Xəbər lenti

 Şrift:


Ölümdən bəhs edəndə mənə hirslənirlər, onun yada salınmağını istəmirlər. Amma ölüm hər an yanımızdadır. İndi də intihar paltarı geyinib ətrafımızda dolaşır. Ölüm indi qəfil gələn qonaqdan daha çox sifarişli bir menyüyə çevrilib.
 
Sosial şəbəkədə müzakirələr uzun sürdü. Ürəyimi üzəcək qədər uzun. Düşündüm bir anlq intihar edənlər kimi... Axı, niyə mən özümü tənha insan ya da kiminsə həyat yoldaşı öldürərkən siz bunu yazar, müəllim ya da kiminsə bacısı olaraq dəyərləndirirsiniz?!...
 
Şəxsiyyətin ikiləşməsi....
 
Nə qədər haçalanmışıq. Şahzadə Diana haqqında sənədli film hazırlamışdılar. Ondan şahzadə Çarlzdan niyə ayrıldığını soruşmuşdular. O isə eyni anda şahzadə, ana, həyat yoldaşı və ictmai xadim və gəlin rollarını ifa etməkdən yorulduğunu demişdi.
 
Bəs problem nədən qaynaqlanır? İnsanlar bu qədərmi ümidsizləşib? İnsan bu qədərmi yorulub? Suallar, suallar...
 
Yenə dostum şikayətə başladı. Həyatda heç nəyə nail ola bilmədiyini və bu dünyaya nə üçün göndərildiyini çözə bilmədiyini yazdı. Telefonu söndürüb atdım kənara. Bezmək və usanmaq.. Bəlkə mən də onu dinləməkdə eqoistlik edirəm?
 
Yenə sual. Növbəti sual...
 
Nitsşenin  “Zərdüşt belə buyurdu” əsərində son insan belə təsvir olunur. Son insan yaşamaqdan yorulmuş, risk etməyən yalnız huzur və təhlükəsizliyini düşünən biridir. Son insan introvert biridir. Artıq olub-bitənlərlə maraqlanmayan yalnız öz xoşbəxtliyini düşünən bir şəxsdir.
 
 O özünü real dünyadan ayıraraq, virtual aləmə bağlayıb. Bu insan qulaqlarını qapayıb. Heç nəyi eşitmir. Çünki bu eşidikləri onun həyat prinsipləri ilə ziddir. Bu insan laqeydliyin özüdür. Laqeydliyin insanlaşmış formasıdır. Yaddaşı yoxdur. Eyni ilə bağlandığı virtual dünya kimi anlıq yaddaşa malik olur.
 
Fukuyama “Tarixin Sonu və Son İnsan” başlıqlı yazısında:
“İnsanlar öz üfüqlərinin yalnız bir üfüq kimi deyil, yaxınlaşanda yox olan bir rəsm kimi qəbul ediblər. Ona görə modern insan son insandır. Tarixi yaşamaqdan yorğun düşüb.”
 
Yorğun düşmək... Əlimi telefona uzadıb açmaq istədim. Yox şikayətləri dinləməyə halım yoxdur. Onsuzda bu an problemlər ən qaçdığım, düşünmək isə ən sevmədiyim məşğuliyyətdir. Azacıq dincəlsəm...
 
Son insan... Əslində yaşadığımız çağda  demək olar əksəriyyətimiz “Son İnsanı” əla oynayırıq. Kapitalizim yaratdığı fərdiyyətçi insan başını dəvəquşu kimi quma soxub. (Cib telefonun ekranına və kompüterin ekranında qalmış insan tipi hər an qarşılaşdığımız insanlardır. Güzgüdə də gördüyümüz odur, küçədə də...)
 
Hadisələrə laqeyd insan, daş kimidir, reaksiya vermir. Müharibələri, partlayışları və insan ölümlərini hissiyatsız izləyən insan. Yaşamaqdan bezmiş, heç bir şeydən zövq almayan, amma yenə də bitki kimi həyatına davam edən canlı...Dünəni bu günü və sabahı rutin kimi yaşayan boz məxluq..
 
İnsan laqeydlik edir. Laqeydlik laqeydlik gətirir.
 
J. Navvaronun “Bədən Dili” kitabında bir ataya oğlunun 5 ildir narkotika istifadə etdiyini söylədikdə o bunu heyrətlə qarşılayır. Ata övladın frekansından nə qədər uzaq düşər ki, onun 5 ildir narkotika istifadə etməsindən xəbəri olmasın.
 
Deməli, hələ də gözlərinə baxa bildiyimiz əzizlərimiz yanımızda ikən onları laqeydliyin qurbanı etməyək. Azacıq da olsa mübarizə ruhuna sahib olaq. Özümüzü yormaq istəməsək də gedib yaxınlarımızdan xəbər tutaq. Maddi heç nə edə bilməsək də, ən azından mən burdayam deyə bilərik.
 
Telefonu açıb dostmun yazdığı növbəti mesajı oxumadan zəng edirəm.
Hardasan? Gəlirəm-deyə ona səslənirəm...
 
P.S. Amerika alimləri bütün xəstəliklrin şiddətlənmə anını tənhalıqla bağlayıblar. Adi qrip belə tənha insanlarda uzun müddət çəkir.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə

Sayğac