Xəbər lenti

 Şrift:

                       
                                               Rəşid Bərgüşadlı


                                                                 Haram tikə

                                         
           hekayə
 
– Ay Əlimərdan, səni lələnin goru, bu haradan ağlına gəlib ki, kənd yerində evin içində ayaqyolu tikdirirsən?.. – bənna Şükür mişar daşını baltayla iki bölüb hörgünün tinini atdı, küncü kəndir şuğulla tərəziyə vurdu. Yaşının yetmişi haxlamasına baxmayaraq bu çəlimsiz usta hələ də hörgü daşını qucağında quş kimi oynadırdı. Hövsələsiz olsa da, əlləri qızıl idi – daşdan adam da yonub düzəldərdi.  
– Cijim ta qocalıb, Şükür əmi, gecələr həyətin o başındakı ayaqyoluna gedib-gələnəcən fikrim-xəyalım qalır yanında ki, çaqqal-canavar cumar arvada, ya da çala-çuxura düşüb qol-qıçını sındırar... Həm də, baxma, xeyli rahatlıqdır.  Hamamı da bura salıram ki, qışda evə girənədək soyuqdan sitildəməyək, yoxsa, tövlədə çimib evə çatanacan adamın sifəti  qırov bağlayır.
– Ağıllı iş görürsən.

Ardını oxu...

 Şrift:
                                                                                                  Əlabbas – 60
                                                                                                                                            
                                              Yolayrıcında yaşıl işıq

   Yolayrıcında yaşıl işıq vaxtında yanmayanda hansı qəzaların baş verə biləcəyi barədə düşünmüsünüzmü? Sualı verəndə  niyyətim  bəzən svetaforlara bənzədilən ədəbi  tənqidin, mayın 5-də altmış yaşını tamamlayan  yazıçı Əlabbas müəllimlə bağlı   zamanında fikir bildirməsinin  onun imzasında oxuduğumuz roman, povest, hekayələrin  say və sanbalına  nə kimi təsir edəcəyini vurğulamaqdı. Zira   tənqid ona yaşıl işıq yandırmadı,   o vuruşaraq, iradəsi sayəsində nüfuz qazandı. Qız övladına dərs dediyim kollecdən  tanıyıb,  mütaliə etdiyim Əlabbas müəllimin “Dağların duman çağı” (2017)  əsərini bilərəkdən roman  adlandırmağını  kitab sona çatanda hiss etdim.

Ardını oxu...

 Şrift:



Əmirxan öləndə kənddə hamını çox kədərləndirmişdi.”Öldü canını qurtardı, bu əzab-əziyyətdən yazıq;”- deyib, çoxları deyinirdi!
Çox sakit təbiətli, qayğıkeş bir insan idi Əmirxan. Kolxozda mühasib köməkçisi işləyirdi. Ona-buna sənəd-sünət düzəltməklə, ordan-burdan beş-on manat tapıb, ailəsini dolandırırdı.
Altı qızdan sonra, oğlu Zahir dünyaya gəlmişdi. Oğlu dünyaya gələndə özünü dünyanın ən bəxtəfər bəndəsi sayırdı. Elə bilirdi ciynindən ən ağır yük götürülüb. “Daha nəslının davamçısı olacaq!
“Şükür Allah, Allahdan bir oğul payı istədim, onu da verdi. Indən sonra nə dərdim, nə sərim! Daha ölsəm də belə ayağımı rahat uzadıb ölə bilərəm”!- belə fikirləşirdi Əmirxan.
***
Əmirxanın babası Əmir xan vaxt ilə kəndxuda olub. Şura hökuməti qurulduqdan sonra kişinin əlində-ovcunda olan nəyi varsa; bütün var-dövlətini əlindən alıb, sonra da özünü sürgünə göndərmişdilər. O gündən bu günə kişidən bir xəbər-ətər çıxmamışdı.
Atası Zeynal onda körpə uşaq olub. Anası bir qarnı ac, bir qarnı tox, yetimçiliklə böyüdüb, boya-başa çatdırıb. Zeynal da oğlu dünyaya gələndə, atasının adını yaşatmaq üçün, oğlunun adını Əmirxan qoyub. “Qoy nəslimin izi itməsin”.- deyib.
***
Zahir də orta məktəbi bitirib ali məktəbə daxil oldu. Əmirxanın sevincinin həddi-hüdüdü yox idi. “Allah, sənə min şükür olsun, bu oğlu sonradan mənə verdin, yaşımin ötüb keçən vaxtı olsa da arzularım gözümdə qalmadı”.
Dost-tanış Əmirxanın sevincinə şərk olub, bir gün yığışıb onu təbrikə gəldilər, Əmirxan da gözəl bir stol açdı, Zahirin şəninə toslar qaldırıldı, yaxşı sözlər deyildi. “Gün o gün olsun İnstitutu bitirsin, toyuna yığışaq. Arzümüz budur nəvə toyunda təbrik edək səni, ay Əmirxan! Bax onda əsl həngamə olacaq”...
Bu kimi sözlər Əmirxanin sinəsinə yağ kimi yayıldı. Ən böyük arzusu idi nəvə görmək. Ürəyində tutmuşdu ki, babasından əmanət qalan adı nəvəsinə verəcək! Nə vaxtsa nəslinin əvvəlki şöhrəti qayıdacaq. Özündə b una çox əmin idi.”Ot kök üstə bitər”- deyib, öz-özünə təsəlli verirdi.
Bir gün xəbər güllə kimi gəlib kəndə çatdı ki, Zahir bir qıza ilişib, qiz yaxasından əl çəkmir ki? əl çəkmir.”Ya sənin olmalıyam, ya da qara torpağın.”- deyib, dad-aman edir. Qızın qohumları da deyib ki,”Qızın başına bir iş gəlsə, axırına çıxacağıq. Bizim el içində başımızı aşağı edib, papağımızı yerə soxa bilməzsən!” Yazıq uşaq nəfsinə qurban getmişdi.
Qız, uşağı olmadığına görə bir il əvvəl ərdən çıxıbmış. Qızin şirin dilinə uyub, ağ maya baldırları ağlını başından çıxarıb...
Qızın qardaşı ilə dost olmuşdu Zahir. Arada dostugilə gedib gəlirmiş. əndə qizla orda bir- birini görüb, aşiq-məşuq olublar. Qizmı ona vurulub, omu qıza vurulub, əllərinə fürsət düşən kimi qayda-qanunu pozüb, sərhəddi keçiblər. Bununla da Leyli-Məcnunluq başlayıb, nə başlay ıb...
Vəziyyətin Münasibətlərin pisləşdiyini görən Əmirxanın ürəyincə olmasa da toy edib Səriyyəni evinə gəlin gətirdi. Ortada bir isti münasibət olmadığına görə, O gündən evdəkilərlə Səriyyə arasındakı soyuq münasibət elə soyuq olaraq da davam etdi.
Bir dəfə Zahir Səriyyə ilə ayrılmaq fikrinə düşmüşdü. Səriyyə tərəfdən ismarıc çatdırmışdılar ki,” Ağıllı ol bala, səni elə itkin salarıq ki, yerini-yurdunu da bilən olmaz! Ağlını başına yığ, sakitcə dolan!”
Zahirin ad günündə Səriyyənin ata-anası, bacı-qardaşı, xüsusi təmtaraqla onun ad gününə gəldilər. Kişini elə təmtaraqla təbrik elədilər ki, elə bil Zahir bunlar üçün ən dəyərlı, ən qiymətli bir adam imiş, sonradan biliblər.dır. Qaynatası “Cip”in açarını xüsusi təmtaraqla ona hədiyyə etdi:”Bala, səndən artığı sürəsi deyil ki!..Yad deyilsən, sən də bizimkisən! Səni bu vaxt sevindirməyib, nə vaxt sevindirəcəyik?! Xeyr işlərə sürəsən bala! Bax, nə dərdin-sərin olsa, çəkinmə ha... Bəs biz burda kimik, nəkarəyik?!..”
***
Əmirxan yaşa görə təqaüdə çıxdıqdan sonra, işi-gücü, evdə-eşikdə, həyat-baca ilə məşğul olmaq idi. Böyükdən-kiçiyə daha hamı Əmirxana “Əmirxan müəllim”,” Əmirxan əmi” kimi yox, Əmirxan deyə müraciət edirdilər.
Əmirxanın arvadı Tükazban xeyli müddət idi ki, yataq xəstəsi düşmüşdü. Deyirdilər ki, yazıq arvad oğlunun əlacsızlığına dözməyib sinir iflici keçirib. Həkimlərin köməyi nəticəsində yaxşılaşsa da yataqdan qalxa bilməyib. Əmirxandan başqa bir qaşıq su verən də olmayıb yazıq arvada. Əmirxan qayğısina qalır, qulluğunda durardı. Arada bir qızları gələndə qulluq göstərsələr göstərərdilər, göstərməsələr bütün qayğı Əmirxanin boynunda idi.
Tükazban can verəndə Əmirxana vəsiyyət eləmişdi:” Oğlum əmanəti, onu tək buraxma! Səndən başqa heç kəsə gümanım yoxdu!”-deyib, gözünü əbədi yummuşdu.
O gündən Əmirxan qanadı qırılmış quşa dönmüşdü. Əlacsız, köməksiz vaxtlarında arvadının qarası ilə deyinirdi:”Eh!.. Ay Tükazban, canını göturub getdin, məni əlacsız qoydun bu fani dünyada, nə oğul baxır, nə də gəlin qulluq göstərir! Hələ bunlar bir yana qalsın! Bu gəlin də lap həddini aşıb. Heç əmi, dayı deməyi cəhənnəm, adımı da düzgün deməyi özünə sığışdırmır ayıb, mənimlə əmrlə danışır,”Əmir, bunu belə et, Əmir, bunu oraya qoy”, deyib, əmr verir mənə.Ömrümü demirəm, adımı da gödəldib daha!
***
Bir həftədən çox idi ki,yatağa düşmüşdü Əmirxan.Yazıq kişi can verə bilmirdi. Gözlərini bir nöqtəyə zilləyib qalmışdı. Nitqi tam tutulmuşdu.Qohum-əqraba, qonum-qonşu ona baş çəkməyə gələndə kövrəlib gözlərind� �n bir-iki damçı yaş axırdı..
Kişinin ölüb, canını qurtarmasını ən çox gəlini səbisizliklə gözləyirdi:”Ölüb qurtarsaydı, işimizi bilərdik, Deyəsən, bu kişi ölmək istəmir, məqsədi bizi öldürməkdir. Gedib-gələnin ayağı altında itib-bataağıq daha... Bir yolluq ölsəydi, öz canını da qurtarardı, bizim canımız da”...
Öz-özünə deyinirdi ki, teleofon zəngi onu xəyaldan ayırdı...
-Hə, ana, eşidirəm?
-Qızım necədi işlərkişidən nə xəbər-ətər var, indi vəziyyəti necədi?
-Eh... Ana, nə ölən kimi ölür, nə də dirilən kimi dirilir!
-Hə, qızım, nədənsə nigarandı, nəyisə gözlədiyi var!.. Ona görə can vermək istəmir! Deyirlər, belə olanda ovcuna daş qoyurlar, onda can verir!
Bu sözlər gəlin üçün göydən düşmə oldu. Gedib həyətdan bir daş gətirib qaynatasının ovcuna qoydu.
Əmirxan elə bil bu daşa bənd imiş. Arzuları kimi, ölə bilməyən canı da sanki çoxdan daşa dönmüşdü...

 Şrift:


Ölümdən bəhs edəndə mənə hirslənirlər, onun yada salınmağını istəmirlər. Amma ölüm hər an yanımızdadır. İndi də intihar paltarı geyinib ətrafımızda dolaşır. Ölüm indi qəfil gələn qonaqdan daha çox sifarişli bir menyüyə çevrilib.
 
Sosial şəbəkədə müzakirələr uzun sürdü. Ürəyimi üzəcək qədər uzun. Düşündüm bir anlq intihar edənlər kimi... Axı, niyə mən özümü tənha insan ya da kiminsə həyat yoldaşı öldürərkən siz bunu yazar, müəllim ya da kiminsə bacısı olaraq dəyərləndirirsiniz?!...
 
Şəxsiyyətin ikiləşməsi....
 
Nə qədər haçalanmışıq. Şahzadə Diana haqqında sənədli film hazırlamışdılar. Ondan şahzadə Çarlzdan niyə ayrıldığını soruşmuşdular. O isə eyni anda şahzadə, ana, həyat yoldaşı və ictmai xadim və gəlin rollarını ifa etməkdən yorulduğunu demişdi.
 
Bəs problem nədən qaynaqlanır? İnsanlar bu qədərmi ümidsizləşib? İnsan bu qədərmi yorulub? Suallar, suallar...
 
Yenə dostum şikayətə başladı. Həyatda heç nəyə nail ola bilmədiyini və bu dünyaya nə üçün göndərildiyini çözə bilmədiyini yazdı. Telefonu söndürüb atdım kənara. Bezmək və usanmaq.. Bəlkə mən də onu dinləməkdə eqoistlik edirəm?
 
Yenə sual. Növbəti sual...
 
Nitsşenin  “Zərdüşt belə buyurdu” əsərində son insan belə təsvir olunur. Son insan yaşamaqdan yorulmuş, risk etməyən yalnız huzur və təhlükəsizliyini düşünən biridir. Son insan introvert biridir. Artıq olub-bitənlərlə maraqlanmayan yalnız öz xoşbəxtliyini düşünən bir şəxsdir.
 
 O özünü real dünyadan ayıraraq, virtual aləmə bağlayıb. Bu insan qulaqlarını qapayıb. Heç nəyi eşitmir. Çünki bu eşidikləri onun həyat prinsipləri ilə ziddir. Bu insan laqeydliyin özüdür. Laqeydliyin insanlaşmış formasıdır. Yaddaşı yoxdur. Eyni ilə bağlandığı virtual dünya kimi anlıq yaddaşa malik olur.
 
Fukuyama “Tarixin Sonu və Son İnsan” başlıqlı yazısında:
“İnsanlar öz üfüqlərinin yalnız bir üfüq kimi deyil, yaxınlaşanda yox olan bir rəsm kimi qəbul ediblər. Ona görə modern insan son insandır. Tarixi yaşamaqdan yorğun düşüb.”
 
Yorğun düşmək... Əlimi telefona uzadıb açmaq istədim. Yox şikayətləri dinləməyə halım yoxdur. Onsuzda bu an problemlər ən qaçdığım, düşünmək isə ən sevmədiyim məşğuliyyətdir. Azacıq dincəlsəm...
 
Son insan... Əslində yaşadığımız çağda  demək olar əksəriyyətimiz “Son İnsanı” əla oynayırıq. Kapitalizim yaratdığı fərdiyyətçi insan başını dəvəquşu kimi quma soxub. (Cib telefonun ekranına və kompüterin ekranında qalmış insan tipi hər an qarşılaşdığımız insanlardır. Güzgüdə də gördüyümüz odur, küçədə də...)
 
Hadisələrə laqeyd insan, daş kimidir, reaksiya vermir. Müharibələri, partlayışları və insan ölümlərini hissiyatsız izləyən insan. Yaşamaqdan bezmiş, heç bir şeydən zövq almayan, amma yenə də bitki kimi həyatına davam edən canlı...Dünəni bu günü və sabahı rutin kimi yaşayan boz məxluq..
 
İnsan laqeydlik edir. Laqeydlik laqeydlik gətirir.
 
J. Navvaronun “Bədən Dili” kitabında bir ataya oğlunun 5 ildir narkotika istifadə etdiyini söylədikdə o bunu heyrətlə qarşılayır. Ata övladın frekansından nə qədər uzaq düşər ki, onun 5 ildir narkotika istifadə etməsindən xəbəri olmasın.
 
Deməli, hələ də gözlərinə baxa bildiyimiz əzizlərimiz yanımızda ikən onları laqeydliyin qurbanı etməyək. Azacıq da olsa mübarizə ruhuna sahib olaq. Özümüzü yormaq istəməsək də gedib yaxınlarımızdan xəbər tutaq. Maddi heç nə edə bilməsək də, ən azından mən burdayam deyə bilərik.
 
Telefonu açıb dostmun yazdığı növbəti mesajı oxumadan zəng edirəm.
Hardasan? Gəlirəm-deyə ona səslənirəm...
 
P.S. Amerika alimləri bütün xəstəliklrin şiddətlənmə anını tənhalıqla bağlayıblar. Adi qrip belə tənha insanlarda uzun müddət çəkir.
 
 Şrift:



1977-ci il. Yay fəslinin birinci ayı.

 

Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları  olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər,  gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.

Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.

Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:

-Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.

Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.

Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.

-Sağ get, salamat qayıt, bala.

Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.

-Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.

Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.

Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.

Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.

Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.

Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” –  cavabını qaytarmışdı.

Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.

Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.

Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:

-Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.

“Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.

-Adın nədir sənin? – deyə astadan soruşdu.

-Soltanbəy. – Elə mən də astadan cavab verdim.

-Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.

Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.

Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.

On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.

Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.

-Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.

Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.

-Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.

Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.

-Çox olar. Mən bu qədər pulu neyləyəcəm?

-Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.

Daha heç nə demədim, razılaşdım.

O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi.  Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.

Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:

-Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.

Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.

“Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:

-Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!...

Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:

-Di get! Sənə yaxşı yol

Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.

Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.

Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.

Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.

Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.

Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.

Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı.  Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.

Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:

-Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.

Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”

– Səyləmə ə, Mirzə - əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.

Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm.  Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.

Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.

Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:

 -Bu gün kimin ad günüdür?

Babken məndən bir az qabağa düşdü.

 -Heç kimin!

-Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?

Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.

-Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?

Babken üzümə də baxmadı.

-Yağış yağacaq, Mirzə.

Mən də pəncərədən çölə baxdım.

-Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.

Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.

-Sabah Andranikin günüdür.

Hər şey mənə aydın oldu.

-Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.

Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.

-Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.

Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.

-Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?

Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:

- Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.

– Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?

İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:

- Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.

Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.

- Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?

Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.

- Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?

- Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.

Hirsimdən güldüm.

-Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!... Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?

Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:

- Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin  şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.

Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.

-Mirzə, səni çox istəyirəm. Sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.

-Bəs, məni axtarmayacaqlar?

-Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.

-Bəs sən?

Babken bu dəfə bizim dilimizdə danışdı.

-Narahat olma, erməni erməniyə heç nə etməz.

Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.

İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.  

Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:

-Neçə gündür görünmürsən, Soltan bəy.

Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:

-Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.

Qarik qələbə qazanmış adam kimi güldü.

-Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.

Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.

-Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.

-Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.

Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:

-Mirzəyev, sakitləş. – dedi.

O biri erməninin erməni dilində Qarikə dediyi sözlərini eşitdim:

- İsk hangarts mer handep bogoki!

Qarik astadan cavab verdi:

-Mi vaxestir yerkusnel cen karoq apatsutsel.

Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:

-Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.

Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:

-Babken, niyə şikayət eləmirsən?

Babken gülümsədi:

-Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.

-İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur. 

Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.

-Dediyin murdarlardan hər yerdə var.

Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!...

Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə - çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.

Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:

-Dədəm niyə gəlmədi?

Əmim oğlu cavab verdi:

-Evdə səni gözləyir.

Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.

-Dədəm hanı?

Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.

-Həyatdı, əmi oğlu.

Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!...

Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.

Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.

Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.

Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.

-Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.

-Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.     

Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.     

Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.

Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada you tube girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.

 

Şəfaqət Cavanşirzadə       

12.03.2017

       

 Şrift:

 

Səid Əlcəzairin qaranlıq küçələrindən birində şəhərin təhlükəli cinayətkarları ilə görüşə gəlmişdi. Tez gəldiyindən gözləmək məcburiyyətində idi. Görüş vaxtı çatmışdı, lakin onlar gəlib çıxmamışdı. 

İçindəki həyəcanı və narahatlığı öldürmək üçün küçə boyunca gəzirdi. Saatına baxdı, 20 dəqiqədən çox keçmişdi. 

Gəzişməyə davam edirdi, uzaqdan ona yaxınlaşan 3 nəfəri tanıdı. Gözlədiyi həmin adamlar idi. Əlində təsbeh fırladan qrupun başçısı Səidə yaxınlaşdı.

- Sənədlər hazırdı, bəs pulu düzəltmisən? - Səidin gözünün içinə baxaraq dedi. 

- Danışdığımız kimi səhər 6-da aeroportda 5 min dolları alacaqsan. Pasport və viza ilə ümid edirəm heç bir problem olmaz. - Səid cavab verdi. 

- Heç bir problem olmayacaq. - gülümsəyərək dönüb getdi. 

Saatın əqrəbləri 9 olduğunu göstərirdi.

 

* * *

 

Səid əlində revolver yekəpər kişinin başı üstündə dayanmışdı. Kişinin arxası ona çevrilmiş idi və bərk xoruldayırdı. Stolun üstündəki lampanı yandırdı və əlindəki revolverin lüləsini onun çiyninə toxundurmağa başladı. 5-ci toxunuşda kişi dik atıldı, üzünü Səidə tərəf çevirdi. 

- Qışqırmaq heç ağlına da gəlməsin, - Səid silahı kişinin alnına yaxınlaşdırdı və gülümsədi. 

Kişinin qorxduğu açıq-aydın görünürdü. Səid silahı ona tuşlayaraq geri çəkildi və yatağın yanındakı stulu qabağa çəkərək əyləşdi. 

- Həəə, Abbas, belə belə işlər. Daha bağışla da, səni oyatdım. - Səid dedi. 

- Mənə toxunma, istədiyin hər şeyi edərəm, nə istəsən verərəm, - kişi belə hallarda deyilən şablon sözlərlə yalvarmağa başladı. 

- Sənin mənim üçün edəcəyin bir şey yoxdur. - Səid gülümsündü. - Məni tanımazsan, amma mən səni ötən 12 ildə heç unutmadım. 

- Niyə, nə olub 12 il öncə? - Abbas səsi titrəyərək soruşdu. 

- 12 il öncə universiteti bitirmiş təmiz, çirkə bulaşmamış bir gənc idim. Sənin indi rəhbəri olduğun neft şirkətinə işə düzəlmək üçün müraciət edən gənclərdən biri idim. Testi keçdim,  müsahibəni keçdim, amma necə oldusa, məni işə götürməkdən imtina etdilər. Sonra öyrəndim ki, sən həmin şirkətdə imtahandan keçənlərin məlumatlarını dəyişdirib pulunu aldığın ayrı insanları işə düzəldirdin. Belə. - Səid istehza ilə güldü. 

- Nə qədər desən, pul verərəm. Toxunma mənə... - Abbas qorxu içində dedi.

- Sən mənim kimi nə qədər gəncin həyatını oğurlamısan. Sənin pulun mənim illərimi geri qaytara bilər? - Səid revolveri sol əlinə götürdü və ona yaxınlaşdı. - De görüm, qaytara bilərsən illəri geri? - Abbasın sifətinə sağ əli ilə bir şillə vurdu. 

Səid yenidən stula əyləşdi. Abbas isə bərkdən ağlayırdı. Göz yaşları yağış damcıları kimi yanağından axırdı. 

- Bəsdir, arvad kimi ağlama. Şirkətə işə düzələ bilməyəndən sonra heç yerdə iş tapa bilmədim. Kim idi axı, mənim kimi bir kasıba iş verən. 1 il bekar gəzdim, qoşuldum ölkədəki idarəetmədən narazı olan gənclərə, mitinqdə tutuldum, həbsxanaya düşdüm. 10 il içərdə yatdım. Hər gün döyüldüm, söyüldüm. İndi düşünürəm, nəyimə gərək idi? Mən ölkəni dəyişməyə çalışırdım ki, sənin kimilər daha da varlansın? Nəyimə gərək idi, bu xaraba Əlcəzair, bu qədirbilməz xalq?- Səid susdu. 

- Məni övladlarımın xətrinə bağışla. - Abbas hələ də ağlayırdı.

- Qanmaz, sən övladlarının adını dilə gətirirsən. Bəs mənim kimi gənclərin həyatında maneə yaradan sən heç düşünmüsən ki, onlar da bir ailənin övladıdır. Nədir, ingilisin şirkətini öz malın saymısan? - Səid əsəbiləşdi. - Niyə öz ətrafında olan insanları tanışlıqla, tanımadığından isə pul alaraq ora işə düzəltmisən? Niyə, axı niyə? 2 oğlunu şöbə müdiri təyin etmisən, arvadın da indi Parisdə gəzir, bu 2 mərtəbəli villada dəbdəbəli yaşayırsan, xidmətçilərin əlinin altında. Səni adi insandan artıq edən nədir? O ingilisin şirkətini sənə tapşırıblar ki, öz malın kimi istifadə edəsən? 

Səidin əlləri əsirdi. Saatına baxdı, gecə saat 3 idi. Abbasa yaxınlaşdı və yaxasından yapışdı.

- Səsin çıxmasın, eşitdin? - Abbasın sağ yanağına silahı dirədi. - İndi aşağı düşürük sakitcə, seyfi açırsan. Anladın?

Abbas başı ilə təsdiqlədi və birlikdə aşağı mərtəbəyə düşdülər. Xidmətçilər yatmışdı və onların oyanmasına Səid heç cür imkan verə bilməzdi. Buna görə də sakit davranmağa çalışırdı. 

- Burda nə qədər pul var? - Seyfi açandan sonra Abbasın başı üstündə dayanan Səid soruşdu. 

- 21 min dollar və ... - ardını deməyə Səid imkam vermədi. 

- Dinar lazım deyil mənə, onu səni sağ buraxdığım üçün nəzir paylayarsan, eşitdin? - Səid revolverin lüləsini arxadan onun təpəsinə dirədi. 

Abbas başı ilə təsdiqlədi. Səid digər əli ilə cibindən şüşə və pambığı çıxardı. Pambığı silah tutduğu sol əlinə ötürdü, şüşəni sağ əli ilə açdı. Qapağı cibinə atdı və şüşədəki mayedən pambığa batırdı. Şüşəni seyfin yanındakı stola qoydu və  pambığı sağ əli ilə Abbasın burnuna tutdu.
Abbas huşunu itirib yerə yıxıldı. Səid cibindən çıxardığı qara plastik paketə dollarları yığdı və sakitcə o evdən çıxdı.

 

* * *

 

Aeroporta çatanda artıq səhər 6 idi. Sənədlərini alacaq adam onu gözləyirdi artıq. Yaxınlaşdı, salamlaşandan sonra keçib yolun kənarında dayanan maşına əyləşdilər. 

- Pulu gətirmisən? - Səidə müraciət etdi. 

Cibindən 5 min dolları çıxarıb verdi, o isə həmin dəqiqə pulu saymağa başladı. Sonra Səidə pasport, təyyarə biletlərini uzatdı. 

- Yeni adını bəyəndin? - Sənədlərə baxarkən Səiddən soruşdu. 
Səid isə cavab vermədən gülümsündü, onunla sağollaşdı və aeroporta daxil oldu. Qediyyat masasına yaxınlaşdı və növbəsini gözlədi. 

- Mustafa Fərhat, haraya gedirsiz? - Yekəpər və üzündən mürdəşirlik yağan kişi Səiddən soruşdu. 

- Doha, ordan isə Nyu Yorka. - onun sualına gülümsəyərək cavab verdi. 

- Baqajınız yoxdur? - növbəti sual gəldi. 

- Yoxdur, getdiyim yerdə ona ehtiyac yoxdur. - Səid gülümsəyərək yenə cavab verdi. 

Qeydiyyatı, yoxlamanı keçəndən sonra bir müddət gözləmə zalında oturdu və minik başlayanda təyyarəyə ilk daxil olanlardan ordu. Hələ də yeni həyata başlayacağına, öz ölkəsindən çox uzaqda xoşbəxt olmaq ehtimalının olmasına inana bilmirdi. Son anda nəsə baş verəcəyinə dair içində narahatlıq var idi. 

Təyyarənin qapısı bağlandı, uçuş elan olundu, kəmərini bağladı və təyyarə qalxaraq buludların içində gözdən itdi. Artıq heç bir şübhə qala bilməzdi. Yeni həyat onu gözləyirdi. 

 

 

Yusif Hansen

 

Vyana, 2017.

 

 Şrift:
 
                     Aslan  Quliyev
                                          
                                            Duman
 
                                          (hekayə)
 
   "Səsləri eşitməli,   duymalı, görməlisiniz" - qoca onlara deyirdi.
Səsləri   eşidir, duyurdular. Küləyin,   dumanın, kəpənək qanadının səsini, dovşan ayaqlarının otlar üzərində çıxardığı səsi, düşən yarpaqların səsini, üşüyən ağacların, ötən buludların, titrəyən otların səsini. Amma  eşitdikləri, duyduqları səsləri görmürdülər.
Qoca, Mahirə tarda, Tahirə kamançada çalmağı, ona isə oxumağı öyrədirdi.  Siz barmaqlarınızı, sən də boğazını qorumalısan deyirdi. Mahirlə Tahirə   işləməyi, idmanla məşğul olmağı qadağan eləmişdi, qışda əlcək geyir, yayda günəş altına çıxmır, əllərini    soyuq,   isti suyla yumurdular. Ona da isti, soyuq, duzlu, turş, yağlı yeməyi, içməyi qadağan eləmişdi. Soyuqda qalın yun şərf bağlayır, istidə yelçəkəndə oturmurdu.

Ardını oxu...

 Şrift:



Bu da son... Adətən hadisə, başdan sona doğru anladılır. Ancaq bu hekayədə hər şey tərsinə olacaq. Çünki zaman da, məkan da, insanlıq da olmalı olduğu kimi deyil, tamam tərs məqamlardadırlar...

 

    Cenni son zərbəni endirdikdən sonra Mayklın kəsik başı onun ayaqları altına fırlandı. Cenni artıq ondan qorxmurdu. Bəli. Məhz belə idi. Hətta bu xəstə ruhlu sadistin cansız başına doğru bir müddət baxıb içdənliklə gülümsədi də...

 

    Budur: güllə atıldı və Cenni yara almadan yerə sərildi. O, bunu böyük çətinliklə edə bildi. Maykl “MAGNUM” markalı tapançadan Cenniyə atəş açdığını və onu vurduğunu yəqin etsə də nəticədə Cenninin sağ qaldığını gördükdə çox təəccübləndi və ikinci hücum üçün hazırlaşdı. Ancaq Cenni bir əlindəki tapançada güllə olmadığını çoxdan yəqin etdiyi üçün digər əlindəki qılıncla dərhal – boşa bir saniyə də itirmədən ona doğru hücum etdi...

 

    Artıq otaqda onlardan başqa kimsə yox idi. Cenni fürsətdən istifadə edib ani baxışlarıyla otaqdakı əşyaları gözdən keçirdi. Aha. Deyəsən, nəsə tapdı axı. Bəli. Otağın sağ küncündə ona lazım olan “SAMURAY” qılıncı və bir köhnə markalı tapança vardı. Və Cenni ani hərəkətlərlə onları necə götürəcəyini düşünərkən Maykl əlindəki silahıyla onu hədələdi:

 

- afərin, deməli sənin üçün hazırladığım xüsusi tələlərdən qurtula bilmisən? – Maykl eqoist baxışlarıyla Cennini süzdü və davam etdi – nədir, oyunun ardını burda davam etdirək, nə deyirsən?

 

- mən səni öldürməyə gəlmişəm, Maykl. Oyun oynamağa isə vaxtım yoxdur. – bir gözü otaqdakı silahlarda qalan Cenni sərt üz ifadəsiylə bildirdi.  

 

    Maykl yenə pis-pis gülümsəməyə davam etdi və silahındakı şəhadət barmağını çaxmağa sıxaraq silahı düz Cenninin ürəyinə doğru nişan aldı. Ancaq o anda Cenni bir ildırım kimi yerindən sıçradı və otağın sağ küncündəki qılıncla tapançanı götürməyə macal tapdı...

 

    Cenni binaya doğru sərt-sərt baxdı və qarşısındakı dəhlizə cəld girdi. Vaxt itirmədən üçüncü mərtəbəyə qalxmaq üçün pilləkənlərə doğru getdi. Dəhlizdə kimsə yoxdu və sanki hər şey öz axarında gedirdi... Nəhayət, Cenni üzərində “MAYKL CONOTAN” yazılan qapı ilə üz-üzə gəldi. Beynində dəqiq bir şey yoxdu, ancaq o, bu an mənfur düşmənindən intiqam alacağına inanırdı. Bir neçə saniyə sakitcə durub qapıya baxdı. Nəsə fikirləşdi. Bəli. Onun silahı yox idi. Bəs qapı açılanda nə edəcəkdi?... Cenni başından bütün əks fikirləri qovdu və qapını sərt yumruğuyla döyəclədi...

 

    Cenni dərhal ayağa qalxıb otağı ələk-vələk etsə də, nə bir silah, nə də üzərində Mayklın yeni ünvanı (Maykl son olaydan sonra Cennidən gizli başqa bir evə köçmüşdü) yazılan dəftər, adi kağız parçası belə tapmadı. Amma son olaraq yenicə boğaraq öldürdüyü adamın ciblərinə baxmağa girişdi. Elə bir neçə saniyə içində cibindən bir bloknot tapdı. Bloknotu açıb baxdığı zamansa üzü böyük sevinclə dolu gülümsəməyə qərq olmuşdu... Birdən çılpaq olduğunu xatırladı və dərhal otaqdakı qarderobdan özünə bir şeylər axtarmağa qərar verdi...

 

    Cenni özündən cüssədə ağır və qol gücündə dəfələrlə yüksək olan daz, qulağı sırğalı, boynu ilan döyməli adamı ayaqlarıyla boğmağa davam edirdi. Çılpaq olması və olduqca cazibədar bədəni hazırda ona çox kömək edirdi. Çünki qarşısındakı düşmən kişi idi və cinsi tələbatı həddən artıq olan biri idi. Odur ki, Cenninin ayaqları arasından qurtulmaq fikrindənsə o, tamam başqa xəyallara qapılmışdı. Baxmayaraq ki, nəfəsi getdikcə daralır və gözlərinin qabağı qaralırdı. Amma deyəsən, bu acgöz keçəl, Cenninin məhrəm yerlərini görərək, həm də bilavasitə canlı təmasda olaraq canını tapşırmaqdan həzz alırdı...

 

    Cenni öncə nisbətən arıq və cılız olan adama girişdi: onu iki ani əl-ayaq hərəkətləriylə çaşdırdı. Sonra qəfildən havaya qalxıb ard-arda iki güclü təpik endirdi sifətinə. Adam yerə səriləndə başı təsadüfən bir mebel çıxıntısına dəydi və oradaca keçindi. Ardından digər iri bədənli olan kişiyə bərk bir yumruq vurdu və otağın küncünə doğru çəkildi. Özünü qorumağa çalışırdı. Lakin bir yandan çılpaq olması düşüncələrinə təsir edirdi. Sırayla dörd kişi tərəfindən zorlanmasına baxmayaraq o hələ də çılpaq olmasından, yad kişinin qarşısında dayanmasından utanırdı. Qarşısındakının halısa olduqca betər idi. Çünki indi o, Cennini tutmaq və ya döymək barəsində deyil, daha çox lüt bədəninə baxmaqla məşğuldu. Elə bunu fürsət bilən Cenni ani sıçrayışla ona hücum etdi...

 

    Tamamən halsızlaşan Cennini bir evə gətirdilər. Maykl telefon vasitəsiylə adamlarına dönə-dönə tapşırdı ki, nə badə onu gözdən qoyalar, o, çox ağıllı və sərrast qadındır, ehtiyatlı olsunlar. Bu qənaətə üç illik sevgili həyatında gəlmişdi Maykl və demək olar ki, Cennini çox yaxşı tanıyırdı... İki nəfərdən ibarət qrup onu çarpayıya uzatdı və başçılarından gələcək olan yeni əmri gözləmək üçün hərə bir tərəfə çəkildi. Digər iki nəfərsə Mayklın qaçaqmal ilə bağlı yeni xüsusi tapşırığını yerinə yetirmək üçün limana yollandı... Bir neçə saatdan sonra Cenni oyandı. Səsini çıxarmadan evə ani bir nəzər yetirdi. Sonra özündə təpər tapıb ayağa qalxdı. Əynində heç nə olmasına baxmayaraq indi o, ancaq və ancaq odlu, alovlu intiqam haqqında düşünürdü. Ehtiras dolu intiqam, ona illər öncə məktəbin yuxarı sinfində oxuduğu zaman məşğul olduğu əlbəyaxa döyüş idman növünü xatırlatdı...

 

    İki nəfər Cennini arasına alıb durmadan döyür və əynindəki paltarlarını cırırdılar. Digər iki nəfərsə maraqlı bir filmə baxırmış kimi onu izləyərək qıraqda dayanmışdılar. Cenninin az öncə qəbul etdiyi içkinin, içkisinə gizlicə qatılan sabitləşdirici dərmanın təsiri güclü olduğundan o, nə düşündüsə də düşməninə yenildi. Qollarında, qıçlarında taqət qalmamışdı. Və tamamən çılpaq olduğu zaman kişilər ac köpək kimi dördü birdən dözə bilməyib üzərinə şığıdılar... Bir saatdan sonra bədənində dərin ağrı və beynində sarsıntı izləri vardı. Çünki dörd vəhşi ona acımadan və fasiləsiz olaraq ard-arda təcavüz etmişdi...

 

    Maykl, Cennini adamlarına tapşırıb sərxoş vəziyyətdə depodan ayrıldı. Cenni nə edəcəyini düşünərək ətrafında var-gəl edən ac itlərə bənzər adamlara böyük qorxu hissiylə baxırdı. Və beləcə bir müddət acgöz kişilər bu qadınla oynamağa başladılar: əvvəlcə tutub bir-birinin üstünə atırdılar, sonra incə vücudunu, gözəl bədənini vəhşi kimi əzməyə, “oxşamağa” başladılar. Nəhayət, Mayklın tapşırığıyla bir-birinə bağlı şüşə bloklar olan kiçik bir labirintə gətirdilər onu. Və Mayklın öz otağında kamerayla izlədiyi, aradabir mikrofonla danışdığı əsrarəngiz oyun başladı: oyun zamanı Cenni cürbəcür həşəratlarla, böcəklərlə, zəhərli bitkilərin olduğu sahələrlə qarşılaşdı... Çox iztirab çəkdi, incindi, amma bezmədi, yorulmadı, içində tədricən yaranan intiqam hissi ona bütün çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Ancaq o, qarşıda nə ilə “imtahan” ediləcəyini bilmirdi. Elə bir şey ki, nə edir-etsin əsla dözə bilməyəcəkdi...

 

   Artıq Cenni, qarşısında, sevdiyi, illər öncə aşiq olduğu adamı deyil, tamamən ona yad olan, hətta insanlıqdan çıxmış bir varlığı görürdü... Nə deyəcəyini bilmirdi... Susmuşdu... Bütün hisləri bir anda yox olmuşdu... Vücudu, ruhu donmuşdu... Qadınlıq qüruru alçalmış, məhrəmliyi yox olmuşdu... Namusu tapdanmış, mənliyi kirlənmişdi... Artıq Cenni Şifer tamam başqa birisinə çevrilmişdi...

 

    - bu nə deməkdir, Maykl – Cenni böyük sarsıntı içində soruşdu.

    - heeç... – yataqdan cəld qırağa atlanan Maykl əynini geyinərək düşdüyü bu vəziyyətdən çıxmaq istəyirdi.

 

    Yataqda isə çılpaq vəziyyətdə başqa qadın vardı. Qarşılaşdığı bu mənzərə çox ağır idi. Bəli. Qadın üçün kişinin hər qüsuru bağışlanan olsa da xəyanət, özü də doğma evdə, doğma yataqda bir başqasıyla xəyanət... O gün o qadın dərhal evi tərk etdi. Ardından Cenni və Maykl bir müddət mübahisə etdilər. Cenni nə qədər etdisə də Mayklı bağışlaya bilmirdi. Amma üç illik gözəl sevgili həyatlarının üstündən xətt də çəkə bilmirdi... O gecə isə dəhşətli bir şeyin başlanğıcı oldu: Maykl bir dostundan aldığı yeni narkotik maddəni sınadı. Amma qısa zamanda pis günə qaldı: özünü itirdi. Qısa müddətdə dəyişilib başqa adama çevrilmişdi: əslində daxilindəki, içindəkini - gerçək Mayklı ortaya çıxarmışdı o maddə. Hansı ki, hələ Cennilə tanış olmamışdan qabaq bir müddət psixoloji gərginlik yaşayan Maykl sadizmə meyllənmişdi. Ard-arda bir neçə məşuqəsini müxtəlif cür dəhşətli oyunlarla bərbad hala salmışdı... O günü yoluna qoymaq üçünsə birtəhər Cennini dilə tutdu və söhbət etmək üçün yaxınlıqdakı bara getdilər. O barda da Maykl bir dostunun köməyilə Cenninin içkisinə xüsusi maddə qatdı. Sonra onu hamıdan gizlədiyi, qaçaqmal saxladığı özəl deposuna gətirdi. Və burada Cenni nə baş verdiyini anlamağa çalışırdı...

 

    Yataqda Cenni və Maykl qol-boyun olmuşdular: dərindən, içdən, saflıqla bir-birilərinə sevgilərini göstərirdilər. Hər ikisi günahsız ruhlar kimi çılpaq və Məlakələr qədər azad idilər. Özəlliklə durmadan sevdiyinin boynunu, boğazını öpən, dişləyən Cenni hər sevgi inləyişi zamanı daha da gözəlləşir, Mayklın gözündə əvəzi olmayan qadın obrazına çevrilirdi. Ağuşundakı yarına o qədər dərin məhəbbətlə baxırdı ki Maykl, ya da elə hiss etdirirdi Cenniyə, indi bu qadından xoşbəxt kimsə yoxdu dünyada. Canı qədər sevdiyi kişinin qollarında, onun sevgisini, nəvazişini, hətta şirin kobudluğunu: bədəninin bədənini əzməsini, toxunuşunu, nəfəsini duymaq qədər heç bir ayrı özəl duyğu ola bilməzdi Cenni üçün... Fasiləsiz yarım saatdan çox birlikdə cənnət həzzi yaşayan cütlük növbəti yarım saatı yanaşı uzanaraq söhbətləşməklə keçirdi... Bir saat sonra isə hər ikisi yatmışdı... Bir qədər sonra Mayklın telefonuna bir dostundan mesaj gəldi: “QARDAŞ, DEDİYİM QIZI GƏTİRƏCƏM SİZƏ, SƏN VAXTI TƏYİN ET VƏ DİNCƏL”... Beləcə üç illik saf sevginin divarı xəyanət çatlarıyla parçalanmağa başladı. Və bu an sanki zaman durdu, irəli deyil, geri getməyə başladı: hər şeyin necə başladığı və səbəblərin yarandığı o ilk ana...

 

6 mart 2017
 Şrift:
                                   
                                                        Ağ xallı əlcək  

                                           
     hekayə  
                  
 
            Bu ilki qış doğrudan da əsl qış oldu. Çoxdan idi belə qar görmürdük, əməlli-başlı qara həsrət qalmışdıq. Lap qarın dadını çıxarmalı vaxt idi. Evlərin damı, ağaclar, həyət-baca, çöllər – hər yer ağapaq örpəyə bürünmüşdü. Qarın ağırlığından həyətdəki ağacların budaqları əyilmişdi, bəzi ağacların budaqlarına dayaqlar dayamışdıq, yoxsa qırılıb tələf olardı. Qışın bu mənzərəsi məni xatirələr qoynuna aldı, çox-çox keçmişə - düz qırx doqquz il əvvələ apardı.

Ardını oxu...

 Şrift:


                                         Qarda qan izi

                                                   (psixoloji-mistik hekayə)
 
                Ruhi-əsəb problemi olanların, ürək narahatçılığı yaşayanların oxuması məsləhət görülmür... Hekayə, tarixi, elmi faktlarla yanaşı, müstəqil yazar təxəyyülünün məhsuludur.
 
    Soyuq, şaxtalı bir qış gecəsiydi. Dağın ətəyində güclü külək əsməsinə baxmayaraq hər yerdə sakitlik hökm sürürdü. Ətraf süd kimi ağ qar idi. Səmadan yerə doğru sanki dərin bir hüznlə baxan ay, gecənin qaranlığında daha da vahiməli görünürdü. Külək isə elə hey əsir, sıra-sıra bitən, artıq çoxdan yarpaqlarını tökmüş ağacları tərpədirdi. Dağın bir tərəfi qalın meşəlik olsa da bu dəqiqə gözə heç bir heyvan dəymirdi. Adətən bu vaxtı qış yuxusuna gedən heyvanların ayaq izləri də yox idi yan yörədə. Ətrafdakı bu tük ürpədici sükutu isə yalnız sanki kiməsə, nəyəsə hirslənmiş küləyin səsi pozurdu. Hə... Bir də uzaqlardan gələn, ancaq dumanlı bir kölgə kimi görünən naməlum şəxsin varlığı...
      O, hündürboy, enlikürək, ayaqlarına uzun, enli çəkmə geymiş, əynində qalın qış kurtkası olan, başına tüklü qalın papaq qoymuş gizəmli insanın ancaq yaxınlıqdan haradasa 20-30 sm. qalınlığında qar yığınına basarkən çıxardığı “xış-xış” ayaq səslərini eşitmək olardı. Bunun özü belə fərqli tərzdə vahiməli mühit yaradır, o an orda olan insan üçün sanki hər hansı şöhrətli qorxu filminin içində kimi hiss etdirirdi...
      Naməlum insan dağın ətəyinə çatdığı zaman qəfil duruxdu. Çiynindən asdığı tüfəngini dərhal aşırıb ətrafa diqqətli tərzdə nəzər yetirməyə başladı. Bir qədər izlədikdən sonra dərin sükuta qərq oldu və qarşısındakı mənzərəyə şok olmuş şəkildə uzun-uzun baxdı. Düz ayaqlarının altında, yetkin insanın əli boyda yerə qan sıçramışdı.

Ardını oxu...

Sayğac