görüb, Reyhan xanım bir az dayandı və sonra söhbətinə davam etdi.
-      Bilirsiniz, həkim, deyərdim ki, burda hamı tanıyır bizi balaca bir yerdir, kimdənsə nəsə eşidə bilər, amma o mənə Gəncədə atamgildən də danışdı. (Reyhan xanımın əsli Gəncədən idi.Qadir onu Gəncədə toyda görüb bəyənmişdi, sonra da tanış olmuşdular və evlənmişdilər). Bütün sülaləmizdən xəbər verdi e, sülaləmizdən.
-      Ay Reyhan bacı, sən ağıllı bir qadınsan, belə şeylərə baş qoşma.
-      Nə danışırsan ay həkim, özüm görməsəm, eşitməsəm, inanmazdım. Hələ Fərqanə bacıgilin də tarixçəsini danışdı. Özü də çox pul istəmir ki, cəmisi 10 manat, onu da özümüz veririk.
Qadirgil  sağollaşıb getdilər, mən də içəri keçdim. Növbəni qəbul edib, işə başladım. Növbəni mənə təhvil verən həmkarım Familə xanım : “ Heç bilirsən, nə olub, Zemaya vergi verilib!” dedi.
-      Nə vergi ay Familə, hansı Zemaya?
-      Bu Kərimovun xəstəsi yoxdur, Zemfira , iki gün də sən baxmısan axşam ona, iynələrini vurmusan.
-      Nə vergi, bir az ətraflı de görüm?
-      Ay həkim, burda səs yayılıb ki, Zemfiraya vergi verilib, hamının başına gələnləri deyir. Əvvəlcə işçilərimiz inanmadılar, biz ona bir xəstəmiz kimi baxırdıq, sonra hamıya bir-bir  keçmişini, gələcəyini söyləməyə başladı. İndi olub ağıllı-başlı münəccim, falçı.  Özü də hər qəbulu 10 manatdır. Bəzi adamlardan heç pul götürmür, deyir qulağıma səs gəlir ki, heç nə alma, o adamın ehtiyacı var. Xülasə, çox maraqlıdır. Bilirsən, baş həkim eşitdi, əvvəlcə onu çıxarmaq istəyirdi sanatoriyadan, sonra fikrini dəyişdi, hətta ona ayrıca tək adamlıq otaq da verib.
-      Familə, inanırsan, mən çox təəccübləndim. Yəni insanlar doğrudan da inanırlar Zemfiraya?
-      Ay həkim, hər gün 30-40 adam gəlir, bilmirsən buranı, simsiz teleqraf kimi xəbər yayılb hamıya. Hər gələn də gedib özü ilə 1-2 adam gətirir. 
    Bir azdan şam yeməyinə nəzarət etməyə gedəcəkdim. Hələ də baş verənlərə inanmırdım. Yəni bir  həftənin içində necə bir möcüzə baş verdi ki, vəziyyət bu dərəcədə dəyişdi?
    Adətən şam yeməyi 19.30-da verilirdi. Mən 30 dəqiqə öncə yeməyi yoxlayıb, sanitar kitabına imza atmalı idim. Yeməkxanaya daxil olanda gördüm ki, zalda heç kim yoxdur, amma Zemfira tək oturub, yemək yeyir. Baş aşpaz və yeməkxananın baş xörəkpaylayanı da burda idilər. Mən adətim üzrə salamlaşaraq, “Nuş olsun!” dedim, sanitar kitabını alıb mətbəxə keçdim. Qazanlara ümumi göz gəzdirərək, birinci yeməyin dadına baxdım, çünki ikinci yemək balıq idi, balığı da hamı sevirdi. Aşpazımız da, Məhluqə xala, çox yaxşı bişirirdi balığı. Amma Zemfiranın ayrıca gəlməyini soruşmaq istədim, baş xörəkpaylayan sanki fikrimi oxuyurmuş kimi, dilləndi:
-      Həkim, baş həkim bizə tapşırıb ki, Zemfira xanım qoy 30 dəqiqə öncə gəlsin, ayrıca yesin.
-      Mən nə deyə bilərəm ki, baş həkim tapşırıb yerinə yetirin.
Zemfira da yeməyini bitirmək üzrə idi. Qızda sanki əvvəlki ruh düşkünlüyündən, susqunluqdan əsər-əlamət belə qalmamışdı. Qarşısındakı boşqabı kənara itələyib, əllərini sildi, ayağa qalxaraq:
-      Həkim, mənim müalicəm davam edir, iynə vurdurmaq üçün yenə həmin vaxt gələcəm, - dedi.
-      Buyurun, nə vaxt, istəsəniz, yerimdəyəm.
   Yenə də əvvəlki qayda üzrə axşam saatlarında təyinatları yerinə yetirdim, sabahkı dərslərimdən birinin konspektlərini açıb oxumağa başladım. Bir az sonra qapı döyüldü və Zemfira əlində bir bükülü otağa daxil oldu.
-      Bir daha axşamınız xeyir, həkim! 
-      Aqibətiniz xeyir, necəsiniz, səhhətiniz düzəlir?
-      Həkim, hər şey əladır, səhhətim də düzəlib. Gecələr də rahat yatıram. İndi tək adamlıq otaqda yatıram. Baş həkim otağımı dəyışdi.
-      Bəs Valentina Petrovna hanı, axşam yeməyində onu görmədim, onun səhhəti necədir?
-      Hə, Valya xalanın vaxtı bitdi, evinə getdi daha.
-      Yaxşı , Zemfira xanım, bu nə məsələdir, deyirlər camaat yanınıza gələcəyini, keçmişini öyrənməyə gəlir? Doğrudan Sizə vergi verilib? Bu elə son həftədə baş verdi?
-      Həkim, sənə qurban olum, Valya ilə sən mənə elə bir həyat verdiniz ki, ömrüm boyu unutmayacam.
Mən artıq Zemfiranın “sən” deyə müraciətinin də fərqinə varmadım, söhbəti davam etdirdim:
-      Axı birdən-birə nə baş verdi?
-      Həkim, bu Valya böyük insan imiş, 10 gün onunla bir yerdə qaldıq, mənə çox şeylər öyrətdi. Baxma deyirdi ki, psixoloqam, bu oyun kartlarını  da yaman bilirdi. Mən ömrüm boyu heç o kartların üzünü də görməmişdim, amma indi hər birinin mənasını əzbər bilirəm. Valyanı yola salandan sonra darıxdım, sizin zarafatlarınız yadıma düşdü. Yeməkdə bərabər oturduğumuz xalaya dedim ki, gəl sənin falına baxım, həm də özümü sınamaq istəyirdim, kartları açıb bir az danışdım. Bir də gördüm arvadın əli üzündə qalıb. Dedi ki, hər şeyi olduğu kimi deyirsən. Getdi və bir azdan sonra otaq yoldaşı ilə gəldi. Onun üçün də baxdım və bir az da coşqu ilə danışdım. Bu da heyrətini bildirdi, bir azdan sonra mərtəbənin yarısı yanıma gəldi, onlar da işçilərə danışdılar, aşpaz, sanitarlar, tibb bacıları hamısı bir-bir gəldilər, onlar üçün də kart açmağımı , fallarına baxmağı istədilər.
-      Yaxşı bəs pul məsələsi hardan çıxdı?
-      Həkim, ikinci gün baş aşpaz yanıma qudasını gətirdi, dedi ki, bir bax gör buna nə olub, 2 aydır qaş-qabağı açılmır, heç kim də baş açmır. Kartları tökdüm qabağıma, bir şey müəyyən edə bilməsəm də, ilk ağlıma gələn sözü dedim. Dedim ki, qudan böyük məbləğdə pul itirib, ona görə bu gündədir. Arvadın gözü işıqlandı, dedi ki, qorxumdan deyə bilmirəm heç kimə, iki aydır gecəm-gündüzüm yoxdur. Dedim narahat olma , tapacaqsan, amma üstündən əskik olacaq. Onlar gedəndən 1 saat sonra baş aşpaz gəldi dedi ki, qudam zəng eləmişdi, itirdiyi pulu tapıb, amma üstündən götürüblər, heç kimdən də şübhələnə bilmir. Sənə də 200 manat göndərib, indi oğlu gətirib verəcək.
-      Yaxşı, bu təsadüfdür, nədir, ya bu camaatın ağlı çaşıb, yəni inanırlar belə şeylərə?
-      Həkim, sənə qurban olum, inanırlar, ya inanmırlar, öz işləridir, amma hər gün mənim yanıma 10-15 adam gəlir, hərəsi də 10 manat verir. Bura gələnə qədər mənim doyunca yemək yediyim gün yadıma gəlmirdi, ilk dəfə bu sanatoriyada bildim ki, birinci , ikinci yemək olur. Həftələrlə ət yemirdim, indi burda hər gün 1 dəfə ət, 1 dəfə də ya balıq ya toyuq verirlər. Ona görə də deyirdim ki, burdan getsəm yenə xəstəliyim şiddətlənəcək. İndi gəldi bu iş düşdü, mən ömrümdə 2 manatdan artıq pul görməmişəm, xəstəlik təqaüdümü də  atam alıb qəndə, çaya, uşaqlara , yəni bizə pal-paltara verib. İndi bu sən olmayan bir həftədə 1000 manatdan çox pul veriblər mənə, dünən getdim poçtdan atama göndərdim, zəng eləyib dedim də ki, sosial təminat nazirliyindən gəlmişdilər, yardım elədilər, mən də sizə göndərirəm.
-      Yaxşı , səhhətiniz də doğrudan yaxşılaşıb? Bəs baş həkim məsələsi necıədir? Həkiminiz Kərimov necə  baxır bu işlərə?
-      Səhhətim düzəlib. Daha əvvəlki həyəcanlı hallarım, əsməcələrim yoxdur. Gecə də dedim ki, yaxşı yatıram.  Baş həkim də   eşitdi , əvvəlcə məni çağırdı otağına , bir az asdı-kəsdi, sonra dedi ki, bax görüm o kartların nə deyir mənim haqqımda. Mən də baxdım, dedim ki, sizin övlad probleminiz var, oğlunuz sözünüzə baxmır. Kişi bir az tutuldu, sonra baş tibb bacısını çağırıb dedi ki, bunun otağını dəyişin, tək adamlıq komfort otağa verin, dilim də bu sözü tutmur,  konfet otaq deyirəm.
    Amma döğrudan da baş həkimin oğlu ilə bağlı problemlər var idi, 3-cü kursda, universitetdə hüquq fakültəsində oxumasına baxmayaraq, hər həftə bir dava salırdı, çox ərköyün böyümüşdü. Bunu çox adam bilmirdi, baş həkim də öz sirrini  cox danışan deyildi. 
-      Hə, qaldı ki, Kərmova, bilirsən ki, Kərimov əhlikef bir adamdır, deyir ki, Zema, hər yanına gələndən mənə 50 qəpik də versən, heç işləmərəm, elə sənin müalicəni nəzarətdə saxlaram.  
-      Yaxşı, Zema, bəs sonra nə olacaq? Müalicən bitəndən sonra kəndə qayıdacaqsan?
-      Vallah, həkim, heç özüm də bilmirəm, nə olacaq, Amma deyirəm bu kurs bitsin, gedim bir bacı qardaşlarımı görüm, bir az bazarlıq edim , əyin-baş alım onlar üçün.
-      Nə deyirəm, məsləhət sizindir. Qoy indi iynəni hazırlayım.
   Zemfira iynəni, dərmanı qəbul etdikdən sonra dedi:
-      Həkim, bu bükülüdəki köynəkdir. Səni qardaş kimi bilirəm. Hətta deyirəm qardaşdan da artıqsan mənim üçün. Zarafatla desən də, elə bil mənim üçün bir yol göstərdin. Xahiş edirəm , bu hədiyyəni məndən qəbul et. Bilirəm , tələbəsən, istəsən pul da verə bilərəm sənə.
-      Xeyr, xeyr, nə danışırsan, pul nədir, nə hədiyyə filan, heç nə lazlm deyil. Bu köynəyi də atana apararsan gedəndə. Mənim var köynəklərim, pulum da ki, həm tələbə təqaüdü alıram, burdan da maaş alıram, atam da hər ay cib xərcliyi verir . Diqqətinə görə çox sağ ol.
-      Həkim, sən mənə zarafatla dediyin sözlə bir ömür vermisən, təkcə mənim yox, o 10 baş külfətin duası sənə bəsdir. Amma bu köynəyi götürməsən inciyəcəm.
-      Zema, mənim də öz prinsiplərim var, haqqımı yeri gələndə almağı da bacarıram. Amma bu hədiyyənin mənə aidiyyəti yoxdur. Bağışla, götürə bilməyəcəyəm. Nə vaxtsa , toyun olsa , söz verirəm, onda göndərərsən, geyinib toyuna gələrəm.
-      Başa düşdüm həkim, necə bilirsən məsləhətdir.
     Zemfira otaqdan çıxdı. Mən də qəribə bir duyğu selinə qərq oldum. Bir tərəfdən kasıb bir ailəyə açılan bu işıq yolu  məni sevindirirdisə də,  digər tərəfdən də camaatın belə mənasız məsələyə pulunu xərcləməsi, inanması gülüş doğururdu. Amma ona əmin idm ki, Zemfira bu qazandığı pulları ancaq kasıb  ailəsinə xərcləyəcək. Nə bilmək olar, pul adamı çox dəyişdirir, bunu bütün ağsaqqallar, təcrübəli adamlar deyirdilər.
  O gündən hər dəfə növbəyə gələndə Familə heç mən soruşmadan Zemfiranın yeni nailiyyətlərindən danışırdı. Bir dəfə də dedi ki, baş həkim gedib nazirlikdən Zemfiranın gondərişinin vaxtını 24 gün də uzadıb. Zemfira özü isə hər axşam gəlir, müalicəsini, dava dərmanını , iynəsini alır, bir az söhbətləşib gedirdi. Amma deyim ki, gündən-günə inkişaf da edirdi, şirin cənub ləhcəsi artıq ədəbi dilə çevrilmişdi, sozlərini artıq bir aktyor məharəti ilə deyirdi. Familənin deməsinə görə hər gün ən azı 10 – 15 adam Zemfiranın “qəbuluna” gəlirdi, mənim üçün maraqlı bu idi ki, narazı gedən olmurdu, hələ üstəlik dərdinə çarə tapan adamlar ikiqat razılıq edirdilər. Hədiyyələrdən isə Zemfira hamıya pay verirdi,  cürbəcür şirniyyatlar, konfetlər, tortlardan hamıya pay çatırdı. Sanki sanatoriyaya da bir yeni ab-hava gəlmişdi, müalicə ocağı həm də nicat ocağına, pirə çevrilmişdi.
    Bir gün eşitdim ki, Zemfiranı gəlib şəhərə aparıblar. Qəsəbənin meri qəflətən “İşemik insult”  diaqnozu ilə xəstəxanaya düşmüşdü, 1 həftədən çox  idi ki, komada idi. Onun yanına hətta Moskvadan belə professorlar gətirmişdilər, ümumi vəziyyəti sabit olsa da huşu bərpa olunmurdu. Çox fəal bir şəkildə mərkəzi xəstəxanalardan birində müalicə olunurdu. Merin qardaşı isə nazir müavini idi, yaxınlarda daha da böyük vəzifəyə gedəcəyini deyirdilər. Qohumlardan kimsə Zemfira haqqında onlara danışmışdılar, merin qoca anası israr etmişdi ki, Zemfiranı aparsınlar oğlunun yanına. Bəlkə onun dərdinə-sərinə Zemfira çarə edər. Qardaş da ananın sözünü yerə salmayıb, sürücüsünü göndərmişdi, baş həkimə də zəng edib demişdi ki, o xanımdan mənim adımdan xahiş et, getsin xəstəxanada qardaşıma bir baş çəksin.Bəlkə də inanılmaz idi, amma bir həftədən çox komada olan xəstə mer Zemfira gələndən az sonra gözünü açıb asta-asta danışmağa başlamışdı. Merin ailəsi sevinclərindən nə edəcəklərini bilmirdilər. Həmin gün Zemfiranı bahalı hədiyyələrlə, gül-çiçəklə yola salmışdılar. Daha sonra eşitdim ki, mer sağalıb ayağa durandan sonra Zemfiraya 1 otaqlı mənzil bağışlamağa boyun olmuşdu.
   Bir gün yenə işə gələndə Familə dedi ki, Zemfira səni axtarır, tapşırıb ki, həkim gələn kimi mənə xəbər elə. Mən bu sözə o qədər də əhəmiyyət verməsəm də,  Familə Zemfiranı çağırmağa getdi. Az sonra bərabər gəldilər, Zemfira salamlaşaraq sözə başladı:
-      Həkim, bu gün Sumqayıta getmişdim, getdim Valya xalanı tapdım.
-      Xeyir ola, Valentina Petrovnanı neynirdin?
-      Həkim, mən ona razılığımı bildirməli idim, halallıq almalı idim, çox bilmədiyim şeyləri mənə o oyrətdi. Amma burdan gedəndə deyirdi ki, Zema , sənin dərdini fikirləşəcəm, axırın nə olacaq. İndi getdim, tapdım, başıma gələnləri danışdım. Çox təəccüb etdi, amma sonra dedi ki, bu zamanın tələbidir, insanların inamı azalıb, sənə ona görə ehtiyac duyulur. Bir psixoloq kimi yenə də bəzi məsləhətlər verdi. Gedəndə kitabını özü ilə aparmışdı, indi onu da mənə bağışladı, başqa bir kitab da verdi. Mən də bir böyük zənbil bazarlıq eləmişdim. Vala xala gözü tox qadındır, ona görə də daha başqa bir şey təklif etməyə cürət etmədim, amma söz verdim ki, tez-tez gəlib baş çəkəcəm.
-      Çox gözəl, buna da sevindim.
    Sanatoriyada müalicə  müddəti başa çatdıqdan sonra Zemfira merin bağışladığı mənzilə köçdü, kənddən qardaşlarının birini gətirib yanında saxladı. Uşaq burada həm məktəbə gedir, həm də bacısına ev işlərində kömək edirdi. Zemfiranın şöhrəti o qədər yayılmışdı ki, xüsusən də mer ayağa durandan sonra, hər dərdi-səri olan onun yanına qaçırdı. Artıq qonorar da 10 manatdan qalxıb əvvəlcə 20 manat , sonra isə 50 manat olmuşdu.
   Mən də yavaş-yavaş təhsilimə və işimə davam edirdim. Zemfira ara-sıra zəng edir, hər dəfə ağız dolusu minnətdarlığını bildirir, hər dəfə də bir ehtiyacım olub-olmadığını soruşurdu. Hər dəfə də razılığımı bildirib səhhəti ilə maraqlanırdım. Amma bəzən mənim tanışlarım da mənə zəng edib, Zemfiranı tanıyıb-tanımadığımı soruşanda, onun qəbuluna düşmək üçün yollar xahiş edəndə quruyub qalırdım. Bir tərəfdən həqiqət, digər tərəfdən isə bir ailənin tapdığı xoşbəxtlik ... Amma onsuz da indi kimə desəm ki, Zemfiraya inanmayın, artıq gec idi. Zemfira ilə hüquq-mühafizə orqanları da maraqlanmışdılar, amma heç kimin şikayəti olmadığı üçün, bir söz deyə bilmirdilər. Hətta bir dəfə sozarası Zemfira dedi ki, mürəkkəb bir cinayətin üstünün açılmasında onlara yardım da etmişdi.
     İnstitutu bitirib hərbi xidmətə getdim. 7 il hərbi xidmətdə oldum. Hərdən ötən günləri xatırlayır, Zemfiranın əhvalatı yadıma düşəndə üzümə bir təbəssüm gəlirdi. Hərbi xidmətdən geri döndüm, ailə qurdum, yeni evə köçdüm. Bir gün istirahət günü şəhərdə gəzərkən  Familə ilə rastlaşdıq, ötən günləri xatırladıq. Birdən Zemfira yadıma düşdü, Familədən onu soruşdum.
-      Həkim, yəni doğrudan xəbərin yoxdur Zemfiradan?
-      Xeyr, xəbərim olsa soruşmazdım ki...
-      Zemfira bir il öncə Türkiyəyə köçdü, daha fala baxmırdı, yaxşı pul toplamışdı, özünə nəsə başqa biznes qurdu, orda da ailə qurmağa hazırlaşır  deyirlər. Eşitdiyimə görə qardaşlarının da hamısını boya başa çatdırdı, bacardığını oxutdu. Oxumayanlar da işləyirlər. Bacısı da böyüyüb , yanına aparıb. Amma tez-tez sanatoriyaya gəlirdi, hər dəfə də bizə hədiyyələr gətirirdi. Nədənsə hər dəfə də sənə dualar edirdi. 1-2 dəfə evinizə zəng etmişdi, demişdilər ki hərbi xidmətdəsən.
-      Daha sözüm yoxdur, halaldır Zemfiraya.
... Bu görüşdən iki ay sonra axşamçağı evin qapısı döyüldü, açdım, cavan bir oğlan idi. Üz-gözü mənə çox tanış gəldi, əlində də iri bir hədiyyə qutusu var idi.
-      Həkim, salam. Mən Zemfiranın qardaşıyam. Bu qutunu sizə Zemfira göndərib, Türkiyədən, amma deyib ki,  əlbəəl çatdırım. Orda sizə çatacaq əmanət var.
      Qutunu yoldaşımla birlikdə ehtiyatla açdıq. İçərisində müxtəlif hədiyələrlə bərabər neçə il öncə Zemfiranın mənə vermək istədiyi , lakin mənim götürmədiyim köynək, İstanbula  on günlük, iki nəfərlik tur paketi və bir də ... Zemfiranın toyuna dəvətnamə var idi.  

                                    Ülvi Hüseyn,
                                    həkim-yazıçı

                                                                       
  
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac