Xəbər lenti

 Şrift:
         
                                      Ülvi Hüseyn

           Ülvi Hüseyn həkimdir. O, uzun illərdir, Rusiyada yaşayır və orada həkim kimi fəaliyyət göstərir. Öz həkimlik peşəsiylə ynaşı bədii ədəbiyyatı, söz sənətini də çox sevir. "Persona.az"ın dəyərli oxucularına, ilk dəfə olaraq Ülvi  həkimin saytımızın poçtuna göndərdiyi hekayəni təqdim edirik!
                      
   "Həkimin hekayələri" silsiləsindən...

                         YAŞARIN KƏLƏYİ 

                                     hekayə

                                                    

     Reanimasiya şöbəsinin qapısı aram-aram döyüldü , yuxudan dərhal ayılaraq saata baxdım , 4.32 idi. Bir saat öncə bronxial astma ilə daxil olmuş ağır xəstəni vəziyyətdən çıxarıb 20 dəqiqəlik gözümün acısını almaq istəyirdim , uzanan  kimi yuxu məni aparmışdı . “Xeyir ola?” düşünərək , yerimdən qalxdım ,stulun üstündən xalatımı əynimə aldım , qalpağımı başıma qoyaraq  qapıya tərəf yollandım . Bizim reanimasiya şöbəsi ilə xəstəxanamızın qəbul şöbəsi yan-yana yerləşir, yeni xəstə daxil olanda ilk öncə biz reanimatoloqlara xəbər çatır, əgər bizə dair  mürəkkəb vəziyyət yoxdursa, başqa mütəxəssislər işə qoşulurlar. Amma çox vaxt, xüsusən də gecə növbələri zamanı növbətçi orta tibbi heyət yaxında olduğumuza görə bizi dəvət edir və xəstəyə müvafiq təyinat verməyimizi xahiş edirdilər. Belədə həm operativ olurdu, həm də növbədə olan digər mütəxəssisləri dəvət etməyə ehtiyac qalmırdı . Deyəsən, bu dəfə də belə idi .
    Mən qapini açanda tibb bacısı Qəmər xalanı gördüm, adəti üzrə üzrxahlıq edərək , “Həkim , bir nəfər cavan oğlan gəlib , baş aça bilmirəm nə istəyir, deyir  həkimlə söhbətim var, buyurun, görün nə məsələdir?” - dedi.
    Qəbul şöbəsindəki otaqda bir nəfər əyləşmişdi, məni görəndə dərhal ayağa qalxdı, hündür boylu, - azından 2 metr boyu olardı, - iri cüssəli , 30-35 yaşlı bir adam idi . Üzdən tanış gəldi, çox güman ki, yaşadığım qəsəbədə yerli sakinlərdən biri idi, ya dükan-bazarda, ya da xeyirdə-şərdə rast gəlmişdim .
-Salam, həkim! Üzr istəyirəm, sizi narahat etdiyim üçün! Mənə kömək edin, xahış edirəm, sizdən ! – deyə həyəcanlı bir səslə müraciət etdi.
-Salam! Buyurun, eşidirəm sizi! Nə şikayətiniz var? Nə kömək edə bilərik?
- Bilmirəm məni tanıdınız ya yox?! Sizin xəstəniz olmuş Həcər xalanın oğluyam, amma indi anama görə yox, özümə görə müraciət etmək istəyirəm. Düşündüm ki, mənə, ancaq siz yardım edə bilərsiniz! Mənim taleyim həll olunur!
    Həcər xalanı xatirladım, neçə illər idi ki, vaxtaşırı mənim yanımda müalicə olunurdu. Altı, ya yeddi oğlu var idi. Adətən kiçik oğlu ilə yanıma  gəlirdi, bu oğlunu ya heç görməmişdim, ya da gormüşsəm də fikir  verməmişdim.
-Buyurun! Deyin, nə məsələdir, nə olub, eşidirəm sizi?!
-Adım Yaşardir, istəyirəm Sizinlə təklikdə söhbət edim, amma xahiş edirəm, məni yaxşı-yaxşı dinləyəsiniz. 
     Qəmər xalaya tərəf döndüm, təcrübəli tibb bacısı dərhal işarəni anladı, otaqdan çıxdı. Yaşar qapını onun ardınca örtərək, mənimə üzbəüz əyləşdi, həyəcanlı səslə söhbətə başladı .
 -Həkim, sizə  qurban olum, düşündüm ki, ancaq siz mənə yardım edə bilərsiniz, taleyim sizdən asılıdir! 
-Bir de görüm, axı nə olub, nə məsələdir?
-Həkim, mən sizi yaxşı tanıyıram, xeyirxah adam olduğunuzu bilirəm, ümidim də ancaq sizədir!
-Yaşar, mətləbə keç!
-Həkim, məsələ belədir; mən axşam saat 11-də evdə olmalı idim. Amma bir tanışıma rast gəldim, məni öz evinə dəvət etdi, başımız qızışdı söhbətə, bir də baxdım, artıq gecə saat  3-dür. Evə getsəm mənim yoldaşım sorğu-suala başlayacaq, - mən onunla yeni barışmışam, - izah edənə, səbəbini deyənə qədər dava düşəcək, çox səbirsiz adamdır.
-Yaxşı, bunların bizə nə dəxli var?
-Həkim, sizə qurban olum, zəng vurun bizim evə, yoldaşıma deyin ki, Yaşarı xəstəxanaya gətiriblər, vəziyyəti ağır idi, indi düzəlib, gəlin aparın! O, gəlincəyə qədər də məni uzadın bu yataqların birinə, bir az da yanıma boş ampullardan - filan toplayın, deyin ki, güclə ayıltdıq.
-A kişi, sən nə danışırsan, bura teatr deyil, xəstəxanadır! Buraya hər dəqiqə ağır xəstə gəlir, talelər həll olunur, mən indi səninlə tamaşa oynayacam?
-Həkim, mənim də taleyim həll olunur, axı! Üç qızım var, istəyirsiniz, ailəm dağılsın?!
-Bunu, çənən söhbətə qızışanda anlamalı idin.
 -Daha oldu də, neyləyim, başım qızışdı söhbətə.
-Yaşar, tanışın kişi idi, ya qadın?
Bu yerdə Yaşar birdən qıpqırmızı qızardı, başını aşağı saldı, dodaqaltı mızıldandı:
-Keçmiş sinif yoldaşım idi, Qalya, bir gün öncə ad günü olmuşdu, elə onu qeyd etdik, bir az da yeyib-içdik.
-Burada nə var ki, xanımına de də harda idinsə...
-Həkim, mən xanımıma desəm ki, gecə saat 3-ə qədər Qalyagildə idim, üstəlik yeyib-içirdim, bir də məni dindirməz. Deyirəm ki, yenicə barışmışmışıq. Balalarım yazıqdır, məni çox istəyirlər, onlara rəhminiz gəlsin.
Sözün düzü “kişi həmrəyliyi” deyilən bir anlayış var, birdən yadıma düşdü, Yaşara kömək eləmək üçün fikirləşdim. Amma nəsə tam da güvənmirdim, dediklərinə, mənə elə gəlirdi ki, nəyisə gizlədir.  Faktiki olaraq , mən ona alibi təmin edirdim. Dediyi zaman ərzində onun xəstəxanada olduğunu söyləsək, bir ailəni dağılmaq təhlükəsindən, o cümlədən Yaşarın özünü xilas etmış olurduq. Amma bəlkə həmin zaman ərzində o, bir cinayət törətmişdi? Fikirləşə-fikirləşə Yaşara “Bir dəqiqə gözlə” deyib, otaqdan çıxdım, Qəmər xala ilə məsləhətləşmək istədim.
Qəmər xala məni görüb sualedici nəzərlərlə üzümə baxdı, “Həkim, bir problem yoxdur ki?” - dedi.
Əhvalatı olduğu kim danışdlm. Üstəlik Yaşardan nəsə şübhələndiyimi dedim. Qəmər xala ağıllı qadın idi, üstəlik qəsəbədə hamını tanıyırdı. Mənim narahatlığımı görüb dilləndi:
-Həkim, mənə elə gəlir ki, Yaşar  düz deyir. Amma mən ona kömək etməzdim. Gecə saat 3-də evə gələn kişiyə , üstəlik Qalyanın yanından gələn kişiyə bir qadın kimi mən güzəşt etməzdim. Amma deyir ki balalarım var, yazıqdılar, bəlkə yardım edərik.  Gəl, Yaşarın xanımını  çağıraq, gəlsin, baxarıq vəziyyətə, bir şübhəli məsələ olduğunu duysaq, söhbəti açarıq.
 Nə isə, Yaşara kömək etmək qəraına gəldik və onu boş yataqlardan birinə uzatdıq. Yanına da axşamdan işlətdiyimiz boş ampullardan, flakonlardan, maye  köçürmək üçün olan şlanqlardan yığdıq. Evinin telefon nömrəsini soruşdum və dəstəyi alıb nömrəni yığdım.
Telefona dərhal bir xanım cavab verdi, hiss olunurdu ki , gecə saat 4 olmasına baxmayaraq, oyaqdır.
-Xanım, bura Yaşargilin evidir?
-Bəli, kimdir soruşan?
-Xanım, mən sizə xəstəxanadan zəng edirəm. Xəstəxananın həkimidir, sizinlə danışan.Yaşar burda - bizim xəstəxanadadır.
-Nə olub, tez deyin, salamatdır?! Nə olub ona?!
-Narahat olmayın, sağ-salamatdır, sadəcə indi gəlib evə aparmaq lazımdır.
-Axı deyin, nə olub ona?!
-Gəlin xəstəxanaya! O, burda, qəsəbə xəstəxanasında, qəbul şöbəsindədir, gəlin, birgə aydınlaşdırarıq, nə olubsa.   
Xanım daha heç nə soruşmadan dəstəyi asdı.  Aradan on dəqiqə keçmədi ki, xəstəxananın qapısı döyüldü. Taksidən düşüb yüyürə-yüyürə pilləkənləri qalxan bir xanım “Hanı Yaşar?” deyərək mənə tərəf gəldi.
-      Salam, xanım, Siz Yaşarın xanımısınız?
-      Bəli, bəli, hanı Yaşar?! Tez deyin, nə olub ona?!
-      Həyəcanlanmayın, hər şey yaxşıdır! Buyurun, keçin yanına, bu otaqdadır. 
Xanım otağa girən kimi Yaşarın üstünə tərəf getdi, “Nə olub , necəsən?!” - deyərək, elə uzandığı yerdə onun boynuna sarıldı. Kövrəlsə də özünü tox tutdu, ağlamaq istədiyini biruzə vermədi. Onu da deyim ki, iri cüssəli Yaşarla müqayisədə xanımı bəstə boylu, nərmə-nazik bir xanım idi. Neçə ilin həkimlik təcrübəsi mənə imkan verir ki, insanı görən kimi onun cəkisini, boyunu və müvafiq çəki indeksini avtomatik təyin edim . İki metr boyu, ən azı yüz on kq çəkisi olan Yaşarın xanımı metir yarım boya və çox olsa qırx beş kq çəkiyə malik idi.  Sevgi olan yerdə belə şeylərin əhəmiyyət yoxdur. Amma məni heyrətləndirən bu xanımın enerjisi, cəldliliyi oldu.
Yaşar ağır-ağır dilləndi:
-Yaxşıyam, indi, əzizim! Sağ olsun həkimlər, deyəsən məni ölümdən qurtardılar! Heç nədən xəbərim olmayıb; bura necə gəlmişəm, kiminlə gəlmişəm. Bir də ayıldım ki, burdayam. 
Sevda xanım (Yaşarın xanımı özünü belə təqdim etdi)  mənə tərəf üzünü tutub soruşdu:
-      Həkim, vəziyyəti haqda nə deyə bilərsiniz, nə olmuşdu buna, indi nə etməliyik, evə apara bilərəmmi? Bəlkə başqa bir mütəxəssis məsləhəti də lazımdır?
-      Narahat olmayın, xanım, indi hər şey qaydasındadır, evə də gedə bilərsiniz! Buraya da onu axşam bir taksi gətirdi. Dediyinə görə,  yolun kənarında, dayanacaqdan bir az aralı uzanıb qalmışdı, yaxın gələn də yox idi. Yəqin elə biliblər sərxoşdur. O da atıb  maşına ki, bəlkə evinə aparsın, görüb huşu üstündə deyil, gətirib xəstəxanaya. Mən də polisə xəbər vermək istəyirdim, Yaşarı tanıdığımdan dedim, qoy özünə gətirək, sonra aydınlaşdırarıq. İndi vəziyyəti sabitdir, amma  sabah mümkün olsa nevroloqla bir konsultasiya edərsiniz.
Yaşar yavaş-yavaş çarpayıdan qalxdı, bir az oturub, sanki dincini aldı, sonra ayağa qalxaraq ciblərini axtarmağa başladı.
-      Xeyir ola, əzizim, nə axtarırsan, nə lazımdır, - deyə Sevda xanım soruşdu.
-      İstəyirdim, həkimə bir təşəkkür edim, kiçik bir zəhmət haqqı verim. Amma pullarımı tapa bilmirəm.
Və bu zaman o birdən-birə üzünü mənə tutaraq:
-      Həkim, mən gələndə fikir verməmişdiniz, cibimdə pullarım var idi, onlar yerində idi, yoxsa yox?
Bu zaman mənə aydın oldu ki, Yaşarın digər suçu xərclədiyi pulların hesabını verə bilməmək imiş.
Sevda soruşdu:
-      Ay Yaşar, nə pul, hansı pul?
-      Əşi sən günorta vermədin ki, kommunal, işıq, elekrtrik məsrəflərini ödəyim?! Həmin pulları deyirəm də. Bankın yanınacan gəlmişdim, sonrası yadımda deyil, nələr oldu.
Bu yerdə qapıdan söhbəti dinləyən Qəmər xalanın reaksiyasından başa düşdüm ki, geciksəm, hər şey açıla bilər. Düzdür, Yaşarın bu hərəkəti mənə də təsir edirdi, bizdən cibinin pulunu soruşmaq, bilə-bilə ki, pulları harda xərcləyib, amma yenə də səbrli olmağı qərara aldım.  Yaxşıdır ki, vəziyyəti Sevda dəyişdi:
-      Canın sağ olsun, ay Yaşar, itib itib də. Yəqin yolda yıxılanda kimsə elə bilib sərxoşsan, çıxardıb cibindən.
Yaşarın, elə bil bir az da rəngi özünə gəldi. Daha pulları hara xərclədiyinin cavabını verməyəcəyinə əmin olduğundan, ürəklə dilləndi:
-      Çox əziyyət cəkdilər həkimlər, istəyirdim, onlara nəsə hədiyyə edim.
Sevda dərhal çantasını açaraq dedi:
-      Əlbəttə! Nə lazımdır verərəm, sağ olsunlar,  əziyyət çəkiblər.
-      Nə danışırsınız, xanım bu, bizim peşə borcumuzdur, əsas olan məsələ Yaşarın can sağlığıdır. Ümumiyyətlə, öz sağlamlığını qorumağı hər kəsə  məsləhət görürəm.
Qəmər xala da qapının yanından bir az kinayəli dilləndi:
-      Təki evdən çıxan bütün insanlar evlərinə salamat dönsünlər, yolları dolaşıq düşməsin.
Sevda xanım çantasından pul kisəsini çıxardaraq, saymadan bir dəstə pul ayırdı, türkiyəlilər demişkən, güzelce və ince bir şəkildə masaya qoydu. Mən müqavimət mənasında nəsə demək istəsəm də, hər ikisi, Yaşar da,  Sevda da,  qətiyyətlə :
-      Həkim, haqqınızı halal edin, bu, cüzi bir şeydir, narahat olmayın, - deyə səsləndilər.
Mən Qəmər xaladan xahiş etdim ki, onları yola salsın, amma qapıdan çıxarkən Yaşar dönüb mənə göz vuraraq, baxışları ilə bir daha minnətdarlığını bildirdi.
Taksi üzaqlaşdı, Qəmər xala ilə Sevdanın masaya buraxdığı pullara baxdıq. Qəmər xala ilə mənim bir aylıq maaşımız qədər olardı.
-      Qəmər xala, bəlkə bir çay içək, necə bilirsən?   
-      Əlbəttə, oğlum, bu saat dəmlərəm. Amma, həkim, deyirəm, kaş elə bu gecə növbələrində xəstəxanaya elə bu cür, ya buna bənzər xəstələr gələryi, nə travma, nə xəstəlik, azar - bezar olmayaydı.
-      Qəmər xala, dediklərinə yüzdə yüz şərikəm. Amma bu məsələ də düz olmadı. Gərək Yaşar Sevdanı aldatmayaydı.  
Qəmər xalanın təzədəm çayı  gecənin bu vaxtı ləzzət verdi.
... Bir ildən sonra eşitdim ki, Yaşarın 4-cü övladı olub, özü də oğlan uşağı, üç qızdan sonra. Sevdanın istəyi ilə, uşağın adını İnam qoyublar.

                    06.11.2016.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac