Xəbər lenti

 Şrift:


                  Yusif Nur



                                         Köhnə çanta

                                              hekayə

     Saat 8 idi. Günəş batmışdı, hava qaralmağa başlayırdı. Abdulla mağazanı bağladı, evinə doğru yavaş-yavaş addımlayaraq hərəkət etdi.
Ayaqqabı təmiri ilə məşğul olan dostu Tayibin dükanının yanından keçərkən onun orda olduğunu görüb ayaq saxladı. Hal-əhval tutmaq üçün dükana girdi. 
- Axşamın xeyir, usta. Hələ dükanı bağlayıb evə getmək istəmirsən? - Abdulla içəri girib dedi. 
- Xoş gördük, Abdulla. İş çoxdur. - Tayib dostunu gülərüzlə qarşıladı. Qabağına düzəltmək üçün tökdüyü ayaqqabıları göstərdi. - Təmir ediləsi ayaqqabılar var. Sabaha söz verdiklərimi qurtarmaq istəyirəm. Özün görürsən də insanların vəziyyətini. Yenisini almağa pul tapmırlar, məcburiyyətdən köhnələrini dəfələrlə yamaq etdirirlər. 
- Necə olacaq bu işlərin axırı, usta? - Abdulla soruşdu. 


- Nə deyim, özüm də baş açmıram. Müharibə olacaq bu yaxında, cavan uşaqların qanını tökəcəklər. Ölkə dağılacaq, yenə hər şeyi sıfırdan başlamaq. Müharibə nə qədər davam edəcək, necə olacaq, məni narahat edir. 
- Mən də çox narahatam. Uşaqların işini nə etmək istəyirsən? Bir qərar verdin? 
- Düşündüm ki, uşaqları heç yerə göndərməyim. Qoy gözümün önündə olsunlar. Yad ellərdə təkbaşına buraxa bilmərəm onları. - Tayib cavab verdi. 
- Usta, mənimkilərlə bir yerdə olacaqlar da. Problem puldadırsa, mən verərəm. 
- Sən uşaqları göndərmək istəyirsən? - Tayib soruşdu. 
- Bəli. Düşündüm ki, müharibəyə göndərməkdənsə, qoy getsinlər uzağa. Almaniya qəbul edir, orda yerləşərlər. 
- Sərhədi bağlayıblar, bir az riskli işdir amma. 
- Nə edim, ay usta? Məcburam buna. Övladlar atanı dəfn edir, ata övladlarını deyil. - Abdulla dedi. 
- Nə vaxt yola çıxacaqlar? - Tayib soruşdu. 
- 2-3 günə. Dəqiq vaxtı hələ bilmirik. 
- Narahat olma çox. Salamat gedib çıxarlar. 
- Yaxşı, mən gedim evə. Sən də işindən qalma. - Abdulla sağollaşıb dükandan çıxdı. 
Evə çatdı. Pencəyini çiynindən götürdü, asdı. Qonaq otağına daxil oldu. 
- Xoş gəldin. - həyat yoldaşı Rabiyə onu salamladı. - Yemək hazırdı, əyləş indi tökürəm. 
- İştaham yoxdur. Mənə çay versən kifayətdir. 
- Gör saat neçədir, iştaham yoxdur nədir. Yemək lazımdır. - Rabiyə dedi. 
- Hələ çay içim, sonra baxarıq yeməyə. 
Abdulla çayını içirdi ki, qapı döyüldü və böyük oğlu Arif gəldi. 
- Xoş gəldin, oğul. Gəl, yemək ye, çay iç. - Abdulla dedi. 
- Evdə yemişəm artıq. Qardaşlarımın işi ilə bağlı danışmağa gəldim. - Arif cavab verdi. 
- 2 gün sonra uşaqları göndərə bilərik. Hər şey hazırdı. 
- Uşaqları sərhəddən keçirəcək adama pulu vermisən ? - Abdulla soruşdu. 
- Yarısını verdim, qalanını da gedən gün verəcəm.
- Yaxşı iş bacardın, oğul. 
- Ata, biz niyə getmirik bəs?
- Oğul, bu yaşdan sonra mən hara gedim? Burda qazandığım hörmət, mağazalarımız, evimiz. Yad ölkədə bunları atıb necə yaşayacam. Mənim 67 yaşım var, nə qədər vaxtım qalıb bilmirəm, amma burda ölmək istəyirəm. Sən isə ailəni götürüb gedə bilərsən. - Abdulla cavab verdi. 
- Ata, mən sizi atıb heç yerə gedə bilmərəm. - Arif dedi. - Xəbərin var, qonşu mağazanın sahibi tacirdən əlində nə var, tutub alıblar. Pulunu, qızıllarını. Dövlətin büdcəsi adı ilə müsadirə ediblər. Müharibəyə hazırlaşırlar. 
- Eşitmişəm, oğul. Bizə də növbə çatacaq. Sadəcə vaxtın söhbətidir. Əlimizdə nə varsa, tutub alacaqlar. Uşaqları yola salandan sonra əlimizdəki qiymətli olan hər şeydən canımızı qurtarmalıyıb. Mən razı ola bilmərəm ki, bizim pulumuzu alıb millətin övladlarını müharibədə öldürsünlər. 
- Ata, bəs özümüz necə yaşayacağıq?
- Bir təhər yaşayacağıq. Mağazalarımız var, dolanacağıq. Kim acından ölüb ki bu vaxta qədər. Dolana bilməsək, kəndə köçərik. Əkərik, becərərik, yaşayarıq.
- Yaxşı, ata. Sən ən məsləhətlisini bilərsən. 
- Unutma, oğul. Mən hər şey əziyyətimlə qazanmışam. Atamdan, babamdan mənə kənddəki torpaqdan başqa heç nə qalmamışdı. Bir dəfə pulu qazanan, bir daha da qazanar. İndi isə evinə get, dincəl, ailənlə vaxt keçir. - Abdulla gülümsəyərək dedi. 
Arif atası, sonra anası ilə sağollaşıb getdi.

* * *

Abdulla gec evlənmişdi. Ona görə də uşaqlarının yaşı az idi. Arifin 30, digər oğlu Maksudun 24, Səidin isə 21 yaşı var idi.
Maksud və Səidin gedəcəyi gün səhər saat 5-dən oyanmışdılar. Rabiyə uşaqlar üçün ən vacib paltarlarını yığmış, yolda ac qalmasınlar deyə yemək qoymuşdu. 
Onları aparmaq üçün Arif gəlmişdi. Qapıda sağollaşıb getməyə hazırlaşırdılar. 
- Gözün qardaşının üstündə olsun. - Abdulla Maksuda dedi. 
- Baş üstə, ata. - Maksud cavab verdi. 
- Ağıllı olun, oxuyun, gələcəyinizi qurun, ailəmizi utandıracaq şeylər etməyin. Çatanda mütləq zəng edin. - Abdulla dedi və oğullarının alnından öpdü. 
Onlar getdi, Abdulla evdə otura bilməyib çıxmaq istədi. 
- Ay kişi, hələ tezdir, harada gedirsən? - Rabiyə dedi. 
- Mağazanı bu gün tez açacam. Evdə bekar oturmaqdan yaxşıdır. - Abdulla sağollaşıb çıxdı. 
Uşaqlarının getdiyi gündən 3 gün keçmişdi. Amma onlardan bir xəbər yox idi. Abdulla bir az narahat qalmışdı. Mağazada vaxtının çox hissəsini keçirirdi. 
4 gün keçdi, son 5 gün, sonra bir həftə oldu, yenə də xəbər çıxmadı. "Pis xəbər tez çatar." - düşünürdü Abdulla. 
Bir həftə tamam olan gün mağazanı bağlayıb evə tez gəldi. Rabiyə ilə salamlaşdı, işi olduğunu deyib yataq otağına keçdi. 
Əlində olan puldan canını qurtarmaq üçün tez gəlmişdi. Paltarları olan şkafı açıb köhnə çantanı götürdü. Bu çanta ilə illər öncə o şəhərə köçmüşdü. İçində 3-4 paltarı ilə.
Abdulla qızılı sevmirdi, ona görə almırdı. Rabiyənin bir neçə qızıl üzüyü, boyunbağısı var idi. O, nəğd pula üstünlük verirdi. 
Şkafda gizlətdiyi pulları çıxardı. Göz gəzdirdi, 180 min dollar idi. Çantaya yığdı, sağollaşıb evdən çıxdı. 
Meşəlik tərəfə yolunu saldı. Ağaclardan birinin altında dayandı. Pulu gizlədə bilərdi. Lakin etmədi. Düşünürdü ki, Arifi incidə bilərdilər, məcbur qalıb pulu verəcəkdi. Amma əlində pulu olmasa, heç nə verməyəcəkdi. Axırda onu da, ailəsini rahat buraxacaqlardı.
Çantanı ağacın altında qoydu, dönüb getdi.

* * *

Həmin gün Abdulla çantadan canını qurtardıqdan sonra mağazaya getmədi. Şəhərdə gəzdi, dostu Tayibin yanında oturdu, söhbət elədi. 
Saat 8-də Tayiblə sağollaşıb evə getdi. Qapıdan içəri girəndə Arif dəhlizdə onu qarşıladı. 
- Ata, hardasan sən? Mağazaya gəlmişdim, bağlayıb getmisən. - Arif həyəcan içində soruşdu. 
- Tayibin yanında idim. Oğul, nə olub ki? - Abdulla cavab verdi. 
- Maksudla Səidi tutublar. Sərhəddi gizlin keçmək istədikləri üçün. Günorta öyrəndim. Zindana salıblar. - Arif dedi. 
Abdullanın başı gicəlləndi. "Uşaqlarını tutublar. Zindandan qurtarmaq üçün rüşvət verməyə pulları belə yoxdur. O, necə də axmaqlıq edib pulları aparıb atdı." - Abdulla düşünürdü. 
- İndi gəlirəm, evdə gözlə məni. - Abdulla dedi və çölə çıxdı. 
- Hara gedirsən, ata? - Arif arxasınca qışqırdı. 
Meşədə çantanı qoyduğu yeri tapdı. Ağacın altında çanta yox idi. Götürmüşdülər. 
Abdullanın gözündən yaş axırdı. Dizlərini yerə qoymuşdu. Yumruqlarını torpağa vurub "Lənət olsun" qışqırırdı. 


5 avqust 2017, Bakı.

 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac