Xəbər lenti

 Şrift:
                                                       Zəka VİLAYƏTOĞLU


                                                       GÜNÜN İLK SEVİNCİ

                                                         
(uşaqlar üçün hekayə)

     Gecə işdən evə dönərkən, yarıqaranlıq həyətimizdə kiçik bir canlının büzüşüb durduğunu, yaxınlaşanda onun, tükləri hansı səbəbdənsə pırpızlaşmış bir quşcuğaz olduğunu gördüm. Hiss etdim ki, uça bilmir. Yaralı olduğunu düşündüm. Əlimə götürüb baxmaq istəsəm də fikrimdən daşındım. Onu sərbəst buraxmaq qərarına gəldim.
Dan üzü onu gecə dayandığı yerdəcə gördüm. Bu dəfə yaxınlaşıb ehmalca götürdüm və qanadlarını, sinəsini, boğazını yoxladım; heç bir yarası, sınığı yox idi. Xəstə olduğunu düşündüm. Ya bəlkə də aclıqdan halsızlamışdı. Bir ovuc buğda və çörək ovuntuları verib kənara çəkildim. Çəkinmədən, acgözlüklə yeməyə girişdi. İştahayla yeyirdi. Doyub kənara çəkildiyini görüncə yenidən ona yaxınlaşdım. Yerində fırlanmağa başladı. Sonra istiqamətini təyin edib qanadlarını çırpdı. Bu an, həmişə mənim tək erkən oyanan balaca Toğrul onun fır-fıra tək fırlandığını görüb dedi: "Ata, yəqin o da mənim kimi yaralıdır. Arxasına dönməyə çalışır ki, belindəki yaranı görsün, amma görə bilmir".
Toğrul da bir neçə gün öncə bir qədər hündür yerdən yıxılıb əzilmişdi deyə belə zənn edirdi. Mən isə onun sözlərindən daha da təsirlənərək yenidən quşcuğazı əlimə götürmək ustədim. O, bir daha cəhd edib, qanadlarını çırpdı və gözlənilmədən sürətlə havaya qalxdı. Başımız üstündə üç dəfə dövrə vurub, gözdən itdi. Toğrul yenə dilə gəldi: "Ata, o, bizimlə sağollaşırdı, hə?.."


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac