Xəbər lenti

 Şrift:

                                                      Arxalı köpək
                                   
                                               
hekayə
 
     Gecənin bir vaxtı it zingiltisinə yerimdən dik atıldım, tələsik həyətə düşəndə gördüm Paşam özündən on dəfə irıxdın yad iti xırpxalayıb qoyub dizinin altına və hınx deyir ki, yazığın boynunu qırsın. Cəmi üçaylıq olsa da Qafqaz çoban itidir, – xislətində yapışdığını qoparmaq var. “Yad cism”i onun ağzından güc-bəla alıb yolağadan eşiyə ötürəndən sonra həyatı hələ də tam dərk etməyən itimizin başını təbii ki, xeyli sığalladım, şəninə bir-iki xoş söz deyəndə isə necə sevindiyini gözlərindən oxudum. O, ilk şücaətini göstərmişdi, etibarımı qazanmışdı. Di gəl, yerimə qayıdandan sonra səhərə qədər çimir almadım, Paşam hələ də qürurla havladıqca, başladım öz-özümə sayaqlamağa ki, – “Görəsən həmin küçə iti Paşam haqqında indi nələr düşünür?”... Mənə etdiyi xidmət öz yerində, bəs sabah həmin boğulan itin üzünə necə baxacaq? Hasarın dalındakılar onun heç vecinə deyilmi? O zavallı küçə iti deməzmi ki, – A nəslini danan biqeyrət, sənin artıq-urtuğunu yesəydim dünya dağılmazdı ki... Sənin sahibin var, gündə didilmiş kabab, qabırğa yedirdirlər sənə, bəs mən də canam, sənin kimi itəm, mənim də tamahım, ayda-ildə bir kərəm təzə sümük gəmirmək haqqım var axı!.. Niyə heç ağlından keçirmədin ki, bəlkə mən yazığın balası var... Sənin sahibin var deyə niyə gözümçıxdıya salmalısan arxasız köpəkləri?! Nanəcib! Nadan! İnsan oğluna yalmanan sadiq köpək! Sənin kimi it balalarıdır bizim nəslimizə söydürən, bizi it kökünə salan!..  
“Hə.., bu, qərinələrdir insana sədaqət andı içmiş it dostluğudur, bəs hafizəsindəki qaxac instinktdən yapışıb öz soykökünü qatlayıb dizinin altına almaq onlarda it adına ləkə salmırmı görəsən?” – sabah ertədən durub Paşamın boynuna zəncir vuranda düz onun bəbəklərinin içinə baxdım. Yox, bu gözlər adi gözlər deyilmiş... İlk dəfə onun bəbəklərinin içində yaltaq, ikiüzlü, quyruğunu basdalasan səni bir anda qapan məmur-insan xislətinin gizləndiyini gördüm. İyrəndim indiyədək mənə sevimli olan bu itin murdar suratından. O isə dilini bir qarış çölə çıxarıb dalını yelləyirdi, başını, belini sığallamadığıma məəttəl qalmışdı. Dönərçi Kərəmdən hər gün təzə toyuq sümüyü atıqları alır, qaynadıb itə verirdik. Bu dəfəki yemək qazanını tulaya pay atan kimi Paşamın qabağına atanda, gördü ki, əvvəlki qırımım deyil, kirimişcə qonqudu göyəm ağacının dibində, üzünü yana çöndərib çənəsini qoydu yerə. Nə olduğunu bəlkə də qanmırdı, amma nələrinsə yanlış olduğundan şübhələndi. Mənsə onun nə düşünə biləcəyini gözlərindən oxuyurdum, – “Nədi, bu nə naz-qoz atmaqdı, bu nə hörmətsizlikdir edirsən belə! Yoxsa bir küçə itinə dişlərimi qıcadım deyə məndən zəhlən getdi? Yoxsa, buraxaydım həyətində ev yiyəsi kimi şıllaq atsın, sümük gəmirsin, bit-birə yaysın? Yaxşı olardı ki, sabah duranda dalıma yağlı bir təpik vurub məni evindən qovaydın? Yox, dostum, bu sənin qoyduğun qaydalardır və itə ehtiyacın olduğu müddətcə belə də olmalıdır. Sən sahibsən, mənsə, mülkünü qoruyan köpək. Boynuna al ki, bunun belə olmağını sən özün istəmisən. Çox düşünmə, xoşdur mənə. İkimizə də sərf edir – sənin həyətin qorunur, mənimsə rahatlığım...
– Bəs vicdan?.. – ürəyimdə pıçıldadım, – Axı o səndən biridir, hələ, bəlkə də səni doğan anadır, bibin, xalandır...
– Dostum, sən axırıncı dəfə bibini, dayını nə vaxt görmüsən? Hələ onların bu üç ayda sənin qapını açdıqları yadıma gəlmir. Allah köməyin olsun, nə bibi-dayı bazarlığıdır, dünyaya gəlmişiksə, boynumuza düşəni etməliyik...
– Yox... Bu gün öz kökünə diş atan, sabah da mənim balalarımı, mənim özümü gəmirər. Bu dişlər insaf tanımaz. Mənə bu cür xidmət, qorxunc sədaqət lazım deyil... – Paşam hirsindən göyəmin qanadlarını gəmirirdi.
  – Sərsəmləmə, adam!.. Hə, dişlərim var, həm də çox qorxunc və güclü dişlərdir. Bəri bax, yoxsa siz özünüz belə deyilsiniz, hım?!.. Yeri gələndə siz bizdən də betərsiniz!.. “İt günündəyəm” deyirsiniz bir yeriniz daşın arasında qalanda. Bizdə it günü qoydunuzmu? Elə bilirsən biz azadlığın nə olduğunu bilmirik? Sən küçələrdə güllə-borana tutulan bizimkilərin halını heç görmüsən? Mənim dayım-bibim, Allah bilir, bəlkə də onların arasında qanına qəltan edilib. Elə bilirsən bunlar bizim vecimizə deyil? Biz itiksə, siz də insansınız – itdən də murdar –  siz ən alçaq məxluqsunuz! Şeytana xidmət etmək sizə qulluq etməkdən şərəflidir!” – həqiqətən də Paşamın gözlərindəki hiddət qulaqlarımda küyə çevrilirdi. – Bizdə bir qızıl qayda var: manşırladığım sərhəddi keçmə, keçdinsə, qanınla ödəyəcəksən. Bəs sizdə? Sizdə hansısa qayda-qanun varmı? Sizdə nəyin həddi-hüdudu, sərhəddi var? Sizi əhliləşdirmək, adam etmək üçün nə qədər vaxt bəsinizdir, bunu heç düşünmüsən? Bir ömür bəs etməz! Siz qayda tanımayan məxluq olduğunuz üçün qorxuncsunuz. Bizi itaətinizə salan da qorxunc olmağınızdır. İndiysə rədd ol gözlərimiz qabağından, qoy zəhərimi yeyim...   
Uşaqlar durmuşdu. Sonbeşiyim hər sabahkı kimi qaçaraq gəlib itin başını sığalladı, – Paşam, sabahın xeyir! Axşam o nə səs idi elə, ata?
– Paşam həyətimizə girən bir iti boğurdu... – qızımın da mənim kimi düşünəcəyinə ümid edirdim. O isə, – Malades, Paşam! Bax belə, gələn dəfə öldür onu! Yaxşımı?.. – bunu eşidəndə itimiz üzümə mırıldadı, – “Gördün?”...
– İt oğlu! – bircə bunu demişdim, it mənə elə çəpəki baxdı ki, dedim, bu saat baldırımdan yapışacaq.
– Ata, nolub sənə, niyə Paşama söyüş söyürsən?!.. – uşaq itin başını qucaqlayıb  sinəsiylə qorxunc baxışların qabağını kəsdi...
 
14 sentyabr 2017
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac