Xəbər lenti

 Şrift:
                                                                                                  Əlabbas – 60
                                                                                                                                            
                                              Yolayrıcında yaşıl işıq

   Yolayrıcında yaşıl işıq vaxtında yanmayanda hansı qəzaların baş verə biləcəyi barədə düşünmüsünüzmü? Sualı verəndə  niyyətim  bəzən svetaforlara bənzədilən ədəbi  tənqidin, mayın 5-də altmış yaşını tamamlayan  yazıçı Əlabbas müəllimlə bağlı   zamanında fikir bildirməsinin  onun imzasında oxuduğumuz roman, povest, hekayələrin  say və sanbalına  nə kimi təsir edəcəyini vurğulamaqdı. Zira   tənqid ona yaşıl işıq yandırmadı,   o vuruşaraq, iradəsi sayəsində nüfuz qazandı. Qız övladına dərs dediyim kollecdən  tanıyıb,  mütaliə etdiyim Əlabbas müəllimin “Dağların duman çağı” (2017)  əsərini bilərəkdən roman  adlandırmağını  kitab sona çatanda hiss etdim. O bunu orijinal görünmək xatirinə etməyib, bu toplu mahiyyət etibarilə romandı, həyat romanıdı, müəllifin uzun həyat və yaradıcılıq yollarında başı çəkənlərin təfsilatıdı. “Çörəksiz peşə” müqəddiməsinin sərlövhəsi olmasaydı,  roman həvəsilə başladığım əsəri həmin templə  də oxumağa davam edəcəkdim. Etdim də.  Sonrakı başlıqları da (“Ədəbi portret”, “Anım”, “Məktub”, “Esse” və b.) romanın  biri digərini əvəz edən   sıxı əlaqəli fəsillərı olaraq qavradım, lakin  situasiyaya uyğun müəllifin gah  mehriban, gah qayğıkeş, gah da qəzəbli sifəti göz önündən  getmədi. Əbiyyatının  tərəqqisində,  təkamülündə pay sahiblərindən olan  Əlabbas müəllimi gör nə qədər incidiblər, fikirləşdim, əsas işini görməyə qoymayıblar, lakin o,  əqidəsindən, dediyindən dönməyib. Sözünün üstündə durub. O deyir: “Axıra darvazası gen, səbri çox, iddiası az olanlar qalır”. Bu alternativsiz fikri Əlabbas müəllimin yaradıcılığının əsas qayəsi kimi də qəbul etmək olar. Bir fikrə də nəzər yetirək:    “Atamın, nənəmin, nəslimizin və şəxsən özümün adından üzü Moskvadan beləsinə yazdığım yüzlərlə ərizə, xahiş və məktubu yaradıcılıq bioqrafiyama daxil etmək mümkün olsaydı, məndən gələcək nəsillərə iltimas janrında çox zəngin bir irs yadigar qalardı”.   Yazıçı bunu yaradıcılığının ilk illərinə aid etsə də, onu   Əlabbas müəllimin bütün fəaliyyət dövrünə  şamil etmək olar.
        Əsərlərini onu tanıyan ilk gündən böyük ədəbiyyat nümunəsi kimi qəbul etmişəm. Buna onun təbiətindən doğan təvazönün, sadəliyin,  təbiiliyin də təsir etdiyi sözsüzdü. Həyatda necə   danışır, əsərlərini də  elə yazır Əlabbas müəllim, ora ürəyinin  hərarətini qoyur. Onun əsərlərində insanın arzu və istəkləri, son anda isə əsrin, zamanın səsi eşidilir. Öz gözü ilə kənardan özünə baxmaq, özünü görmək bacarığı yazıçı Əlabbasda daha güclüdür.
      Onunla təmasda olanda, kəlmə kəsəndə də bu özünü göstərir. Əlabbas müəllimin sadəliyi ziyalılıq nişanəsidir. Bu, qəlbən böyük olanların hamısına xasdır.  Danışığı, gün-güzəranı, geyimi, yerişi, duruşu sadə və adidi onun. Bu sadəlikdə insanı düzgün yola, həyata, yaşamağa güclü bir çağırış var. İnsanın mənəvi ucalığı, budur Əlabbas müəllimin əsərlərinin ən böyük qayəsi.
      “Əsərlərimi satışa vermirəm, mağazalara pulsuz paylayıram”. Bunu da Əlabbas müəllim deyir. Yadıma ustad sənətkar    C.Məmmədquluzadənin Nehrəmin, Şahbuzun, Uluxanlının kənd məktəblərində pulsuz dərs deməyi düşür.
      Yazıçının əsərlərilə şəxsiyyəti arasında bir körpü, bağlılıq var. Bu, Əlabbas müəllimi adama doğmalaşdırır.
      Onun əvvəllər mütaliə etdiyim istər bədii, istərsə də publisist əsərləri oxucunu çeşid-çeşid suallarla baş-başa qoyur. Əsil ədəbiyyatın ən böyük missiyası da budur.
      Onun əsərlərindən səmimiyyət qırmızı xətlə keçir. Ana haqda  (“Allah adamı”) yazanda həmin hiss nə qədərdirsə,   dostdan  bəhs edəndə (“Üç Arif”, “İki dost haqda bir yazı”), yainki kiməsə məktub ünvanlayanda,  (“Bədii gəzişmə...və bir atüstü nərd söhbəti”, “Qaraqovaq çölləri” müzakirə zamanı və ondan sonra”), bir kitab haqda  resenziya yazanda da (“Dərviş qiyafəli şeirlər”) o qədərdi,  oxucuya bir o qədər açıqdı. “Qırx ildi könlümdən keçir bu yazı. Bu müddətdə, bəlkə, onu qırx dəfə başlayıb, hər dəfə də bir-iki cümlədən sonra qələmi yerə qoymuşam. Nahaqdan özümü qısnamağın da xeyri olmayıb”  deyən yazıçının “mən öz işini yenə də heç bir təmənna güdmədən, sədaqətlə görən vicdanlı qələm əhlinə bu gün bir az ayrı gözlə baxıram. İndi o mənimçün mağardan qıraqda, eləcə eşitdiyi toy havasına oynayan uşaq kimidi”  fikrinə haqq qazandırmaya bilmirəm.
      Yazıçını bizə ən çox sevdirən onun sözə  münasibətinin  ciddiliyi,  onu bir zərgər dəqiqliyi ilə işlətməsidir. “Biz Vətəni torpaq yox, oğul itirən kimi itirdik” söyləyir  romanın bir yerində.  “Bayırda yenicə tüğyana gəlmiş çovğun mənə Azərbaycan dilində deyirdi ki, ...bu qış sazağı yox, ölüm rüzgarıdı əsir” deyir başqa bir yerdə. Ömrünün son anlarını yaşayan dostunun  təsviri bədii cəhətdən  o qədər dolğundu ki, əlavə şərhə ehtiyac yoxdu: “Ölümün damğa kimi  basıldığı solğun sifətinə baxıb baxışlarımı yayındırıram ki, doluxsunduğumu görməsin”.  Esse  belə tamamlanır: “O bu dünyada Həqiqətin yanında idi, orda isə Haqqın yanındadı”. Nə qədər dəqiq və yerində deyilmiş fikirdi?!  Burda   maraqlı olan  başqa bir cəhət də odur ki,  söhbət yazıçının istər tələbə, istərsə də  qələm dostu Arif Əmrahoğluya  aid olduğundan illərcə çəkən müşahidənin bunca dəqiq, əyani olmasının səbəbi də olduqca inandırıcı görünür.
      Dostlarının (Ə.Rəsulov, N.Əbdürrəhmanlı, E.Zeynalov, A.Qaradərəli, S.Məmmədov...) portretini  Əlabbas müəllim  qələmlə yaratmır, sanki fırça ilə kətana köçürür. “Anım” fəslində vəziyyətə uyğun  boyaların olduqca tünd rəng almasına  baxmayaraq, axırda yazıya nikbin ruh hakim olur. Ağa Laçınlı,  Cavanşir Eloğlu, Rafik Tağı, Eyvaz Əlləzoğluya dair xatırlatmalar buna bariz nümunədi.
“İki dost haqda bir yazı” isə mənimcə,  iki yox, üç dost haqda bir yazı olmalıydı. Müəllifin  özünü nədən kənarda tutmağını qəbul edə bilmədim.  Halbuki hadisələrin mərkəzində Əlabbas müəllim özü dayanır, intizarla izlənilən olaylar onun ətrafında cərəyan edir. Bu prosesdə onun həm bir insan, həm də yazıçı kimi öz xarakteri də gərəyincə çözülür.   İlk baxışda  adi əhvalatdı, lakin digər əsərlərində olduğu kimi, burda da böyük həqiqətdən söz açılır. Üç müxtəlif peşənin sahibini qarşılaşdıran  yazıçı ədəbi gerçəkləri ilə  oxucuları inamlı olmağa çağırır. 
     Böyükdən-kiçiyə bütün əsərlərində bir özünəməxsusluq var onun.  Yazıçı ustalığı da bundadı. Sözə, fikrə necə don biçirsə, bilirsən ki, bu onundu, Əlabbas müəllimin. Fikrimcə, ona görə belədi ki, özü dediyi kimi, pis-yaxşı həmin ritm,  intonasiya, və səsi yazıçı özü yaradır. Bunu şah əsəri “Köhnə kişi”dən danışanda deyib, fikrini də   “Heydərbabaya salam”dan şəkdiyi nümunə ilə təsdiqləyib:  “Heydərbabaya salam”a Şəhriyarın öz ifasında qulaq asmağın ləzzəti bilirsən nədədi? Müəllifin öz səsində. Necə asta, ağırsəng, özünəməxsus, sirli bir ahəngdi?! Ən tanınmış qiraət ustası belə onu o şirinlikdə təqdim eləyə bilməz” Özünəməxsusluq budu. Deyim ki, onun publisistikasına da bir nəsr intonasiyası hakimdir.
      Konkret misallara müraciət edək: “Qızılgül yağı kimi zərrə-zərrə toplanılan bu yüksək əxlaqi dəyərləri onun yalnız parlaq şəxsiyyətlərə xas bir məharətlə qoruyub saxlamasını nədənsə bir qayda olaraq rezusunu heç vaxt dəyişməyən, hamıda anadangəlmə olan qan qrupunun daimi stabilliyi ilə müqayisə etmişəm” (“Əsgər Rəsulov: bir dost və alim kimi”); “Qapıdan çıxaçıxda da qayıdasan ki, hər adama köhnə kişi demirlər haa” (“Üç ən kamil şeir”); “Elə belə baxanda çoxlarının röyalarda da görə bilmədiyi bir qismət özü gəlib tapmışdı Eyvazı” (“Yazmaq istəmədiyim yazı”); “Xəyalımdan bircə anda keçən yüzlərlə dost çöhrəsinin natamam və qarma-qarışıq cizgisinə yalnız “şairi deyirəm”  – əlavəsi gərək olan işığı sala bildi” (“Burda şair olmur”); “Bu dəli-dolu oğlanın düz otuz beş il əvvəl, o şənbə günü  eşitdiyim cingiltili gülüşünü elə indi də eynən ovaxtkı kimi təbəssümlə yada salıram” (“Bizi aldadan oğlan”) və s., və ilaxır. Burda  publisistikadan bəhs olunduguna  görə yazıçının bədii əsərlərindən müsallar çəkməyə lüzum görmürəm. Fikrimdə   haqlı olduğumu onun az bəhs olunan “Gözmuncuğu”, “Gümüşü gecələr”, “Güdaz” kimi ilk qələm təcrübələrindən tutmuş “Qiyamçı”, “Qaraqovaq çölləri” kimi mükəmməl romanlarına qədər digər əsərlərini də  mütaliə edənlər gümanımca,  tərəddüdsüz təsdiqləyərlər.      
     Kitabın  ən maraqlı bölümü  şübhəsiz, onun müsahibələrdi.  Biz burda onun, Əlabbas müəllimin ədəbiyyata gəldiyi vaxtdan bu günəcən keçdiyi yaradıcılıq yolu ilə bərabər, söz üzərində  necə işləməyi, ədəbi  platforması, həyata, insanlara, muğamata, idmana, müxtəlif həyat sahələrinə baxışı, əsərlərə münasibəti, zövqü ilə daha yaxından tanış olmaq imkanı əldə edirik. Yazıçı etirafına fikir verin: “Həmişə ürəyimdən keçib ki, “Mirvari” kimi bir povest yaza biləydim, kaş “Həyat eşqi” mənim qələmimdən çıxaydı, kaş “Əyilməzlik” mənim hekayəm olaydı, “6 nömrəli palata”nın müəllifi mən olaydım”.
    Maraqlıdı ki, o, dünya ədəbiyyatını həcm etibarı ilə lərzəyə salan qalın-qalın romanların yox,  sanbalca  ağır əsərlərin arzusundadı. Halbuki yurd itirənlərin fəci taleyini təklikdə ömür keçirən bir insanın simasında  ümumiləşdirmək bacarığı (“Qiyamçı”romanı) onun özünə müyəssər olan yazıçı səadətidi. Ömrünü cümlə-cümlə “Qiyamçı”ya  hörən  Əlabbas müəllim çoxlarının bacarmadığını yazı ilə, qələmlə tarixə çevirə bilib. O buna  qəhrəmanları ilə   arasında olan “müəllif və obraz” sədlərini aşa bilməyin sayəsində nail olub. “Köhnə kişi”nin qadın qəhrəmanından söz düşəndə deyir: “Nə onun özünü xoşbəxt eləyə bildim, nə də qoydum proobrazı xoşbəxt olsun. İki daşın arasında ərinə yazdığı məktubu da mən diktə eləmişdim ona: “Sənə elə gəlmirmi, biz ayrı-ayrı adamlarıq. Daha indi də uşaq deyilik ki, bir-birimizi aldadaq”. Yaxud “unutdum sənə deyim ki, qızın olmalıydı, amma mən onu xərc elətdirdim. Elə bil hər şeydən əvvəl içimdə səni yaşadırdım” 
    “Qəbul edə bilmədiyin nəsə oldu həyatda?” sorğusuna cavabı belədi onun: “Həmişə götür-qoydayam ki, olum varkən ölüm nə? Bir tərəfdə bal kimi möcüzəvi nemət, o biri tərəfdə şəkər tək azar. Qadın kimi zərif bir varlıq xəlq elə, dalınca da ətürpədən cinsi xəstəliklər. Yağ-qaymağı bu yandan yetir, kirəc, təzyiqi də o biri. Belə çıxmır ki, bu qəfəs dediyin elə bineyi-qədimdən binəva bülbüldən ötrü imiş?”
 Başqa sözlə, buna əsl yazıçı səmimiyyəti deyirlər.      Misalların sayını artırıb vaxt almaq istəmirəm. Sözügedən məsələyə müəllifin özünün bir şərhi tam yerinə düşür. Çünki müəllif özünü yazır. Onun “Qiyamçı”nı oxuyan qızı romanı  qurtarandan sonra əsərin qəhrəmanı Təbrizi Əlabbas müəllimlə   eyniləşdirib:  “Ata, bu ki sənin özünsən”
     Son günlərdə intihar mövzusu ilə yenidən gündəmə gələn  “Mərənd ölüsü”nün qəhrəmanından bəhs edəndə “Talıb elə mən özüməm” deyir Əlabbas müəllim.
    Əlavə şərhə ehtiyac yoxdu, məncə.  
    Romanın dili haqda ayrıca danışmağa dəyər. Lakin hiss etdiyim qədər bu, ayrı, daha böyük bir söhbət mövzusudu. Diqqətə çatdırım ki, Əlabbas müəllimin yazı dilinin şirinliyi, duruluğu adamı heyrətləndirir. Təsviri elə ustalıqla verir ki, adama elə gəlir onu ilk dəfə eşidir.     Kim deyir, Əlabbasın dili ağırdır, yanılır, başqa əsərlərində olduğu kimi  “Dağların duman çağı” romanında da dilə, kökə bağlılıq, sadəlik, aydınlıq, orjinal fikirlər, məzmun və məna, dərinlik gördüm. Mərdlik, sərtlik, casərət gördüm. Sadaladığım bu keyfiyyətlər yazıçının əsərlərinin hər bir qəhrəmanına xas olan keyfiyyətdir. Əlabbas müəllimin “Hörmətli dilçimiz Tofiq Hacıyevlə rastlaşanda hələ indi də deyir ki, sənin simanda yaxşı bir dilçi itirdik” fikrinə şərik olsam da, deyərdim ki, biz o dilçini itirməyib, dübarə bir yazıçı da qazanmışıq. Sintetikadan uzaq, xalq danışıq dilinə söykənən, anasından eşitdiyi şirin dillə (“Allah adamı”) əsər yazan bir yazıçı.
     Kütləvi ədəbiyyatın tüğyan etdiyi bir vaxtda yaxşı, tutarlı, oxunaqlı roman yazmısınız, Əlabbas müəllim, sağ olun. Altmış yaşınız mübarək, uzun ömür arzulayıram Sizə!

                                                                                          Xaləddin İsaxanlı
                                                                        Bakı Humanitar Kollecin  müəllimi        


Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac